İQTİSADİYYAT

Ekspert: Azərbaycan xarici dövlətlərin mallarından gömrük rüsumu tutmaq hüququna malikdir

Sputnik Azərbaycan-a müsahibə verən politoloq Elşən Manafov belə hesab edir ki, İran və Ermənistanın Azərbaycanın qanuni tələblərinə məhəl qoymaması ölkəmizi Nəzarət-Buraxılış-Məntəqəsi (NBM) yaratmağa vadar edib.
Sputnik
BAKI, 16 sentyabr — Sputnik. İrana məxsus yük maşınlarından Azərbaycan sərhədində gömrük rüsumunun tələb olunması ilə bağlı yaranan qalmaqal yeni mərhələyə keçib. İranlı sürücülər, əgər Yerevan problemi bir neçə saat ərzində həll etməsə, yolu bağlayacaqları ilə hədələyiblər. Hazırda Gorus-Qafan yolunda İrana məxsus təxminən 50 ədəd yük maşını toplanıb.
Sputnik Azərbaycan-a müsahibə verən politoloq Elşən Manafov belə hesab edir ki, İran və Ermənistanın Azərbaycanın qanuni tələblərinə məhəl qoymaması ölkəmizi Nəzarət-Buraxılış-Məntəqəsi (NBM) yaratmağa vadar edib.
"Ermənistanı xarici aləmlə birləşdirən iki yol var: biri Basarkeçərdən (Tavuş) Gürcüstana, digəri Zəngəzurdan (Sünik) İrana gedir. Məsələ burasındadır ki, ikinci yolla bu ay ərzində İrandan bu ölkəyə məxsus yük maşınları (Azərbaycan tərəfinin razılığı olmadan) müxtəlif yükləri Qarabağa çatdırmağa başlayıblar. İran və Ermənistanın rəsmi şəxslərinin Azərbaycanın qanuni tələblərinə məhəl qoymamaları ölkəmizi nəqliyyat vasitələrini yoxlamaq üçün Gorus-Qafan yolunda polis blokpostları qurmağa vadar edib", – deyə Manafov bildirib.
Ekspertin sözlərinə görə, əslində, rəsmi İrəvan Naxçıvanla Ermənistan arşında dəmir yolunun tikintisinə icazə versə də, buna maneələr yaradır və sözügedən addım faktiki olaraq Azərbaycan tərəfinin gördüyü cavab tədbirdir.
Digər tərəfdən, Manafov qeyd edib ki, Gorus-Qafan yolu üzərindəki sərhəd məntəqəsində Azərbaycan sərhədçisinə hücum olunması və Ermənistan tərəfinin məsuliyyətsiz hərəkətləri Azərbaycanı təhlükəsizlik tədbirlərini gücləndirməyə vadar edib.
"Ermənistanın Moskva bəyannaməsinə əməl etməməsi, İranın Bakının beynəlxalq hüquq normalarına əsaslanan tələblərini yerinə yetirməməsi Azərbaycanı İran və Ermənistanın tutduğu rəsmi mövqedən narazılığını ifadə edən qərar verməyə yönləndirdi", – deyə Manafov vurğulayıb.
Xatırladaq ki, sentyabrın 12 -də Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Rusiya Federasiyasının Müdafiə Nazirliyinə və Sülhməramlı Qüvvələrin Komandanlığına başqa ölkələrə məxsus nəqliyyat vasitələrinin qanunsuz olaraq Rusiya Federasiyasının sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazisinə keçməsi ilə bağlı məktub göndərib. Məktubda bu kimi halların 10 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikası və Rusiya Federasiyası prezidentləri və Ermənistan baş naziri tərəfindən imzalanan üçtərəfli bəyanata zidd olduğu qeyd olunur və bu cür səfərlərin qarşısının alınması təklif olunur.
"Digər ölkələrin hüquqi və fiziki şəxsləri, onların nəqliyyat vasitələri Azərbaycan Respublikasının razılığı olmadan Azərbaycan ərazisinə daxil ola bilməz və bu cür hallar ölkəmizin qanunlarının pozulması deməkdir", - deyə Müdafiə Nazirliyinin məlumatında bildirir.
Manafov onu da qeyd edib ki, Azərbaycan ərazisinə daxil olan xarici dövlətlərə və ya şirkətlərə məxsus mallardan gömrük rüsumu tutmaq üçün bütün hüquqlara malikdir.
Eləcə də oxuyun:
Hikmət Hacıyev son üç gündə iki dəfə İran səfiri ilə görüşüb: Mövzu Gorus-Qafan yoludur?
Gorus-Qafan yolundakı nəzarət-buraxılış məntəqəsi qaçaqmalçılığın qarşısını alacaq
Paşinyan niyə Azərbaycan toponimlərindən istifadə etdiyini açıqladı
Paşinyan Azərbaycanın qərarını dəstəklədi
Gorus-Qafan yolu ilə Azərbaycan ərazisinə qanunsuz keçən iranlı sürücülər saxlanılıblar
DGK Gorus-Qafan yolunda İran maşınlarından rüsum alınmasına münasibət bildirib