CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Aİ-95 və Aİ-98 markalı benzinlər yenidən bahalaşa bilərmi?

Bu yaxınlarda Azərbaycanda "Premium" və "Super" markalı benzinlər 5 qəpik bahalaşıb. İqtisadçılar yenidən bahalaşma ola bilərmi sualına öz fikirlərini bildiriblər.
Sputnik
BAKI, 10 avqust — Sputnik. Bu yaxınlarda Azərbaycanda Aİ-95 ("Premium") və Aİ-98 ("Super") markalı benzinlər 5 qəpik bahalaşıb. Xaricdən idaxl edilən Aİ-95 benzininin qiyməti 1,40 manatdan 1,45 manatadək, Aİ-98 benzininin qiyməti isə 1,55 manatdan 1,6 manatadək yüksəlib. Bahalaşma idxal qiymətlərin artması ilə izah olunub.
Bəs Aİ-95 və Aİ-98 markalı benzinlərin qiyməti yenidən arta bilərmi?
İqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, Aİ-98 və Aİ-95 markalı avtomobil benzinləri Azərbaycana idxal edilir. Bunlar Rusiya, Ukrayna, Rumıniya, Baltikyanı ölkələrdən bizə gətirilir. Dünya bazarlarında qiymət dəyişikliyi bu markalı benzinlərin qiymətinə təsir göstərir. Çünki bunların qiyməti dövlət tərəfindən tənzimlənmir və bir neçə il əvvəl Tarif Şurasının tənzimlədiyi qiymətlər siyahısından çıxarılıb. Burada rəqabətli mühit olmalı və bazar qaydaları şəklində qiymət formalaşmalı idi. Bu markalı benzinlər ölkənin hər yerində eyni qiymətə satılmalı deyil.
O bildirib ki, dünyada benzinin qiyməti ilə bağlı dəyişikliklər olan kimi idxal benzinin qiyməti də dəyişir. Rusiyada pandemiya ilə bağlı daxili turizmə üstünlük verilib. Nəticədə bu ölkədə benzinə tələbat artıb və qiymətlər də yüksəlib. Rusiyada son 5 ildə benzinin qiyməti ən yüksək həddə çatıb.
"Əgər Rusiyada benzin üzrə topdansatış bazarında qiymətlər dəyişsə, avtomatik Azərbaycanda da qiymətlər dəyişəcək. