BAKI, 12 oktyabr — Sputnik. Kremldə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü keçirilir.
Görüşün jurnalistlər üçün açıq olan hissəsində Rusiya prezidenti deyib:
“Biz sizinlə müntəzəm şəkildə əlaqə saxlayırıq, amma əlbəttə ki, lazım olan nəticəni əldə etmək üçün şəxsi görüşlər daha məhsuldar keçir. Ümid edirəm ki, bu dəfə də belə olacaq. Biz formal və qeyri-formal şəraitdə danışıqlar aparacaq, bir yerdə şam yeməyi yeyəcək, gündəmi müzakirə edəcək, perspektivlər barədə danışacağıq".
Yaxın günlərdə MDB ölkələrinin sammitinin keçiriləcəyini vurğulayan Putin Paşinyana öz tövsiyəsini verib:
"İstərdim ki, siz də diqqətinizi buna və əlbəttə ki, qarşılıqlı əlaqələrə, o cümlədən, həm bu gün, həm də uzunmüddətli perspektivdə bölgədə vəziyyətin nizamlanmasına yönəldəsiniz”.
***
19:02
Moskvada Putinlə Paşinyanın görüşü başlayıb
Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü başlayıb.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, görüşdə Putin Paşinyanla daim kontaktda olduğunu bildirib. Rusiya lideri qeyd edib ki, bununla belə, şəxsi görüşlər daha məhsuldar olur.
Qeyd edək ki, iki ölkə liderlərinin Qarabağa dair üçtərəfli bəyanatının reallaşdırılması məsələsini müzakirə edəcəyi gözlənilir.
"Oktyabrın 12-də Moskvada RF Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında danışıqlar baş tutacaq. Görüşdə Rusiya, Ermənistan və Azərbaycan liderlərinin Dağlıq Qarabağla bağlı 9 Noyabr 2020 və 11 Yanvar 2021-ci il tarixli bəyanatlarının yerinə yetirilməsi ilə bağlı məsələlər, eləcə də sabitliyin möhkəmləndirilməsi və iqtisadi əlaqələrin qurulması istiqamətində atılacaq addımların nəzərdən keçirilməsi planlaşdırılır", - deyə Kremlin bu barədə yaydığı məlumatda bildirilirdi.
Xatırladaq ki, Nikol Paşinyan Vladimir Putinlə sonuncu dəfə bu ilin iyulun 7-də görüşmüşdü. Həmin vaxt tərəflər Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli Dağlıq Qarabağla bağlı bəyanatlarının icrasına baxmaqla yanaşı, ikitərəfli strateji tərəfdaşlıq və müttəfiqliyin inkişafının aktual aspektləri, Avrasiya məkanında inteqrasiya birlikləri çərçivəsində qarşılıqlı əlaqələrin artırılması perspektivlərini müzakirə etmişdilər.
Həmçinin oxuyun: