CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Üç rayonun iaşə müəssisələri cərimələnib

Balakən, İmişli, Şamaxı rayonlarında olan bir sıra iaşə obyektlərində yoxlamalar zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkarlanıb.
Sputnik
BAKI, 14 avqust — Sputnik. Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən monitorinqlər zamanı şəhər ərazisində yerləşən "Grand Palace" şadlıq sarayında təşkil edilən toy mərasimində karantin rejimlərinin pozulması halları aşkarlanıb.
Sputnik Azərbaycan xəbər verir ki, yoxlama zamanı şadlıq sarayında keçirilən mərasimdə 150 nəfərdən artıq qonağın iştirak etdiyi müəyyən edilib. Karantin qaydalarını pozmaqla infeksiyanın yayılmasına şərait yaradan obyektin sahibi Şamil Qebeyev barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə cinayət işi başlanılıb.
Qeyd edək ki, bir müddət öncə də həmin şadlıq sarayında keçirilən toy mərasiminda karantin qaydaları pozulduğu üçün Ş.Qebeyev inzibati məsuliyyətə cəlb edilərək cərimələnmişdi.
İmişlidə karantin qaydalarına zidd fəaliyyət göstərən çay evləri aşkarlanıb. İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər zamanı şəhər ərazisində fəaliyyət göstərən "Relax" və "Playstation club" çay evlərində xüsusi karantin rejiminə və sanitar-gigiyena qaydalarına zidd olaraq müştərilərə qəlyan xidməti göstərilməsi halları aşkarlanıb. Qaydaların pozulduğu obyektlərin sahibləri ilə profilaktik söhbətlər aparılıb və onlara karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib.
Hər iki obyekt sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və onlar inzibati qaydada məsuliyyətə olunublar.
Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimindən irəli gələn qaydalara riayət edilməsi məqsədilə şadlıq saraylarında keçirilən yoxlamalar zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkarlanıb. Şəhər ərazisində yerləşən "Bəyaz Palace" şadlıq sarayında təşkil edilən toy mərasimi barədə məlumatların "icaze.e-gov.az"portalında qeydiyyatdan keçirilmədiyi müəyyən edilib.
Aşkarlanmış qayda pozuntuları ilə bağlı obyektin sahibi Şəfi Bəkdəmirov inzibati məsuliyyətə cəlb olunaraq 4 min manat məbləğində cərimələnib.
Eləcə də oxuyun:
"Səadət" sarayında rəzalət
Bəzənib-düzənib, geyinib-keçinib gəl, toya buraxmasınlar
Kafe sahibi müştərilərə etdiyi təklifə görə həbs edildi