CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Yol hərəkəti haqqında" qanuna dəyişiklik: Kim sürücülük hüququndan məhrum edilə bilər?

Hazırda "Yol hərəkəti haqqında" qanunda skuterlərin idarəedilməsi ilə bağlı heç bir məsələ öz əksini tapmayıb.
Sputnik
BAKI, 29 oktyabr — Sputnik. Azərbaycanda "Yol hərəkəti haqqında" qanuna yenidən dəyişikliklər olacaq. Bu barədə Sputnik Azərbaycan-a Baş Dövlət Yol Polisi İdarəsindəki mənbədən məlumat verilib.
Mənbənin bildirdiyinə görə, "Yol hərəkəti haqqında qanun"a bir sıra əlavələr ediləcək. Belə ki, hazırda "Yol hərəkəti haqqında" qanunda skuterlərin idarəedilməsi ilə bağlı heç bir məsələ öz əksini tapmayıb. Təklif edilən dəyişikliklərə görə, qanunda skuterləri idarəetmə yaşı, onların hansı yollarda hərəkəti ilə bağlı məsələlər öz əksini tapacaq.
Həmçinin mopedlərin və velosipedlərin idarə edilməsi ilə bağlı da qanuna müəyyən əlavələr nəzərdə tutulub.
Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında "Yol hərəkəti haqqında" qanuna dəyişikliyin zamanın tələbi olduğunu bildirib. E.Muradlı deyib ki, hazırkı "Yol hərəkəti haqqında" qanunda bir sıra boşluqlar var ki, onlar aradan qaldırılmalıdır.
Ekspert bildirib ki, dəyişdirilməsi zəruri olan məsələlərdən biri narkotik istifadə edərək sükan arxasına əyləşən sürücülərlə bağlı olmalıdır:
"Bizim də bu qanuna dəyişikliklərlə bağlı təkliflərimiz var. Hazırda qanun sərxoş sürücü ilə narkotik istifadə edən sürücüyə eyni cəza nəzərdə tutub. Biz təklif edirik ki, narkotik istifadə edib avtomobil və ictimai nəqliyyat vasitəsi idarə edənlərin cəzası daha da sərtləşdirilsin. Onlar tam sağalanadək sürücülük hüququndan məhrum edilsin".
E.Muradlı həmçinin bildirib ki, avtoxliqanlıqla bağlı da qanuna dəyişiklər olmalıdır.
Qeyd edək ki, "Yol hərəkəti haqqında" qanuna son dəyişiklik bu ilin fevral ayında edilib.
Həmçinin oxuyun:
Bakıda mikromobil nəqliyyat: skuterləri də icarəyə götürmək olacaq
Bakıda velosiped və skuter icarəsi sistemi tətbiq oluna bilər