BAKI, 25 oktyabr — Sputnik. Bu günlərdə Səhiyyə Nazirliyi müəllimlərə üçüncü doza ("buster" doza) ilə peyvəndlənməni tövsiyyə edib. Məlumatda bildirilir ki, koronavirusun daha yoluxucu "Delta" ştammının gündəmdə olması, bundan əlavə, mövsümlə əlaqədar havanın dəyişməsi epidemiyanın daha geniş yayılması riskini artırır. Belə olan halda xəstəliyə qarşı immuniteti artırmaq üçün 3-cü (buster) dozanın vurulması ehtiyacı yaranır. Bunları nəzərə alaraq, Səhiyyə Nazirliyi hər 2 doza vaksin olunmuş müəllimləri ikinci dozadan 6 ay keçdikdən sonra üçüncü doza ("buster" doza) ilə peyvəndlənməni zəruri hesab edir.
Bəs görəsən, iki doza vaksin olunmuş müəllimlərə üçüncü doza koronavirus əleyhinə vaksinin vurulması onları bu virusa yoluxmadan nə qədər qoruyacaq?
Bu suala cavab tapmazdan öncə qeyd edək ki, hazırda məktəblərdə çalışan müəllimlərin 80 faizi iki doza peyvənd olunan müəllimlərdir. Amma buna baxmayaraq iki doza vaksin olunmuş müəllimlər arasında da virusa yoluxanlar var.
İnfeksionist Fərrux Sədirov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, iki doza vaksin olunmuş müəllimlər arasında koronavirusa yoluxma hallarının olması, onların üçüncü doza peyvənd olunmamasına əsas vermir: "Biz hələ bilmirik ki, koronavirusa yoluxan müəllimlərin nə qədəri iki doza vaksin olunanlardır. Hazırda müəllimlər arasında virusa yoluxma halları qeydə alınsa da, bunun iki doza peyvənd olunmuş müəllimlər arasında neçə faiz olduğu araşdırılmalıdır. İki doza vaksin olunan şəxslər koronavirusa yoluxduğu zaman xəstəliyi o qədər də ağır keçirmirlər".
F. Sədirov deyir ki, vaksinasiyanın əsas məqsədi virusa yoluxmadan da çox ağırlaşma hallarının qarşısını almaqdır.
"Əgər iki doza vaksin olunan müəllim virusa yoluxarsa, bu zaman onda ciddi ağırlaşmalar olmayacaq. Üçüncü doza vaksinin vurulması isə gücləndirici funksiya daşıyır. Müəllimlər şagirdlərlə ünsiyyətdə olurlar. Nəzərə almaq lazımdır ki, bu gün məktəblərdə təhsil alan şagirdlər peyvənd olunmayıblar. Bu zaman şagirdlər müəllimləri virusa yoluxdura bilərlər. Bu halda buster doza vaksin müəllimlərin virusa qarşı immunitetini gücləndirəcək".
Millət vəkili, Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Kamilə Əliyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, peyvənd vurulduqdan bir müddət sonra orqanizmdə anticisimlər azalır. Bu anticisimlərin çox olması məqsədilə müəllimlərin 3-cü doza peyvənd olunması çox əhəmiyyətlidir: "Üçüncü doza vaksinin yaratdığı anticisimlər əvvəlki dozaların davamlılığından üç dəfə artıqdır. ABŞ, Böyük Britaniya və İsrailin elm mərkəzlərində aparılmış elmi tədqiqatlar sübut edir ki, buster doza almış şəxslərdə yoluxmadan qorunma 11, ağırlaşmadadan qorunma 19 dəfə artıqdır. Buster doza vaksin həmçinin koronavirusun yeni yaranmış ştammlarına, eləcə də son zamanlar yaranmış "Delta"ştammına qarşı çox effektiv təsir göstərir. 3-cü dozanın yan təsirlərinə isə çox nadir hallarda rast gəlinir. Bu hal qeydə alındıqda belə, bir və ikinci dozaların yan təsirlərindən fərqlənmir. Ona görə də xüsusilə risk qrupuna aid olan şəxslərin, yaşı 50-dən yuxarı olan şəxslərin buster doza vaksin vurdurmalarını tövsiyə edirəm".
K.Əliyeva deyib ki, iki doza vurulmuş müəllimlərin 3-cü doza peyvənd olunmasına xüsusi ehtiyac var: "Çünki müəllimlər işləri ilə bağlı şagird və valideynlərlə ünsiyyətdə olurlar. Onların sağlam olması məhz cəmiyyətin sağlam olması deməkdir. İkinci dozanı 6 ay öncə vurduran müəllimlər bu müddətdən sonra buster doza qəbul edə bilərlər".
