BAKI, 31 avqust — Sputnik. Vaqif Poeziya Günləri başa çatıb. Sputnik Azərbaycan xəbər verir ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada keçirilən Vaqif Poeziya Günləri çərçivəsində avqustun 31-də xalq şairlərinin, həmçinin orta nəsil və gənc şairlərin çıxışları, muğam sənətkarlarının ifaları dinlənilib, "Nizamidən Vaqifə" adlı poetik kompozisiya təqdim edilib.
Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Azərbaycanın Xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı Vaqif Poeziya Günlərinin hər kəsə xoşbəxt anlar yaşatdığını vurğulayıb. Xalq şairi Vətən müharibəsində Qələbəyə həsr etdiyi "Qarabağa dönüş" poemasından bir parçanı oxuyub.
Vaqif Poeziya Günlərinin ikinci günündə Vaqif Bəhmənli, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Xəzər bölməsinin sədri Arif Buzovnalı, Naxçıvan Muxtar Respublikasının Yazıçılar Birliyinin sədri Asim Yadigar, "Əli Kərim poeziya evi"nin rəhbəri, şair İbrahim İlyaslı, "Söz" ədəbi layihəsinin rəhbəri şairə Nigar Həsənzadə, AYB-nin mətbuat katibi şair Xəyal Rza, şairə Rəsmiyyə Sabir, Dünya Gənc Türk Yazarlar birliyinin sədri şair Əkbər Qoşalı, AYB-nin Gənclər Şurasının sədri şair Faiq Hüseyn çıxış edərək şeirlərini oxuyublar. Tədbirdə Muğam Beynəlxalq Müsabiqəsinin qalibləri Nisbət Sədrayeva və Xəyal Hüseynovun ifaları dinlənilib.
"Nizamidən Vaqifə" adlı poetik kompozisiya isə tədbirə xüsusi rəng qatıb. Xalq artistləri Mehriban Zəki, Pərviz Məmmədrzayev, Əməkdar artistlər Gülzar Qurbanova və Elşən Rüstəmovun çıxışları alqışlarla qarşılanıb.
Vaqif Poeziya Günlərinə "Qarabağ, ana yurdum" mahnısı ilə yekun vurulub.
Həmçinin oxuyun:
* Qarabağlı nazir: "Biz bir daha dünyaya göstərdik ki, Şuşa Azərbaycan şəhəridir"