BAKI, 26 avqust — Sputnik. Dolları növbəti uğursuzluq gözləyir – bu dəfə "əfqan faktoruna" görə. Əvvəllər dollar üçün narahatedici proqnoz ABŞ iqtisadiyyatının qeyri-sabitliyinə əsaslanırdı: dövlət borcunun artması və trilyonlarla pulun tədavülə buraxılması nəticəsində inflyasiyanın sürətlənməsi. Bəs indi taliblər dünyanın dollarsızlaşma prosesini sürətləndirəcəklərmi? “RİA Novosti” bu suala cavab axtarıb.
Növbəti büdrəmə
Amerika pul vahidinin gələcək taleyi “Goldman Sachs Asset Management”-in keçmiş sədri və Böyük Britaniyanın eks-maliyyə naziri Cim O’Nilli narahat edib. O belə hesab edir ki, bu valyuta artıq liderliyini əldən verib, dünya valyutası statusu isə sual altındadır. Amerika qoşunlarının Əfqanıstandan tələm-tələsik çıxarılması vəziyyəti bir az da qəlizləşdirib.
1975-ci ildə, ABŞ Vyetnamdan çıxanda da dollar ciddi sarsıntı keçirmişdi. Ancaq Yaponiya, Almaniya və Çin məzənnənin daha çox dalğalanmasının qarşısını almaq üçün əllərindən gələni etdilər. Məsələn, Pekin yuanın həm daxili, həm də beynəlxalq maliyyə bazarlarında iştirakını genişləndirməkdən imtina etdi.
Amma indi oyunun qaydaları dəyişib. İqtisadi artımın drayveri istiqamətini Asiyaya tərəf dəyişib. Burada isə Çin Xalq Respublikası hakimdir. Ötən əsrin ortalarına kimi çinlilər dünya ÜDM-də paylarını dörd dəfə, təxminən 20 faiz artırıblar. ABŞ-ın payı isə 24 faizdir. Beynəlxalq Valyuta Fondu (BVF) istənilən valyutaya dəyişdirilə bilən "SDR zənbilini" (Xüsusi Borcalma Hüququ) yenidən nəzərdən keçirir. Əgər yuan mövqeyini gücləndirərsə, dünya maliyyə sistemi dəyişəcək, deyə Cim O’Nill qeyd edir.
Avropa Mərkəzi Bankının məlumatlarına görə, Amerika valyutasının dünya rezervindəki payı 2018-ci ildə 61,7 faizə, yəni, son 20 ildəki minimum səviyyəyə düşüb. Ötən il isə 60 faizə qədər geriləyib ki, bu da 1995-ci ildən bu yana ilk dəfə baş verir. Bu işdə ABŞ-ın pul siyasəti ilə məşğul olan dövlət qurumlarının da əli var. Onlar pandemiyanın qızğın vaxtında pul çap eləyən maşınları var gücü ilə işlətməyə başladılar. İqtisadiyyata trilyonlarla pul tökdülər ki, nəticədə də inflyasiya son 13 ildə maksimum 5,4 faizə yüksəldi.
İndi dolların dinamikasını belə təsvir etmək olar: bir addım irəli, iki addım geri. Odur ki, müntəzəm şəkildə narahatedici proqnozlar gəlir. Və Kabildən yöndəmsiz təxliyə prosesi ümumi mənzərədə yalnız növbəti ştrix idi.
Ancaq ekspertlərin əksəriyyəti belə hesab edir ki, Əfqanıstanda baş verənlər iqtisadiyyata birbaşa risk yaratmır. Çünki bu ölkənin dünya iqtisadiyyatına təsiri çox cüzidir. Rəqibləri isə Amerika valyutasını ciddi şəkildə sıxışdırmağa qadir deyil.
"Yaponiya həm iqtisadi, həm də hərbi-siyasi mənada ABŞ-ın əlaltısıdır. Müstəqil şəkildə heç bir qərar verməyəcək. Hətta ABŞ ilə münasibətləri pisləşən Çin belə, əvvəlki kimi Amerika bazarından asılı vəziyyətdədir. Pekin bu vəziyyəti kəskinləşdirməyəcək", – Rusiya Xalqlar Dostluğu Universitetinin İqtisadiyyat fakültəsinin dosenti Vladimir Qriqoryev belə hesab edir. Onun sözlərinə görə, dollar hərbi-siyasi güc, texnoloji liderlik və maliyyə manipulyasiyaları hesabına ayaqda qalacaq.
Ən əsas problemlərdən biri pul kütləsinin artmasıdır. Ancaq ABŞ-ın Federal Ehtiyatlar Sistemində bütün təsir alətləri mövcuddur. Tənzimləyici qurum ilin sonuna kimi sərt pul siyasətinə keçə bilər: əsas faiz dərəcəsini qaldıraraq milli valyutanı gücləndirər.
