BAKI, 27 oktyabr — Sputnik. Hazırda Ermənistan, Rusiya və Azərbaycan liderlərinin görüşü gözlənilmir. Bunu hökumət saatında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Moskvada Azərbaycanla sərhədin demarkasiyasına dair üçtərəfli sənədin guya imzalanması ilə bağlı şayiələri şərh edərkən deyib.
Əvvəllər bir sıra KİV-lərdə belə məlumatlar yer almışdı, lakin Ermənistan Xarici İşlər Nazirliyi həmin vaxt bu xəbərləri təsdiq etməmişdi.
Onun sözlərinə görə, hazırda müxtəlif formatlarda görüşlər üçün müxtəlif təkliflər müzakirə olunur. Mirzoyan bu görüşlərdən birinin yekununda sənədin imzalana biləcəyini istisna etməyib. Amma Ermənistan mətbuatında haqqında bəhs edilən sənədlərin imzalanması dəqiq nəzərdə tutulmur.
Söhbət "Aliq Media"da dərc olunan məqalədən gedir. Həmin məqalədə deyilir ki, Ermənistan və Azərbaycan noyabrın 9-da Moskvada iki yeni sənəd imzalayacaqlar (birincisi - Sovet Baş Qərargahının 1920-ci illərdəki xəritələri əsasında sərhədin delimitasiya və demarkasiyasına aiddir, ikincisi - regionda kommunikasiyaların blokdan çıxarılmasına).
Eyni zamanda, Mirzoyanın fikrincə, bu cür görüşlər müharibənin humanitar nəticələrini, ilk növbədə hərbi əsirlərin və saxlanan mülki şəxslərin geri qaytarılmasını, eləcə də erməni mədəni irsinin qorunub saxlanmasını, münaqişə bölgəsində gərginliyin azaldılması məsələlərini müzakirə etmək üçün əlavə imkandır.
"Belə görüşlər nəticəsində adətən razılaşdırılmış mətnlər dərc olunur, erməni nəşrinin yazdıqları deyil", - Mirzoyan deyib.
O əlavə edib ki, aydın səbəblərə görə danışıqların təfərrüatlarını açıqlamaq olmaz, lakin bağlı qapılar arxasında keçirilən görüşlərdə Ermənistan tərəfinin ifadə etdiyi mövqe Nikol Paşinyanın rəhbərlik etdiyi hakim komandanın ictimai mövqeyinə tam uyğundur.
Həmçinin oxuyun:
Azərbaycan və Ermənistan arasında iki yeni sənəd imzalanacaq – Tarix bilindi