İDMAN

Rəcəbovun məğlub etdiyi Karlsen turnirin qalibi oldu

Azərbaycan qrossmeysterinə uduzmasına rəğmən, Karlsen çempion turunun finalında qələbə qazanıb.
Sputnik
BAKI, 3 oktyabr - Sputnik. Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov Chess Champions Tour-un onlayn seriyasının final turniri çərçivəsində hazırkı dünya çempionu Maqnus Karlsenə qalib gəlib.
Sputnik Azərbaycan-ın məlumatına görə, Teymur Rəcəbovla Maqnus Karlsenin görüşü onlayn seriyanın final turnirinin yeddinci turu çərçivəsində baş tutub. Oyunun ilk iki partiyası heç-heçə bitib, üçüncü və dördüncü partiyalarda isə azərbaycanlı şahmatçı üstün olub və 3:1 hesabı ilə qalib gəlib.
Digər həmvətənimiz Şəhriyar Məmmədyarov yeddinci turda niderlandlı Aniş Girini məğlub edib - 2,5:0,5.
Onlayn seriyanın final turnirinin yeddi turundan sonra Rəcəbov 21 xal toplayaraq üçüncü yerə çıxıb. Birinci yerdə 28.5 xal toplayaraq turniri vaxtından əvvəl qazanan Karlsendir. İkinci yerdə isə Rəcəbovu cəmi yarım xal qabaqlayan amerikalı Uesli Sou qərarlaşıb.
Şəhriyar Məmmədyarov isə 9.5 xalla turnir cədvəlinin sonunda yer alıb.