BAKI, 26 avqust — Sputnik. Azərbaycanda kənd turizmi potensialına görə turistlərin marağına səbəb olan ərazilərdən biri də Şəkinin Kiş kəndidir. Böyük Qafqazın ətəyində yerləşən, təbiətin gözəlliyini əsirgəmədiyi bu gözəl kənd turistlərin diqqətini həm də qədim tarixin izlərini özündə yaşatdığı üçün cəlb edir. Qafqaz Albaniyasının qədim yaşayış məskəni olan Kiş kəndində Kiş alban məbədi də var. Bu səbəbdən də hər il Kişi xeyli sayda qonaq ziyarət edir. Qədimiliklə təbiətin vəhdət təşkil etdiyi Kiş kəndi bu mövsüm də qonaq-qaralı idi. Kəndin ətrafındakı istirahət mərkəzlərində qələbəliyin olması da bunu sübut edirdi. Bəs görəsən, turizm üçün böyük potensialı olan bu məkanda turizmin inkişafı üçün hansı işlər görülüb?
Kənd evləri tapmaq çətin məsələdir...
Burada öyrənirik ki, istirahət üçün Kiş kəndini seçən turistlər ən azı bir-iki həftə dincəlməyi planlaşdırırlarsa, kənd evləri ilə maraqlanırlar. Amma kənddə turistlərin axtardığı, bütün şəraiti olan kənd evlərinin sayı elə də çox deyil. Kənd evlərini tapmaqda isə turistlərə “makler”lər vasitəçi olurlar. Evlərin kirayəsi üçün vasitəçilik edən kənd sakinləri isə ev sahibindən buna görə müəyyən məbləğdə ödəniş alırlar. Kişdə bizə turist kimi bir neçə ev təklif etsələr də, günlük və həftəlik kirayə verilən evlərin çoxunun şəraiti ürəkaçan deyildi. Kənd sakinləri deyirlər ki, kənddə evini turistlərə kirayə verəcək səviyyədə qurub-yaradanların sayı azdır. Pandemiyadan əvvəl buna çalışanlar olsa da, kəndə turist axını azaldığından çoxları bu fikirdən daşınıb. Kişdə bir neçə evə baxdıqdan sonra nəhayət ki, turistlərin qalması üçün bütün şəraiti olan, sutkalıq qiyməti 50 manata ev tapdıq.
Kiş Alban Məbədində eksponat
© Sputnik / Zulfiyya Guluyeva
İstirahət mərkəzləri var, xidmət - yox
Kişə turist axınından sonra kənd ətrafında turistlərin dincəlməsi üçün infrastruktur da yaradılıb. İstirahət mərkəzlərinin sayı artıb. Kəndə yaxın, meşənin içərisində yerləşən istirahət-əyləncə mərkəzlərində əyləncə üçün şərait olsa da, qonaq sayının çoxluğu xidmət səviyyəsinə təsirsiz ötüşməmişdi. Sifariş edilən yeməklərin bəzilərini bişirməyi çatdırmadıqlarını ofisiant özü də təsdiq etdi. Amma bu ərazidə baş çəkdiyimiz restoranların, demək olar ki, hamısında menyu və qiymətlər müştəriyə təqdim edilirdi. Qiymətlər elə də münasib olmasa da, turist axınının çoxluğunu nəzərə aldıqda qiymət artımı da başadüşülən idi.
Turizm bölgəsi zibilliyə çevrilib
Kiş kəndindən axan məşhur Kiş çayı da turistlərin diqqətini cəlb edən məkanlardandır. Amma çayı kəndlə ayıran böyük yarğan burada dincəlmək istəyənlərin istirahətini sözün əsl mənasında korlayırdı. Yarğan boyu atılan məişət tullantıları ilə dolu kisələr ərazidə pis qoxuya səbəb olub. Kənd sakinləri həm sakinlərin, həmçinin də ətrafdakı istirahət mərkəzlərinin zibilləri meşə ərazisinə tulladıqlarını bildirdilər.
Turistlərin ən çox ziyarət etdiyi məkan...
