CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nəriman Abbasov Həbib Nurməhəmmədovun tələbəsini nokauta saldı

Moskvada Abdulmanap Nurməhəmmədovun xatirəsinə həsr olunmuş turnir çərçivəsində Nəriman Abbasovla Şamil Zavurov arasında keçirilən döyüş cəmi bir raund davam edib.
Sputnik
BAKI, 18 sentyabr — Sputnik. Azərbaycanın MMA döyüşçüsü Nəriman Abbasov Moskvada keçirilən turnirdə keçmiş UFC çempionu Həbib Nurməhəmmədovun tələbəsi, "Dağıstan şiri" ləqəbli Şamil Zavurovu məğlub edib.
Sputnik Azərbaycan-ın məlumatına görə, Moskvada baş tutan MMA (qarışıq döyüş növləri) turniri Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədovun xatirəsinə həsr olunmuşdu. Abbasov həmin görüşdə AMC Fight Nights çempion kəmərini qoruyurdu, Zavurov üçün isə qarşılaşma karyerasında sonuncu oldu.
Döyüş elə birinci raundda texniki nokautla başa çatdı. "Çingizxan" ləqəbli Nəriman Abbasov ilk dəqiqələrdən rəqibinə dəqiq zərbələr endirərək üstünlüyü ələ aldı, Zavurov raundun sonunda təzyiqə davam gətirməyərək oktaqonun döşəməsinə yıxıldı. Abbasov rəqibinə zərbələr endirməyə davam edərkən döyüş dayandırıldı. Beləliklə, Abbasov MMA-da 12-ci dəfə ardıcıl olmaqla 27-ci qələbəsini qazandı. 
Qalib elan edildikdən sonra Nəriman Abbasov qeyd edib ki, qələbəsini mərhum Abdulmanap Nurməhəmmədova həsr edir və rəqibinə hörmətlə yanaşır.
Onu da bildirək ki, döyüşdən əvvəl Həbib Nurməhəmmədov Abbasova Zavurov üzərində qələbə qazanacağı təqdirdə ən prestijli UFC promouşeni ilə müqavilə bağlamağına kömək edəcəyinə söz verib. Nəriman müsahibəsinin sonunda Həbibin vədini yada salıb: "Həbib, çamadanım hazırdır".
Eləcə də oxuyun:
MMA-nı Olimpiya Oyunlarına salmaq daha maraqlı olardı - Həbib Nurməhəmmədov
 MMA döyüşçüsü davaya baş qoşandan sonra ölümcül vəziyyətə düşüb
Nurməhəmmədovu UFC-nin bütün reytinqlərindən sildilər, MakQreqor qayıtdı