İQTİSADİYYAT

Azərbaycan, Türkiyə və Gürcüstan üçtərəfli komitə yaratdılar

Tərəflərin gömrük xidməti rəhbərləri Komitənin həmsədrləri olacaq, həmçinin bir neçə işçi qrupu yaradılacaq.
Sputnik
BAKI, 9 oktyabr — Sputnik. Azərbaycan, Türkiyə və Gürcüstan hökumətləri arasında gömrük məsələləri üzrə üçtərəfli komitə yaradılıb.
Azərbaycan Dövlət Gömrük Komitəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, oktyabrın 8-də İzmir şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan hökumətləri arasında gömrük məsələləri üzrə üçtərəfli görüş keçirilib.
Görüşdə məqsəd ticarətin asanlaşdırılması, tranzit potensialının artırılması və regional iqtisadi inteqrasiyaya yardım edilməsi və bu istiqamətdə müzakirələrin aparılması olub.
DÜNYA XƏBƏRLƏRİ
Ərdoğan: Bakı-Tbilisi-Qars getdikcə daha önə çıxmaqdadır
Türkiyə Respublikası Ticarət nazirinin müavini, Gömrük Administrasiyasının rəhbəri Rıza Tuna Turaqay gömrük sərhədlərinin mühafizəsində və ticarətin asanlaşdırılması yolu ilə iqtisadi artıma yardım edilməsində gömrük xidmətlərinin rolunun önəminə toxunaraq, görüşün bu və digər sahələrdə üçtərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsinə xidmət etdiyini bildirib.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib ki, Türkiyə, Gürcüstan və Azərbaycan dost və tərəfdaş ölkələr kimi uğurlu inkişaf yolu ilə sürətlə irəliləyir və bu görüş tərəflər arasında əməkdaşlığın bundan sonra da davamlı olacağına əminlik yaradır.
Səfər Mehdiyev Azərbaycanın istər Türkiyə, istərsə də Gürcüstanla bütün sahələrdə, o cümlədən gömrük sferasında əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayıb, yaxın perspektivdə üçtərəfli əməkdaşlığın bu ölkələrin gömrük xidmətləri arasında əlaqələri daha da gücləndirəcəyinə əminliyini ifadə edib.
Gürcüstan Maliyyə Nazirliyi Gəlirlər Xidmətinin Baş direktoru Levan Kakava Türkiyə-Azərbaycan-Gürcüstan əlaqələrinin strateji tərəfdaşlıq müstəvisində inkişaf etdiyini, bütün sahələrdə səmərəli əməkdaşlıq münasibətlərinin qurulduğunu və tərəflərin gömrük orqanlarının da bu əməkdaşlığa töhfə verdiyini diqqətə çatdırıb.
Sonra görüşdə gömrük əməkdaşlığına dair bir sıra məsələlər, o cümlədən gömrük orqanlarının hüquq-mühafizə fəaliyyəti sahəsində və sərhəd-keçid məntəqələrində əməkdaşlığın gücləndirilməsi, beynəlxalq yük daşımaları prosedurlarının rəqəmsallaşdırılması, Türkiyə-Naxçıvan-Azərbaycan-Gürcüstan dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu barədə müzakirələr aparılıb.
İQTİSADİYYAT
Mikayıl Cabbarov: Azərbaycanı texnoloji mərkəzə çevirmək əsas məqsədlərdən biridir
Tərəflər Türkiyə, Azərbaycan və Gürcüstan gömrük orqanları arasında üçtərəfli komitənin yaradılmasının mühüm əhəmiyyət kəsb etdiyini bildirib, operativ əlaqələrin təmin edilməsi məqsədilə əməkdaşlığın daha da gücləndirilməsi barədə razılığa gəliblər.
Eyni zamanda, tərəflər qaçaqmalçılıq və digər hüquqpozmalara qarşı mübarizə sahəsində əməkdaşlığı gücləndirməyə hazır olduqlarını bildiriblər. Qaçaqmalçılığa qarşı mübarizə və təhlükəsizliklə bağlı fəaliyyət sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə birgə əlaqələndirmə mərkəzinin yaradılması razılaşdırılıb.
Görüş iştirakçıları Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə dair sazişin imzalanmasına hazır olduqlarını da bildiriblər.
Tədbirin sonunda Azərbaycan, Gürcüstan və Türkiyə gömrük xidməti rəhbərləri arasında görüşün Protokolu və "Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin yaradılması haqqında Protokol" imzalanıb.
Sənədləri Azərbaycan Respublikası Hökuməti adından Səfər Mehdiyev, Türkiyə Respublikası Hökuməti adından Rıza Tuna Turaqay, Gürcüstan Hökuməti adından Levan Kakava imzalayıblar.
Gömrük Məsələləri üzrə Üçtərəfli Komitə tərəflər arasında əməkdaşlığı əlaqələndirəcək, təşviq və inkişaf etdirəcək, eləcə də əsas əməkdaşlıq sahələrini və istiqamətləri müəyyən edəcək.
SİYASƏT
Paşinyan Ərdoğanın "3+3" təklifinə münasibət bildirdi
Bu Komitə tərəflər arasında - gömrük məsələləri üzrə əməkdaşlığın gücləndirilməsi yollarını və imkanlarını araşdırmaq; sərhəd keçidlərini asanlaşdırmaq, sadələşdirmək və onların təhlükəsizliyini təmin etmək; gömrük siyasəti və prosedurları, icra funksiyaları, modernləşmə proqramları və təchizat zəncirinin təhlükəsizliyi ilə bağlı bilik və qabaqcıl təcrübələri bölüşmək; gömrük məsələlərində hüquq-mühafizə üzrə əməkdaşlıq, qaçaqmalçılığa qarşı birgə operativ tədbirlər görmək və başqa sahələr üzrə əməkdaşlığı əlaqələndirəcək.
Tərəflərin gömrük xidməti rəhbərləri Komitənin həmsədrləri olacaq, Komitənin - gömrük işinin təkmilləşdirilməsi; beynəlxalq əməkdaşlıq və təlim; məlumat mübadiləsi; gömrük hüquq-mühafizə məsələlərində əməkdaşlıq; risklərin idarə edilməsi və statistika üzrə işçi qrupları yaradılacaq.
Onu da bildirək ki, Komitənin iclasları ildə bir dəfə olmaqla növbə ilə keçiriləcək. Növbəti iclasın Bakı şəhərində keçirilməsi razılaşdırılıb.