BAKI, 15 sentyabr — Sputnik. Zərdab rayon Mərkəzi Xəstəxanasında koronavirus xəstəliyi əleyhinə aparılan vaksinasiya prosesi zamanı qanunsuzluqlara yol verilməsi barədə daxil olan məlumat əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Bu barədə Zərdab Rayon Prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.
Araşdırma ilə qeyd olunan xəstəxananın Bıçaqçı kənd həkim məntəqəsinin müdiri vəzifəsini icra edən Firuzə Həsənova tərəfindən vətəndaşa vaksin vurulmadığı halda I doza vaksin olunması ilə bağlı rəsmi sənədinə müvafiq qeydlər etməklə həmin məlumatların elektron məlumat bazasına yerləşdirilməsinə əsaslı şübhələr müəyyən edilib. Bu fakta görə Zərdab Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Hazırda qeyd olunan cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak edən şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində intensiv istintaq hərəkətləri davam etdirilir.
Xatırladaq ki, bir müddət öncə də bənzər hadisə baş vermişdi. Belə ki, Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən şəhər poliklinikasında pul müqabilində bəzi vətəndaşlara dair məlumatların vaksinasiya prosesində iştirak etmədən “e-TƏBİB” elektron qeydiyyat sisteminə yerləşdirilməsi və bununla da həmin şəxslərin guya vaksinasiya olunmaları ilə bağlı saxta COVID-19 pasportu ilə təmin edilməsi həyata keçirilmişdi.
Paytaxtın Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı bu qanunsuz fəaliyyətlə məşğul olmaqda şübhəli bilinən paytaxt sakini S.Həsənova, tanışları həmin poliklinikanın sahə həkimi R.Əliyeva və qeyd edilən tibb müəssisəsinin həkim-terapevti G.Mədətzadə saxlanılıblar.
Eləcə də oxuyun:
Məktəblərdə valideynlərdən COVID-19 pasportu tələb edilir? Nazirdən açıqlama
TƏBİB rəsmisi peyvənd yaşının 16-dan da aşağı endiriləcəyini açıqladı