TƏHSİL

"Təhsil haqqında" qanuna mühüm dəyişiklik qəbul edilib

Qanuna edilən dəyişikliyə görə, yüksək texniki peşə təhsili səviyyəsi üzrə peşə təhsili haqqında dövlət sənədi ali təhsil müəssisəsinə daxil olmaq hüququ yaradır və növbəti təhsil pilləsində ali təhsil almaq üçün əsas sayılır.
Sputnik
BAKI, 29 oktyabr — Sputnik. Peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədris kredit sistemi ilə təşkil olunur. Peşə təhsilini başa vuran məzunlara müvafiq qaydada təhsil haqqında dövlət sənədi – diplom və ya sertifikat verilir.
Sputnik Azərbaycan xəbər verir ki, bu, Milli Məclisdə müzakirəyə çıxarılan "Təhsil haqqında" qanuna dəyişiklikdə əksini tapıb.
Qanuna edilən dəyişikliyə görə, yüksək texniki peşə təhsili səviyyəsi üzrə peşə təhsili haqqında dövlət sənədi ali təhsil müəssisəsinə daxil olmaq hüququ yaradır və növbəti təhsil pilləsində ali təhsil almaq üçün əsas sayılır.
Yüksək texniki peşə təhsili səviyyəsi üzrə ixtisas proqramlarının müvafiq ixtisaslar üzrə ali təhsil proqramlarına uyğunluğu təmin edilir və bu təhsil səviyyəsini müvəffəqiyyətlə başa vuran məzunların – subbakalavrların topladıqları kreditlər bakalavriat səviyyəsinin uyğun ixtisaslarında ali təhsil müəssisələri tərəfindən nəzərə alınır.
Qanuna edilən digər əlavəyə görə, ali təhsil müəssisələrində bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) təhsil səviyyələri üzrə tədris müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kredit sistemi ilə təşkil olunur.
Bir-biri ilə bağlı olan "Təhsil haqqında" və "Peşə təhsili haqqında" qanunlara dəyişiklikləri şərh edən parlamentin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev qeyd edib ki, hər iki sənəddə dəqiqləşdirmə ilə yanaşı mütərəqqi olan bəzi məsələlər də öz həllini tapır.
Belə ki, Azərbaycanın təhsil üzrə milli kvalifikasiyalar çərçivəsinə görə, yüksək texniki peşə təhsili və orta ixtisas təhsili kvalifikasiyalar çərçivəsinin beşinci səviyyəsinə uyğundur. Azərbaycanın milli təhsil standartına görə isə milli kvalifikasiyalar çərçivəsinin beşinci səviyyəsi ali təhsilin qısa dövrü kimi müəyyən edilib. Beləliklə, istər texniki peşə təhsili, istərsə də orta ixtisas təhsili subbakalavr kimi qanunda təsbit edilib və bunların hüquqları bərabərləşdirilib.
"Təhsil haqqında" qanuna təklif olunan dəyişikliklər yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədrisin təşkilində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada kredit sisteminin tətbiqi və bu təhsil səviyyəsi üzrə subbakalavrların topladıqları kreditlərin ali təhsil müəssisələrində nəzərə alınması məqsədi daşıyır.
"Peşə təhsili haqqında" qanunda edilən dəyişiklik isə peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsini müvəffəqiyyətlə başa vuran məzunların (subbakalavrların) topladıqları kreditlərin bakalavriat səviyyəsinin uyğun ixtisaslarında ali təhsil müəssisələri tərəfindən nəzərə alınmasını, yüksək texniki peşə səviyyəsi üzrə peşə təhsili haqqında dövlət sənədinin ali təhsil müəssisəsinə daxil olmaq hüququ yaratmasını və növbəti təhsil pilləsində ali təhsil almaq üçün əsas sayılmasını nəzərdə tutur.
Hər iki qanuna dəyişikliklər ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.
Həmçinin oxuyun:
Bu qanun yenə dəyişdirilir
Peşə təhsili kredit sistemi ilə təşkil olunacaq