Təhsil naziri şagirdlər arasında koronavirusa yoluxma faizini dedi

Məktəblər fəaliyyətini davam etdirdiyi müddətdə gün ərzində yoluxanların təxminən 10 faizə qədərini şagirdlər və müəllimlər təşkil ediblər.
Sputnik
BAKI, 7 sentyabr — Sputnik. Azərbaycanda təhsil müəssisələrində çalışanların 80 faizə qədəri vaksinasiyadan keçib. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.
Nazir bildirib ki, ölkədə vaksinasiya olunanların sayı artmaqdadır və bu sayın artması ümumi vəziyyətə müsbət təsir edir: "Ötən həftədən başlayaraq yoluxma sayında azalma hiss olunsa da, rəqəmlər hələ də üç min civarındadır. Azərbaycanda tədrisin 1-2 həftə gec başlaması hazırda ölkədə koronavirusa yoluxma sayının çox olması ilə bağlıdır".
Nazir həmçinin deyib ki, təhsil müəssisələri fəaliyyətə başladığı müddətdə koronavirusa yoluxanların 8 faizə qədərini şagirdlər təşkil edib. Onun sözlərinə görə, məktəblər fəaliyyətini davam etdirdiyi müddətdə gün ərzində yoluxanların təxminən 10 faizə qədərini şagirdlər və müəllimlər təşkil ediblər:
"Buna görə biz yoluxma sayı artan məktəbləri distant təhsilə keçirməyə məcbur olurduq. Amma məktəblərdə tədris başlayan kimi onları distant təhsilə keçirmək məqsədəuyğun hesab edilmir. Hazırda tədris prosesinə mərhələli şəkildə - bir həftə fasilə ilə başlayanda daha aşağı rəqəmlərlə qarşılacağımıza ümid edirik".
Həmçinin oxuyun:
* Təhsil naziri məktəblərdə əyani dərslərin başlayacağı tarixi açıqladı
* Böyük auditoriyalarda mühazirələrin əleyhinəyik - Təhsil naziri rektorlarla danışacaq
Nazir kimlərin məktəbə buraxılmayacağını açıqladı