Artıq bu, öz təsdiqini tapıb: avqustun 18-də Federal Ehtiyatlar Sistemi komitə iclasının protokolunu dərc edib. İnvestorlar bu sənəddə istədiklərini tapıblar: çap maşınını dayandıracaqlar. Maliyyə bazarı bunun noyabrda baş tutacağına ümid edir.
2022-ci ildə isə faiz dərəcəsinin artırılması gözləniLİr ki, bu da dollara dəstək verəcək.
Yeganə mənfi ssenari – ABŞ-ın daha bir irimiqyaslı və baha başa gələn müharibəyə qoşulması ilə bağlı ola bilər. Ancaq hələlik Ağ Ev məhz bu ssenaridən qaçmağa çalışır.
Dollarsız olmaz
Artıq bir neçə onillikdir ki, dolları dünya maliyyə arenasında sıxışdırmağa çalışırlar. Həqiqətən də, avro və yuanın beynəlxalq maliyyə əməliyyatlarındakı payı yavaş-yavaş yüksəlməyə başlayıb. Yaddan çıxartmaq olmaz ki, Aİ və ÇXR daha çox ixrac edən ölkələrdir, onların əsas satış bazarı isə ABŞ-dır. Bununla yanaşı, Avrozona pandemiyadan sonra çox ləng şəkildə bərpa olunur.
"Buna ətalət və həmin maliyyə zonasının çoxtərkibli olması maneə yaradır. Almaniya, Fransa, Avstriya ilə yanaşı, başqa ölkələr də var. Və əgər Cənubi Avropa, ən azından ümum-Avropa əmək bölgüsündə iştirak edirsə, Çexiya istisna olmaqla, Şərqi Avropa və Baltikyanı ölkələr bütün bölgəni aşağı çəkən iqtisadi ballast rolunu oynayır. Amma etiraf etməliyik ki, avro dollardan sonra ən güclü valyutadır", - deyə Vladimir Qriqoryev vurğulayır.
"Dünya iqtisadiyyatında Amerikadan sonra ikinci yeri Çin tutur. Bununla belə, yuan qlobal ticarətdə bir o qədər də fəal deyil", - deyə müstəqil maliyyə müşaviri Anna Xarçenko bildirir.
BVF-in məlumatlarına əsasən, dünyanın mərkəzi banklarının ehtiyatında 11,1 trilyon dollara bərabər pul kütləsi var. Bunun 6 trilyonu dollar və yalnız 2,3 trilyonu avronun payına düşür.
"ABŞ ən rəngarəng və likvid maliyyə bazarına malikdir. Dünyanın hər yerindən kapital cəlb edir. Buradan avropalıların və çinlilərin investisiya qoymağa cəsarət etmədikləri layihələrə investisiyalar gəlir", – deyə "PFL Advisors" investisiya şirkətinin aparıcı tərəfdaşı Fyodr Naumov qeyd edir.
"Əmanət saxlamaq üçün dollara həmişə üstünlük veriləcək. Xüsusilə də, Rusiyada. 2014 -cü ildən bəri rubl ABŞ valyutasına nisbətdə 2,5 dəfə ucuzlaşıb. Pandemiyanın başlamasından bu yana ucuzlaşma 25 faiz təşkil edir", – deyə Ali Maliyyə İdarəçiliyi Məktəbinin Analitik Tədqiqatlar Şöbəsinin müdiri Mixail Koqan vurğulayır.
Ancaq riskləri minimuma endirmək üçün bütün yumurtalar bir səbətə qoyulmamalıdır. Odur ki, analitiklər əmanətləri şaxələndirməyi məsləhət görürlər. Üstəlik, xarici valyuta kapitalı artırmayacaq. Bu valyutadan qarşılıqlı hesablaşmalarda istifadə daha məqsədəuyğundur, əks halda, konvertasiya prosesində pul itirəcəksiniz.
Yüksək inflyasiya və aşağı faiz dərəcələri də nəzərə alınarsa, mənfi rəqəmlərə düşmək ehtimalı böyükdür.
İqtisadçılar sərbəst vəsaitləri aktivlərə yönəltməyi məsləhət görürlər: səhmlər, istiqrazlar, daşınmaz əmlak və s. İlin sonuna qədər dolların 73-80 rubl aralığında qalacağı ehtimal olunur. Avronun məzənnəsi isə 1,13-1,14 səviyyəsindədir. Maliyyə xəbərləri və əlbəttə ki, dünyadakı epidemioloji vəziyyət də bazara təsir göstərməyə davam edəcək.
Eləcə də oxuyun:
Lavrov: Taliban* hakimiyyətinin tanınmasından danışmaq hələ tezdir
Əfqanıstanın sabiq prezidenti ev dustağı olub
Əfqanıstandan qaçış: ABŞ yenə NATO-nu, dostlarını və müttəfiqlərini yaddan çıxardı
* Taliban - 1994-cü ildə yaranan və 1996–2004-cü illər arası Əfqanıstanın bütün ərazisini idarə etmiş hərəkatdır. 2003-сü ildə BMT TŞ tərəfindən terror təşkilatı kimi tanınıb.