Turizm məkanına çevrilən Kişin əsas yolları abad olsa da, su içində idi. Küçələrinin salınmasında, evlərin tikilməsində qədim şəhər mədəniyyətinin üslublarını yaşadan Kiş kəndi dolanbac daş döşənmiş yolları ilə İçərişəhəri xatırladır. Kiş kəndinə gələn hər kəs burada Kiş alban məbədini görməmiş getmir. Kiş Tarix-Memarlıq Qoruğunun direktoru İlhamə Hüseynova deyir ki, ərazidə Kiş alban məbədi ilə yanaşı, e.ə. IV əsrə aid Doxon nekropolu, XV əsrə aid Gələrsən-görərsən qalası, XIX əsrə aid məscid də yerləşir. 2003-cü ildən Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmri ilə Tarix-Memarlıq Qoruq Muzeyi kimi fəaliyyət göstərən Kiş 2009-cu ildə qoruq statusu alıb.
Abidə Cənubi Qafqazda ən qədim xristian məbədi hesab olunur. Tarixi qaynaqlara görə, I əsrdə apostol Faddeyin şagirdlərindən biri - Müqəddəs Yelisey Qafqaz Albaniyasında “alban kilsələrinin anası” sayılan bu kilsənin əsasını qoyub. Aparılan qazıntılar sübut edir ki, çox-çox əvvəl bura ibadət yeri olub. Xristianlığın təşəkkül tapdığı vaxtlarda bu dinin yayılması üçün əvvəllər buranın ibadət yeri olması nəzərə alınaraq tikilib. 2000-ci ildə Azərbaycan - Norveç Kiş layihəsi üzrə burada arxeoloji qazıntılar aparılıb. Qazıntılar zamanı məbədin həyətində bir çox qəbirlər aşkar edilib. Qəbirlər tunc dövründən başlayaraq son orta əsrlərə qədər uzun dövrü əhatə edir. Bundan əlavə, qazıntılar zamanı üzə çıxarılmış müxtəlif inşaat layları Kiş məbədinin bir neçə dəfə yenidən qurulmasını, həm də Kişin həqiqətən, şəhər olmasını təsdiqləyib. Burada abidənin bərpasına vasitəçilik edən tanınmış norveçli alim-səyyah Tur Heyerdalın büstü qoyulub.
Kiş Alban Məbədi
© Sputnik / Zulfiyya Guluyeva
Təbiət gözəlliyini əsirgəməyib, indi iş qalıb insanlara
Kiş alban məbədinə turistlərin maraq göstərməsi qonaq sayından da hiss olunurdu. Məbədə girişdə hər qonaq üçün iki manat ödəniş tələb olunurdu. Qeyd edək ki, Kiş alban məbədi kənddəki tarixi abidələrdən biridir. Kiş kəndində “Gələrsən-görərsən” qalasının qalıqları da turistlərin marağına səbəb olan məkanlardandır. Oraya getmək üçün isə turistlər xüsusi nəqliyyat vasitəsindən istifadə etməlidirlər. Bir həftəlik kənddə səyahət zamanı müşahidələrimiz göstərdi ki, Kiş kəndinin ümumilikdə turizm üçün böyük potensialı olsa da, bu ərazidə turizmin inkişafı üçün görülməli işlər də çoxdur...
Eləcə də oxuyun:
Adı ilə insanı valeh edən məkan - sirlərlə dolu "Qızılgül təpələri"
Azərbaycanın startap ekosistemi: suyu, qidası verilməyən ağaca bənzəyir
Lahıcda 2000 illik kanalizasiya-su xətti aşkarlanıb
"Götür məni getdiyin yerə", yaxud Azərbaycanda pulsuz səyahətin qaydaları
Kənan Quluzadə: “Avropa ölkələrinin vətəndaşları Azərbaycan turizmi üçün hədəfdir”
Əsrik dərəsi "alpinist", pul, səlahiyyət və mədəniyyət axtarışında
Xəzərin sahilində: Çimərliklərdə qiymətlər sərinləməyə imkan vermir