BAKI, 11 avqust — Sputnik. Bakıda qadın biri yenidoğulmuş olmaqla beş oğlan uşağını Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin qarşısına ataraq gedib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə sosial şəbəkədə video paylaşılıb. Videoda atılmış uşaqlardan biri: "Yarımçıq göz xəstəxanasının yanında yaşayırıq, evimizdən ilan çıxır. Anam gecə növbə tutur ki, birdən bizi ilan çalar", - deyərək şəraitsizlikdən şikayətlənir.
Həmçinin, videoda ananın dəfələrlə komitə sədri Rövşən Rzayevin qəbuluna düşmək üçün getsə də, işçilər tərəfindən qovulduğu və bu səbəbdən övladlarına baxa bilmədiyi iddia olunur.
Komitənin mətbuat xidməti departamentinin direktor müavini Nazilə Məmmədova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ailədən heç bir müraciət daxil olmayıb:
"Sadəcə uşaqlarını qoyub gedib. Ailə ilə bağlı müvafiq araşdırma aparılacaq. Kimlik müəyyən olunduqdan sonra isə müvafiq addımlar atılacaq. Vətən müharibəsindən sonra məcburi köçkünlərin geri qayıdışı üçün şərait yaradılıb və onlar üçün hazırda Bakıda və ya hansısa rayonlarda mənzillər tikilmir və Komitənin də boş mənzil fondu yoxdur".
DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev isə Sputnik Azərbaycan-a açıqlamasında artıq məsələ ilə bağlı araşdırmanın aparıldığını, valideynin tapıldığını və komitədə ("Qaçqınkom"da - red.) dinlənildiyini bildirib. E.Hacıyev azyaşlıların valideyninə təhvil verildiyini vurğulayıb.
Qeyd edək ki, təkcə ötən ay ərzində körpələrin valideynləri tərəfindən atılması ilə bağlı bir neçə fakt qeydə alınıb.
Eləcə də oxuyun:
Ucarda dəmir yolundan tapılmış yenidoğulmuş uşaq ortalıqda qalıb: Adını Tapdıq qoyublar
Uşağını küçəyə atan qadını doğma anası da evdən qovdu - Təfərrüat
DİN körpəsini atan narkoman qadınla bağlı məlumat yaydı