BAKI, 11 avqust - Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Oğuz rayonu, Xaçmaz kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın hadisəsi barədə məlumat daxil olub.
Sputnik Azərbaycan FHN-in saytına istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Əlavə məlumat veriləcək.
Qəbələdə yanğın
Bu gün Qəbələ rayonu, Tikanlı kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən tədbirlər davam etdirilir.
Yanğının söndürülməsini sürətləndirmək məqsədilə Nazirliyin Aviasiya dəstəsinin helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.
Qeyd edək ki, bazar günü, avqustun 8-də iki rayonun meşə ərazisində yanğın olub. Quba rayonu, Ərməki kəndi yaxınlığında, meşə ərazisində (mürəkkəb relyefli dağlıq ərazi) 1 ha sahədə kol-kos və qurumuş ağac kötükləri yanıb. Meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub. Həmçinin Qəbələ rayonu, Solquca kəndi yaxınlığında, meşə ərazisində (mürəkkəb relyefli dağlıq ərazi) 1,5 ha sahədə quru ot və kol-kos yanıb.
Bir neçə gündür, ölkənin müxtəlif ərazilərində meşə sahələrində yanğınlar qeydə alınır. Avqustun 2-də Yardımlıda, 3-də Lənkəranda, 5-də Ağsuda yanğınlar başlayıb. Cənubdakı yanğınlar avqustun 5-də söndürülüb. Ağsudakı yanğın avqustun 6-da söndürülsə də, həmin gün axşam saatlarında yenidən başlayıb və Şamaxı rayonu ərazisinə də keçib.
Həmçinin oxuyun:
Ağsuda yanğın söndürülüb