Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 14 dekabr — Sputnik. 44 günlük zəfər tariximizdə arxa cəbhədəki qəhrəmanlarımız da öz şücaəti ilə fərqləniblər. Sputnik Azərbaycan-ın budəfəki həmsöhbəti onlardan biri olan Yadigar Bayramlıdır.
1993-cü il təvəllüdlü Y.Bayramlı jurnalistika ixtisası, eyni zamanda aşpaz peşəsi üzrə təhsil alıb. Hazırda da aşpaz kimi fəaliyyət göstərən Y.Bayramlı oktyabrın 20-dən könüllü olaraq cəbhədə öz peşəsini davam etdirib:
"Sağlamlığımda problem olduğu üçün hərbi xidmətə aparmadılar. Ona görə də bilirdim ki, məni müharibəyə aparmayacaqlar. Mən əslən Şuşadan olduğum üçün o torpaqların azad olunmasında xırda da olsa bir rolum olmasını istəyirdim. Buraya Azərbaycan Milli Kulinariya Assosiasiyası vasitəsilə gəldim. Onlar Müdafiə Nazirliyi ilə birlikdə belə bir təşəbbüslə çıxış etdilər. Beləcə müraciət edərək müharibə zonasına yollandım. Burada həmişə zarafat edirdim ki, gedib Şuşada özümə restoran açacam. Ona görə də Şuşanı görmədən geri qayıtmağı düşünmürdüm".
"Bir aydan çox əsgərlərimiz üçün könüllü aşpaz kimi müharibə zonasında oldum. Biz mülki aşpazlarla bərabər əsgər aşpazlar da yemək bişirirdilər. Biz onlara əlimizdən gələn köməyi edirdik ki, yemək hər zaman keyfiyyətli, doyumlu olsun. Xatırlayıram, bir dəfə başqa mülki aşpazlar bizim yeməkxanaya gəlmişdilər. Həmin günün şorbası lobya şorbası idi. Dedilər ki, heç evdə belə şorba bişirilmir", - deyə həmsöhbətimiz əlavə edir.
O bizə hansı şəraitdə çalışdıqlarından da danışır: "Düşməndən azad olunmuş kənddə yerləşmişdik. Yeməklərimizi ocaqda bişirirdik. Bu çətin olsa da, deyim ki, bu şəraitdə bişən yemək mənə görə daha dadlı olur. Çətinliklər, əlbəttə, olurdu. Gündə 3 dəfə şəxsi heyətə yemək hazırlanmalıydı və bu, asan bir iş deyildi. Səhərlər müxtəlif südlü sıyıqlar hazırlayırdıq. Günorta və axşam isə sulu və quru isti yemək hazırlanırdı. Verilən ərzağa uyğun gündəlik menyu olurdu və çalışırdıq ki, yeməklər hər gün müxtəlif olsun, təkrar olmasın".
O, könüllü aşpaz kimi cəbhəyə gedəndə hər cür çətinliyi nəzərə almışdı: "Burada çalışan mənim kimi bir çox aşpaz var ki, döyüşün ən qızğın yerlərində əsgərlərimiz üçün yemək bişirib, yemək bişirmək mümkün olmayan yerdə onlara əlüstü yeyə biləcəkləri qidalar hazırlayıb. Etiraf edim ki, mənim üçün ilk günlər daha çətin idi. Mühitə, şəraitə öyrəşmək lazımdır. Biz aşpazlar təhlükəsizlik üçün həmişə geridə olurduq. Yəni birbaşa döyüşə girən bölmələrlə əlaqəm olmayıb. Mənim yanımda olan əsgərlər sırf yemək və təminatla məşğul olublar. Çalışdığımız müddətdə əsgərlərimiz və zabitlərimiz bizə hər zaman qonaq kimi hörmət etdilər və buna görə də ora mənə evim kimi rahat idi".
"Bizim birinci məqsədimiz o idi ki, əsgər aşpazlarımız işi elə öyrənsinlər ki, biz olmadıqda belə sərbəst fəaliyyət göstərə, yeməkləri bişirə bilsinlər. Bir çoxu bunu bacarırdı da", - deyə o əlavə edir.
Yadigara ən çox təsir edən hadisə isə işğaldan azad olunan torpaqlarımızda səslənən azan səsi olub: "Mənə təsir edən hadisələrdən biri orada ilk dəfə azan eşitməyim oldu. Səhər yeməyi hazırlamaq üçün oyanmışdım və bir müddət sonra azan səsi eşitdim. Çağırışçılardan biri oxuyurdu. Çox gözəl bir hiss idi".