BAKI, 24 avqust — Sputnik. Koronavirus pandemiyası dövründə iaşə obyektləri, restoran və kafelər daim müvafiq qurumların diqqət mərkəzində olub. Karantin və sanitar qaydalarına riayət olunması, personalın müştərilərlə peşəkar davranışı, qida məhsullarının keyfiyyəti müntəzəm olaraq yoxlanılır.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri daim reallaşıdırır. Məsələn, nəzarət tədbirləri çərçivəsində 2021-ci il avqustun 18-də ölkə üzrə 401 ictimai iaşə obyektində 675 monitorinq keçirilib. Monitorinqlər zamanı 12 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Baş aşpaz həmişə yaxşı qazanır
Hər hansı bir restoran və ya kafenin cərimələnməsi, bəzi halda bağlanması bir çox insanların həyatına birbaşa təsir edir. Restoranın xadiməsi, ofisiantı, onun köməkçisi, qutab bişirəni, aşpazı, inzibatçısı zərərçəkmişlərin siyahısında olur. Çünki müəsisəyə dəymiş ziyanı obyekt sahibi tək ödəmir, ziyanın məbləği işçilər arasında da paylanılır.
Gəlir də, ziyan da restoran işinin qurulmasında əhəmiyyətli məsələdir. İaşə obyekti gəlir gətirməlidir, əks halda komandanın dağılması və sahibkarın müflis olması qaçılmazdır.
Pandemiya şadlıq sarayları, restoran və kafelərə ciddi zərbə vurdu. Aylarla bağlı qalan obyektlərin işçiləri olmazın çətinliklə qarşılaşıblar. İctimai iaşə sistemi hazırda əvvəlki mövqeni tədricən bərpa etməkdədir. Bəs bu biznesdə kim nə qazanır?
Obyekt sahibinin gəlirini təyin etmək bir qədər qəliz məsələdir. Çünki bir restoran digərinə bənzəmir, şərait də fərqlidir, menyu da. Amma personalın nə qədər qazandığı bilinir.
Baş aşpaz həmişə yaxşı qazanır. Bu vəzifəyə adətən çox yüksək peşə bacarığı olan şəxs təyin edilir. Baş aşpaz restoranın simasıdır, onun peşəkarlığı obyektin uğurunun ən azı yarısını təmin edir. Hətta ən zəif obyektin baş aşpazı aya ən azı 1500 manat qazana bilir. Adətən bu məbləğ daha yüksək olur, yəni yaxşı mütəxəssis 2000 manat də qazana bilər, 5000 manat da. Restoranın həcmindən asılı olaraq baş aşpazın bir neçə köməkçisi olur. Bəzən yaxşı aşpazlar perspektivli gənclərdən bir neçəsini yanında işlədir. 5-6 ilə onlar həm peşə öyrənir, həm də gələcəkdə yeni açılan digər obyektlərdə işləmək şansı əldə edirlər. Bir dəstə gedir, o biri gəlir.
Çaypulunu müştəri özü verməlidir
Restoranın mərkəzi fiquru ofisiantdır, çünki müştəri onu tanıyır, onunla təmasda olur. Hər hansı obyekt barədə fikir elə ofisiantın müştəriyə münasibətindən formalaşır. Yaxşı xidmət, qayğıkeş münasibət, müştərinin istəyini vaxtında yerinə yetirmək həm ofisianta xal qazandırır, həm də obyektin gəlirini artırır. Ofisiantı fərli olmayan obyektin müflis olması zaman məsələsidir. Yeməyin keyfiyyətini artırmaq olar, dünyanın ən yaxşı aşpazı və kababçısı işə cəlb edilə bilər, amma ofisiantı zəif olan restorandan müştəri mütləq qaçacaq.
Bəs bu əsas şəxs nə qədər pul qazana bilir? Hər obyektdə bir qayda olur. Bakının bir çox restoranında müştəriyə təqdim etdiyi hesab çekində xidmət haqqı deyilən göstərici olur. Bu, elə ofisiant üçün nəzərdə tutulmuş məbləğdir. Orta hesabla 100 manatdan 5 manat ofisianta çatacaq. Əlbəttə, bu bir qədər qeyri-qanuni işdir, çünki ofisianta veriləcək çaypulunu müştəri özü verməlidir, xidməti bəyənirsə, istəyinə uyğun olaraq ona müəyyən məbləğ ödəyəcək.
Ofisiant günə 50, bəzən 70 manatı rahat qazanır
Amma obyekt sahibləri ofisianta verəcəkləri maaşı da müştərinin üzərinə yükləməyi sevirlər. Özü də bir sıra obyektə ümumi kassa anlayışı var, yəni xidmət haqqı kimi göstərilən məbləğ ümumi toplanılır, bütün ofisiantlar arasında tən bölünür. Bu məbləğdən həm də arxa planda olan işçilərə də haqq verilir. Xadimə, köməkçi, kababçı da öz payını alır. Belə ümumiliyin həm müsbət, həm də mənfi tərəfi var. Bir tərəfdən hamı nə alacağını öncədən bilir, məbləğ təqribən bəllidir. Digər tərəfdən bu, ofisiantda bir qədər passivlik yaradır. Artıq qazanmağın nə mənası var axı?
