,BAKI, 25 oktyabr — Sputnik. Azərbaycanda tikinti materiallarının qiymətinin artması birbaşa həm mənzillərin tikintisinə, həm də təmirinə təsir edir. Bir il bundan əvvəl mənzilin 1 kvadratmetrini ortalama 200-220 manata təmir etmək olurdusa, hazırda bu rəqəm 300 manatı keçib. Ölkəyə xaricdən gələn bütün inşaat materiallarının qiymətlərində artım var. Xüsusilə də armatur, taxta və digər inşaat materiallarının qiyməti kəskin bahalaşıb.
Bunu daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev Sputnik Azərbaycan-a mənzillərin təmirinin və evlərin qiymətinin bahalaşmasından danışarkən deyib.
Ekspert bildirib ki, hazırda tikilməkdə olan çoxmənzilli binalarda qiymət artımları müşahidə olunur: "Sonradan tikiləcək çoxmənzilli binalarda da qiymətlərin qalxması qaçılmaz olacaq. İnşaat materiallarının bahalaşmasından əlavə, artıq paytaxt ərazisində çoxmənzilli binaların inşası üçün yararlı torpaq sahələrinin az olması, məhdud olması da qiymətlərə təsir edir. Bu gün eyni ərazidə iki bina - biri tikilir, digərində isə yaşayış varsa, tikilməkdə olan binada mənzilin kvadratmetrinin qiyməti yaşayış olan binadakından ən az 15-20 faiz baha təklif edilir. Çünki xərclər artıb və tikinti şirkətləri məcburən baha tikirlər. Artıq əksər tikinti şirkətləri gözləmə mövqeyi tutublar, yəni bazarda qiymət formalaşsın, ondan sonra inşa etməyə başlasınlar. Hər halda ustaların da xidmət haqları artacaq".
O qeyd edib ki, uzun illərdir ki, mənzillərin qiymətlərində artımlar müşahidə olunur: "15 il bundan öncə bir ərazidə yeni tikilən binalarda mənzilin kvadratmetri təxminən 700 manat idisə, indi həmin ərazidə bu rəqəm 1200-1500 manatdır. Yəqin, artımlar davam edəcək. Paytaxt ərazisində mənzillərin qiymətinin düşməsi gözlənilmir. Çünki həm torpaqlar məhdudlaşır, həm inşaat materialları bahalaşır, həm də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tikinti şirkətləri üçün təsdiq etdiyi tikinti normativləri (binalararası məsafənin qorunması və s.) var".
"Bahalaşma daha çox yeni tikilən binalarda müşahidə edilir, köhnə binalarda qiymətlər stabil olaraq qalır. Bundan başqa, sərt karantin dövrlərində həyət evlərində kəskin qiymət artımları olub, sərt qapanma dövrlərində həyət evlərinə tələbat artmışdı. Amma bu il isə həyət evlərində qiymətlər stabil vəziyyətinə qayıdıb", - deyə o əlavə edib.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin sentyabrında əvvəlki aya nisbətən ən çox bahalaşan qeyri-ərzaq məhsulları içərisində inşaat materialları, ən çox bahalaşan ödənişli xidmətlər arasında isə mənzillərin təmiri yer alıb.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 625,4 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 72,2 faiz artıb. Betondan yığma tikinti konstruksiyaların istehsalı 2,1 dəfə, emal edilmiş mərmər travertin, alebastr və onlardan məmulatların istehsalı 58,1 faiz, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 53,1 faiz, tikinti gipsinin istehsalı 46,9 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 36,4 faiz, tikinti kərpicinin istehsalı 22,8 faiz, tikinti əhənginin istehsalı 9,1 faiz artıb, asfaltın istehsalı isə 15,6 faiz azalıb.
Onu da bildirək ki, avqust ayında kəsilmiş taxtanın bir kubmetrinin qiyməti orta hesabla 435 manatı ötüb. Bir il əvvəl ölkədə taxtanın qiyməti 311 manat olub. Ötən 12 ayda taxtanın bir kubmetrinin qiyməti 124 manat və ya 40 faiz artıb.
Eləcə də oxuyun:
* Eldar Əzizov: memarlar müasir tələblərə cavab verən layihələr hazırlamalıdır
* "Tikintiyə icazələrin verilməsi" üzrə işçi qrupunun iclası olub
* Mərkəzi Bank kredit və dividend faizləri arasındakı yüksək fərqi izah edib
* Yanacağın qiymətinin tez-tez bahalaşması Azərbaycanda maşın bazarını iflic edir