BAKI, 26 oktyabr — Sputnik. Babası 1918, atası 1942, oğlu 1994-cü ildə şəhid olan Göyçayın Ləkçıplaq kənd sakini, 80 yaşlı Arif İsmayılovu siz də tanıyın. Vətən yolunda doğmalarını itirsə də ümidini heç vaxt itirmədiyini deyir. Ürəyi Vətənin keşiyində dayanan igidlərimizlə döyünən Arif baba vaxtaşırı onlara öz zəhməti ilə becərdiyi meyvə-tərəvəzi sovqat aparır.
Arif İsmayılov övladı ilə
© Sputnik / Rashad Rashidov
Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində Arif baba deyir ki, bilirəm, onların buna ehtiyacı yoxdur: “Əsgərlərimiz yeməyindən geyiminə, silahından texnikasına qədər hər şeylə təmin ediliblər. Amma ordumuza mənəvi dəstək hər birimizin borcudur. Həyətimdə yetişən meyvə-tərəvəz bu günə qədər bazara çıxarılmayıb, heç kimə satılmayıb. Halal xoşları olsun, hamısını əsgər balalarıma pay aparmışam”.
Arif İsmayılov hərbi hissədə
© Sputnik / Rashad Rashidov
Arif baba iyirmi dörd ildir ki, əsgərlərə pay aparır. Oğlu İsmayıl İsmayılov Kəlbəcərdə şəhid olandan sonra hər il bir neçə dəfə müxtəlif hərbi hissələrdə gedərək əsgərlərimizə mənəvi dayaq olub. 44 günlük Vətən müharibəsi günlərində də ordumuza dəstəyini əsirgəməyib.
Arif İsmayılov
© Sputnik / Rashad Rashidov
“Mənə deyirdilər ki, orada müharibə gedir, yaşlı adamsan, sənin orada nə işin var? Deyirdim ki, yaşından aslı olmayaraq hamı əsgərlərə mənəvi dayaq olmalıdır. Müharibə dövründə bir neçə dəfə müxtəlif ərazilərdə olub hərbçilərimizə dayaq olmuşam. Mən onlara maddi yardım aparmıram, mənəvi dayaq olmağa gedirəm. Qoy görsünlər ki, xalq əsgərinin arxasındadır, xalq əsgərini sevir. O əsgərləri ruhlandırmaq üçün, onların irəli getməsi üçün mütləq gərək cəbhə bölgəsində olaydın və xalqı da özün ilə çağıraydın”, - Arif İsmayılov deyib.
Arif İsmayılov hərbi hissədə
© Sputnik / Rashad Rashidov
Arif babanın həyətindəki mövsüm meyvələri - armud, heyva, nar - dərilərək toplanıb. Bu günlərdə müvafiq qurumlardan icazə alındıqdan sonra Arif baba ötən illərdən fərqli olaraq bu il ilk dəfə işğaldan azad edilən ərazilərdə xidmət edən əsgərlərimizə sovqat aparacaq.
Eləcə də oxuyun:
* Arxa cəbhənin rütbəsiz generalları: "Xocavəndə çatanda gördük, maşınların sayı on dörddür"
* Polad Həşimov barədə bilmədiyimiz gerçəklər onun ailə üzvlərinin dili ilə
* Vətən müharibəsinin ağ xalatlı qəhrəmanı
* Yeganə övladının son xatirəsini qoxlayaraq təsəlli tapır - Daha bir igidin həyat hekayəsi
* "Şuşanı görmədən geri qayıtmağı düşünmürdüm" - cəbhənin görünməyən qəhrəmanı
* Azərbaycanın arxa cəbhədəki qəhrəmanları - Onlar əsgərlərimiz üçün gecə-gündüz çalışırlar