SƏHİYYƏ

Azərbaycanda uşaqlar arasında COVID-19-dan ölüm təhlükəsi var?

K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Allahverdi Musayev deyib ki, hələ Sumqayıtda vəfat edən məktəblinin ölümünə məhz koronavirusun səbəb olduğunu söyləyə bilmərik.
Sputnik
BAKI, 14 oktyabr — Sputnik. Azərbaycanda uşaqlar arasında koronavirusdan ilk rəsmi ölüm faktı valideynlər arasında narahatlığa səbəb olub. İndi valideynləri düşündürən əsas suallardan biri koronavirusun yeni yayılmış ştammının uşaqlar üçün təhlükəli olub-olmadığı ilə bağlıdır. Ölüm hadisəsinin məktəb yaşlı uşaqda baş verməsi isə narahatlıqları bir qədər də artırır.
Sputnik Azərbaycan tədris müddətində uşaqlar arasında koronavirusdan ölüm riskini araşdırıb.
K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Allahverdi Musayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bir uşağın koronavirusdan ölümü valideynləri narahat etməməlidir. Onun sözlərinə görə, ənənəvi tədrisə başlanılarkən uşaqlar arasında koronavirusa yoluxma statistikasının artacağı proqnozlaşdırılsa da, hazırda bunun əksi müşahidə olunur:

"Düzdür, bu gün ayrı-ayrı məktəblərdə şagirdlər arasında koronavirusa yoluxma halları aşkarlanır. Amma bu ciddi narahatlıq yaradacaq səviyyədə deyil. Ölkəmizdə rəsmi olaraq koronavirusdan uşaqlar arasında ilk ölüm halı qeydə alınıb. Biz hələ vəfat edən uşağın ölümünə məhz koronavirusun səbəb olduğunu da söyləyə bilmərik. Bunun üçün patoloji müayinə aparılmalıdır".

A.Musayev deyir ki, Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Əsgərov Kamil İslam oğlunun yanaşı xəstəliklərinin olması məqamına da diqqət yetirmək lazımdır: "Həmin uşağın yanaşı xəstəlikləri olub. Ola bilər ki, COVID-19-a yoluxma ağırlaşmaya səbəb olub. Şagirddə tromboemboliya olması da mümkündür. Çünki o xəstəxanaya ikitərəfli pnevmoniya, kəskin tənəffüs çatışmazlığı diaqnozu ilə daxil olub. Xəstəliklər vaxtında müalicə olunmadıqda ağırlaşma mümkündür".
Həmsöhbətimiz deyir ki, hazırda tədrisin ənənəvi formada davam etdirilməsinə təhlükə yoxdur. Yoluxma olan siniflərin distant təhsilə keçməsi hazırki vəziyyətdə ən düzgün verilmiş qərardır:
"Biz məktəblər açılanda uşaqlar arasında daha çox yoluxma olacağını proqnozlaşdırırdıq. Elə xəstəxanaların hazırlığı da bu proqnozlara əsasən aparılmışdı. Amma bir aya yaxındır ki, məktəblər açılsa da, şagirdlər arasında ciddi yoluxma yoxdur. Ona görə də valideynlərin narahatlığına bir lüzum görmürəm".
İnfeksionist Fərrux Sədirov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bir uşaqda koronavirusdan ölüm halının olması uşaqların kütləvi vaksinasiyasına əsas ola bilməz:

"Nəzərə almaq lazımdır ki, COVID-19-dan dünyasını dəyişən uşaq yanaşı xəstəlikləri olan uşaqdır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da COVID-19-dan ölüm riskinin əsasən yanaşı xəstəlikləri olan uşaqlar üçün olduğunu bəyan edib. Ona görə də, ÜST tərəfindən uşaqlar arasında yanaşı xəstəlikləri olanların vaksinasiyası tövsiyə edilir".

Qeyd edək ki, dünən Səhiyyə və Təhsil nazirlikləri Sumqayıtda koronavirusdan vəfat edən məktəbli ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, Sumqayıt şəhər sakini Əsgərov Kamil İslam oğlu 09.10.2021-ci il tarixində saat 20:05-də təcili tibbi yardımla Sumqayıt şəhər Uşaq Xəstəxanasının reanimasiya şöbəsinə daxil olub. Bu zaman xəstədə yüksək hərarət, boğulma, təngnəfəslik əlamətləri müşahidə olunub.
İlkin diaqnoz "Kəskin bronxit, bronxospazm" təyin edilib, eyni zamanda xəstədən COVID-19 testi götürülüb və nəticə pozitiv olub. Həkimlərin təyin etdiyi son klinik diaqnoz COVID-19, ikitərəfli pnevmoniya, kəskin tənəffüs çatışmazlığı, alimentar piylənmə olub. Oktyabrın 10-dan aparılan kliniki müalicə tədbirlərinə baxmayaraq Kamil Əsgərov növbəti gün, yəni oktyabrın 11-də kəskin ürək-tənəffüs çatışmazlığından vəfat edib.
Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Kamil Əsgərov sonuncu dəfə oktyabrın 5-də dərslərdə iştirak edib. Həmin məktəbdə, həmçinin şagirdin oxuduğu sinifdə COVID-19 infeksiyasına yoluxma halı qeydə alınmayıb. COVID-19 infeksiyasına yoluxmuş xəstələrdə alimentar piylənmənin olması, eləcə də qanda şəkər miqdarının yüksək olması xəstəliyin gedişatına çox mənfi və ağırlaşdırıcı təsir göstərir.
Eyni zamanda xəstənin 5 gün müddətində xəstəxanaya müraciət etməməsi və ev şəraitində müalicə olunması gedişata mənfi təsir göstərib. Cari epidemioloji vəziyyəti nəzərə alaraq bir daha valideynlərdən müvafiq tibbi göstərişləri olan 12 yaşdan yuxarı yeniyetmələri vaksinasiyaya cəlb etmələrini tövsiyə edirik. Qeyd edək ki, yeniyetmələrin vaksinasiyası hər iki valideynin razılığına əsasən Bakı Sağlamlıq Mərkəzində həyata keçirilir.
Məlumat üçün bildirək ki, Azərbaycanda yeni tədris ili başlayandan bu günədək 241 sinif distant təhsilə keçirilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov bildirib. Qeyd olunub ki, onlardan 35-i artıq əyani təhsilə qayıdıb, 206 sinifdə isə distant təhsil davam etdirilir.
Bildirilib ki, Bakı şəhəri üzrə distant təhsilə keçirilmiş 140 sinfin 26-da əyani tədris forması bərpa olunub. 114 sinifdə distant şəkildə təhsil davam etdirilir.
Xatırladaq ki, ölkədə sentyabrın 22-dən 1-4-cü, sentyabrın 29-dan isə 5-11-ci siniflər üzrə, eləcə də bütün təhsil müəssisələrində əyani tədrisə başlanılıb.
Həmçinin oxuyun:
* Sumqayıtda şagirdin ölümü iki nazirliyi hərəkətə keçirdi: "Vaksin vurdurun"
* Nazirlik tibb işçiləri və yaşı 50-dən yuxarı olanları 3-cü doza peyvəndlənməyə çağırıb
* Bakıda koronavirusa görə daha bir sinif distant təhsilə keçib
* Azərbaycanda əhalinin 5 milyondan çoxu vaksinasiyadan keçib
* Sərt qapanmalara getmədən Azərbaycanda yaşaya bilirik - ÜST rəsmisi
* Azərbaycanda əhali COVID-19 vaksinlərini məmnuniyyətlə qəbul edir - SN rəsmisi