İQTİSADİYYAT

Kəmaləddin Heydərov ərəb biznesmenləri üçün maraqlı ola biləcək sahələri açıqladı

K.Heydərov iclasın Azərbaycan üçün əlamətdar bir günə - Müstəqilliyin Bərpası Gününə təsadüf etdiyini diqqətə çatdırıb.
Sputnik
BAKI, 18 oktyabr — Sputnik. Bu gün Fövqəladə Hallar Nazirliyində Azərbaycanla Qətər arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın 3-cü iclası keçirilib.
Sputnik Azərbaycan xəbər verir ki, iclas Komissiyanın həmsədrləri – Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Qətərin Baş nazirinin müavini, xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al Taninin iştirakı ilə baş tutub.
K.Heydərov iclasın Azərbaycan üçün əlamətdar bir günə - Müstəqilliyin Bərpası Gününə təsadüf etdiyini və ilk dəfə olaraq bu bayramın ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edildiyini diqqətə çatdırıb. Nazir bildirib ki, 1994-cü ildə əsası qoyulmuş Azərbaycan və Qətər arasındakı diplomatik münasibətlərin bu gün yüksək səviyyədə olması, ölkələrimizin mühüm əhəmiyyətli məsələlərin həllində daim bir-birlərini dəstəkləməsi, habelə beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı hər iki ölkənin mənafeyinə cavab verir.
Azərbaycan və Qətər arasında müxtəlif sahələri əhatə edən yüksək səviyyəli əməkdaşlıq münasibətlərinin əsasında hər iki ölkə liderlərinin siyasi iradəsinin və müdrik uzaqgörənliyinin dayandığını bildirən nazir, Prezident İlham Əliyevin və Qətər əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taninin birgə qərarı əsasında yaradılmış Komissiyanın fəaliyyəti dövrü ərzində ikitərəfli münasibətlərin bir çox istiqamətlərində inkişaf dinamikasının müşahidə olunduğunu qeyd edib.
Komissiyanın yaradıldığı vaxtdan ötən dövr ərzində görülən işlərdən danışan nazir, ölkələrimiz arasında çoxşaxəli əlaqələrin daha da genişləndirilməsi üçün qarşılıqlı səylərin davam etdiriləcəyinə əminlik ifadə edib. O, həmçinin 44 gün davam etmiş Vətən müharibəsi nəticəsində İlham Əliyevin müdrik rəhbərliyi altında qəhrəman Ordumuzun 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olan torpaqlarımızı işğaldan azad etməsi, azad edilmiş ərazilərdə hazırda sürətlə davam edən abadlıq və quruculuq işləri barədə məlumat verib, Qətər iş adamlarını, biznes dairələrini və sərmayəçilərini həmin ərazilərə sərmayələrin yatırılmasına dəvət edib.
SİYASƏT
Azərbaycanla Qətər arasında viza rejimi qalxdı
Bundan əlavə, bu il iyulun 1-də Prezident İlham Əliyevin təməlini qoyduğu Ələt Azad İqtisadi Zonası barədə məlumat verən nazir K.Heydərov, Qətər biznes dairələri və xüsusilə sənaye sahəsini əhatə edən Qətər sərmayəçiləri üçün burada həyata keçirilən layihələrdə iştirakın maraqlı olacağına əminliyini ifadə edib.
Şeyx Məhəmməd bin Əbdülrəhman Al Tani səmimi görüşə görə təşəkkürünü bildirib, Müstəqilliyin Bərpası Günü münasibətilə təbriklərini çatdırıb. O, Birgə Komissiyanın gördüyü işlərin əhəmiyyətini qeyd edərək, ölkələrimiz arasında qarşılıqlı əlaqələrin, o cümlədən iqtisadiyyat, ticarət, investisiya və turizm sahələrində işgüzar əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların mövcud olduğunu, bu imkanlardan qarşılıqlı faydalı əsasda yararlanmaq üçün səylərin davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb. O, iki ölkə liderlərinin müdrik qərarlarına və siyasi iradəsinə söykənərək ölkələrimiz arasında çoxşaxəli əlaqələrin daha da genişləndirilməsi baxımından Komissiyann üzərinə düşən vəzifələrin bundan sonra da uğurla yerinə yetiriləcəyinə əmin olduğunu bildirib.
İclasda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, Komissiya üzvlərinin fikir və təklifləri dinlənilib, müzakirələr aparılıb.
İclasın sonunda Protokol imzalanıb. Sənədi Komissiyanın həmsədrləri imzalayıblar.
Eləcə də oxuyun:
* Prezident Qətər Dövlətinin Baş naziri ilə investisiya qoyuluşunu müzakirə edib
* Ceyhun Bayramov: "Ermənistanın müsbət addımlarına müsbət cavab verəcəyik"