Amma bu məsələnin yaxşı tərəfi də var. Hamı bir növ ümumi işə görə narahatlıq keçirir. Deyək ki, başqa ofisiantın müştərisi nəsə xahiş edir, ümumi bölgüdə mütləq gedib müştərinin sözünü yerinə yetirirlər. Bölgü olmayanda isə, hərə öz işinin dalınca qaçır, müştəri də qalır ortada.
Ümumi bölgü olmayanda belə ofisiantın xidmət haqqından digər işçilərə pul çatacaq, çünki masanın düzəlməsində köməkçinin, otağın yığışdırılmasında isə xadimənin rolu var. Amma bu halda 300 qazanmısansa, üç yüz, 100 qazanmısansa, yüz alacaqsan. Özü də bu məbləğ hər gün yox, bəzən həftə sonu hesablanıb verilir.
Ofisiant yalnız gündəlik maaşını elə həmin gün alır. Belə olmasa, heç kim işə çıxmaz. Çaypulu xidmət haqqı kimi siyahıya salınsa da, bir çox müştərilər ofisianta bundan əlavə də bəxşiş edirlər. Təcrübəli və səliqəli ofisiant günə 50, bəzən 70 manatı rahat qazanır. Yaxşı ofisiantın öz müştəriləri olur ki, onlar da onu dolandırır. Elə müştərilər var ki, onlar bəyəndiyi kababa görə belə kababçıya pul yollaya bilərlər.
Bir sözlə, ofisiantlar ayda təqribən 1300-1500 manat, bəzən də daha da çox qazanırlar. Bu puldan bir qədər bölüşmək də lazımdır, çünki restoranı idarə edən inzibatçı da var. Xidmət haqqından ona rəsmi pay düşür. Bundan əlavə, ofisiant gəlirini bölüşür, çünki prosesin başında inzibatçı dayanır. Yeri gəlsə, yağlı müştəri də ötürər, cərimə də yaza bilər. İnzibatçı da ofisiant qazandığı qədər qazanmalıdır, yoxsa hörməti olmaz.
Nağdsız çaypulu yazılmış QR kod
Bəzi restoran sahibləri xidmət haqqı kimi bəndi hesaba salmağı sevmirlər, ofisianta normal gündəlik maaş verir, müştəridən gələn çaypulunu da onun ixtiyarına ötürürlər. Yəni hər bir xərc artıq hesabda öz yerini tapır. Restoran sahibləri daha çox kişi ofisianta üstünlük verirlər. İş ağır və uzunmüddətli olur. Obyektə mal gələndə kişi ofisiant yeri gəlsə, bir maşın mineral suyu da boşalda bilər, digər məhsulu da yerbəyer edə bilər. Qadın ofisiantın isə yük daşıyan fəhləni əvəzləməsi inandırıcı deyil.
Qadınların qayğıları da çoxdur, ev və uşaq dərdi, telefonla uzun-uzadı danışmaq istəyi onu müdiriyyət üçün uğursuz işçiyə çevirir. Bəzi bahalı restoran və pablarda qadın ofisiantı işə götürmək adəti var.
Çaypulu bir növ qeyri-qanuni puldur, heç bir yerdə qeydə alınmır, bu puldan vergi ödənilmir. Bütün dünyanın artıq elektronlaşdığı və nağdsız əməliyyatların çoxaldığı bir dövrdə ofisiantlar üçün yeni imkanlar da yaranır. Müştəri ofisiantın təqdim etdiyi hesabdakı nağdsız çaypulu yazılmış QR koda smatrfonu yaxınlaşdırmaqla istədiyi məbləği onun hesabına köçürə bilər. Yəni ofisianta çatacaq çaypulunu belə leqallaşdırmaq mümkündür.
Restoran biznesi bir neçə əsas şərtin üzərində qurulub. Təmiz, səliqəli məkan, keyfiyyətli və dadli yemək, yüksək səviyyəli xidmət bu sahəni dolandırır. Əsas səhnədə isə bir tərəfdən müştəri və digər tərəfdən isə ofisiant çıxış edir. Ofisiant imkanlı, özünü idarə edə bilən, yaxşı çaypulu verən müştərini səbirsizliklə gözləyir. Müştəri də nəzakətli, səliqəli, səbirli və onun sifarişini vaxtında çatdıra biləcək ofisiant arzusundadır. Burada çaypulunun miqdarı da bu iki amilin vəhdətinə bağlıdır. Bu işdə gərək hər iki tərəf razı qalsın.
Həmçinin oxuyun: