QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Bakıda hərbi parad olacaq?

2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirilib.
Sputnik
BAKI, 24 oktyabr — Sputnik. Son günlər sosial şəbəkənin Azərbaycan seqmentində Noyabrın 8-i Zəfər günü ilə bağlı Bakıda hərbi paradan keçirilməsinə dair məlumatlar yayılmaqdadır. Lakin hələlik bununla bağlı rəsmi məlumat verilməyib. Sputnik Azərbaycan məsələ ilə bağlı hərbi ekspert Ədalət Verdiyevin fikirlərini öyrənib.
Ədalət Verdiyev bildirib ki, Azərbaycanın Ermənistan üzərində qazandığı qələbənin ilk ildönümü, təbii ki, tarixi bir hadisədir: "Mən Qələbənin ilk ildönümünün hərbi paradla qeyd olunacağını düşünürdüm. Lakin hələ də hərbi paradın keçiriləcəyinə dair real siqnallar, bu barədə təsdiqlənən və ya təsdiqlənməyən məlumatlar mövcud deyil.
Düşünürəm ki, ölkə səviyyəsində hərbi parad keçirilməsə belə, güc strukturlarının birlik, hissə və bölmələrində bu möhtəşəm hadisənin qeyd edilməsi üçün tədbirlər planı artıq hazırlanıb və təsdiq də olunub.
Təsdiqlənən tədbirlər planına uyğun olaraq həm Azərbaycan Silahlı Qüvvələrinin bütün vahidlərində, həm də bütün dövlət strukturlarında Zəfərimizin ilk ildönümünə həsr olunan təntənəli tədbirlər mütləq şəkildə keçiriləcək".

İlk Zəfər paradı

Qeyd edək ki, 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Zəfər paradında iştirak ediblər.
“Dəmir yumruq” əməliyyatında - Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər paradına müdafiə nazirinin müavini, “Zəfər” ordenli general-leytenant Kərim Vəliyev komandanlıq edib.
Azərbaycanda "Zəfər paradı" keçirilib
Paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi olub. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirilib.
Həmçinin Vətən müharibəsində qələbə münasibətilə həmin gün axşam Dənizkənarı Milli Parkın ərazisində atəşfəşanlıq olub. Azərbaycanda koronavirusun geniş yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi qaydaları və komendant saatı nəzərə alınaraq, Bakı sakinləri atəşfəşanlığın keçirildiyi əraziyə dəvət edilməyiblər.
Eləcə də oxuyun:
* Müdafiə Nazirliyi ehtiyatda olan hərbçilərin toplanışını keçirəcək
* Müharibədən kadrlar: Ötən ilin bu həftəsi
* XTQ-lərin taktiki-xüsusi təlim başa çatıb
* Ordumuzun "hörümçək adamları" - xüsusi təyinatlıların təlimindən video
* Azad olunan rayonlarda yeni hərbi obyektlər istifadəyə verilib