Məktəblərdə son durum
Bildiyimiz kimi, Nazirlər Kabinetinin tədris və təlim-tərbiyə prosesinin təşkilinə dair müvafiq qərarına əsasən, sentyabrın 22-dən I-IV, sentyabrın 29-dan isə V-XI siniflər üzrə, eləcə də bütün təhsil müəssisələrində əyani tədrisə başlanılıb. Bu müddət ərzində təhsil müəssisələrində tədris prosesi xüsusi karantin rejiminin qaydalarına uyğun təşkil edilib. Ümumtəhsil məktəblərində çalışan təhsil işçilərinin 80 faizdən çoxu COVID-19-a qarşı hər 2 doza vaksin olunub.
Müvafiq qaydalara uyğun olaraq məktəblərdə koronavirusa yoluxma qeydə alındığı halda Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya mərkəzlərinin rəyi əsasında lokal bağlanmalar barədə qərar qəbul edilir. Belə ki, ölkə üzrə tədrisə başlanılan tarixdən indiyədək 4432 ümumi təhsil müəssisəsindən 19 məktəb (0,4 faiz), 89 674 sinifdən 505 sinif (0,6 faiz) distant formaya keçirilib. Bu siniflərdən 72-də əyani təhsil forması artıq bərpa edilib. Son məumata görə, 433 sinif distant formada tədrisə davam edir. 1 595 108 şagirddən 3477-si (0,2 faiz), məktəblərdə çalışan 229 871 nəfər heyətdən 2494-ü (1 faiz) COVID-19-a yoluxub. I-IV siniflər üzrə yoluxma sayı 637 nəfər, V-IX siniflər üzrə 1755 nəfər, X-XI siniflər üzrə yoluxma sayı isə 898 nəfər təşkil edib.
Şagirdlər arasında yoluxma halları nəzərə alınaraq, valideynlərə müvafiq tibbi göstərişləri olan 12 yaşdan yuxarı yeniyetmələri vaksinasiyaya cəlb etmək tövsiyə olunur. Yeniyetmələrin vaksinasiyası hər iki valideynin razılığına əsasən Bakı Sağlamlıq Mərkəzində həyata keçirilir.
Qeyd edək ki, Təhsil Nazirliyinin son məlumatına görə, hazırda ümumtəhsil məktəblərində tədris prosesi müvafiq qaydalara uyğun şəkildə davam etdirilir və yaxın həftələrdə bütün təhsil müəssisələrinin distant tədris formasına keçidi planlaşdırılmır. Ənənəvi tədrisin davamlı olmasını təmin etmək üçün sosial məsafəni gözləmək, sanitar-gigiyena qaydalarına əməl etmək önəmlidir. Növbəti həftələrdə də yoluxma halları baş verdikdə siniflərin, daha kütləvi yoluxma olduğu təqdirdə isə məktəblərin distant təhsilə keçirilməsi prosesi davam etdiriləcək və bu barədə ictimaiyyətə mütəmadi məlumat veriləcək.
"Buster" doza
Məlumat üçün bildirək ki, "Azərbaycan Respublikasında "COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam edir. Avqust ayından etibarən ölkədə "buster" dozanın da vurulmasına başlanılıb. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən verilən məlumata görə, COVID-19 xəstəliyinə yoluxmuş və "İmmunitet sertifikatı" əldə etmiş şəxs 6-cı aydan başlayaraq, yəni sertifikatın qüvvədə olma tarixi bitdikdən sonra 56 gün müddətində "buster" doza vurdura bilər. "Buster" dozanı vurdurmaqla vətəndaş "İmmunitet sertifikatı"nın müddətini müddətsiz olaraq uzadır. Yoluxmadan 5 ay sonra vaksinasiya üçün randevu.its.gov.az saytı üzərindən onlayn növbə götürülə bilər. Əgər "buster" dozanı vurdurmaq üçün tələb olunan vaxt yəni ki, 56 gün ötürülərsə, o zaman "Peyvənd" sertifikatı əldə etmək üçün hər iki doza vaksin vurulmalıdır. Belə ki, vətəndaş 1-ci dozadan 28 gün sonra 2-ci doza peyvənd vurduraraq "İmmunitet sertifikatı"nı "Peyvənd sertifikatı" ilə əvəz edə bilər.
Eləcə də oxuyun:
* Azərbaycanda koronavirus: rəqəmlərdə azalma var
* Nazirlik hamilə qadınlara Pfizer-lə peyvənd olunmağı tövsiyə edir
* "Pfizer-BioNTech" peyvəndi uşaqlara necə vurula bilər?
* Həkim deputatdan vaksinlərlə bağlı əhaliyə müraciət
* Səhiyyə Nazirliyi: Müəllimlərə üçüncü doza vaksin vurulmalıdır
* Ekspertiza rəyi: Xudatda şagird koronavirusdan deyil, ürək çatışmazlığından ölüb
* Distant təhsil nəyi dəyişəcək? Yoluxanlar azalsa da, təhsilin keyfiyyəti...