BAKI, 14 sentyabr - Sputnik. ABŞ kəşfiyyatçıları hesab edirlər ki, "Əl-Qaidə"* terror təşkilatının Əfqanıstandakı hazırkı durumu hələlik ona xaricdə hücumlar həyata keçirməyə imkan vermir.
Sputnik Azərbaycan bildirir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.
"Kəşfiyyat cameəsinin hazırkı rəyi belədir ki, illər öncə "Əl-Qaidə"nin imkanları elə deqradasiyaya uğrayıb ki, hazırda o, xaricdə hücumlar təşkil etmək iqtidarında deyil", - ABŞ Konqresinin Nümayəndələr Palatasının xarici işlər üzrə komitəsindəki dinləmələrdə çıxış edən Blinken söyləyib.
Dövlət katibinin sözlərinə görə, ABŞ bu qruplaşmanın potensialını bərpa etməsi və Əfqanıstan xaricində digər ölkələrə zərər vurması ehtimalına görə "hədsiz sayıqlıq göstərməyi" hədəfləyib. O, həmçinin vurğulayıb ki, Vaşinqton bu məsələdə beynəlxalq tərəfdaşları ilə sıx koordinasiya qurmaq niyyətindədir.
Taliblər bir ay bundan əvvəl hökumət qüvvələrinə qarşı hücumlarını aktivləşdiriblər və avqustun 15-də Kabilə giriblər. Ertəsi gün isə müharibənin bitdiyini elan ediblər. Avqustun 31-nə keçən gecə ABŞ hərbçiləri Kabil hava limanını tərk edərək Əfqanıstanda Amerikanın təxminən 20 illik hərbi mövcudluğuna son qoyublar. Sentyabrın 6-da taliblər Əfqanıstanın 34 əyalətindən sonuncusu olan Pəncşirin döyüşlərlə nəzarətə keçdiyini bildiriblər. Ertəsi gün Əfqanıstanın müvəqqəti hökumətinin tərkibi elan edildi. İlk Taliban* hakimiyyəti dövründə xarici işlər naziri vəzifəsində çalışan və BMT-nin sanksiyaları altında olan Məhəmməd Həsən Axund Əfqanıstanın müvəqqəti hökumətinə rəhbərlik edəcək.
* Rusiya Federasiyasında qadağan olunmuş terror qruplaşması
Eləcə də oxuyun:
11 sentyabr terroru haqqında iddialar – xüsusi xidmət orqanları buna necə göz yumub?
Əkiz qüllələrin yerlə-yeksan edilməsindən 20 il ötür
Rusiya XİN "Əl-Qaidə"ni dünya üçün təhlükə adlandırıb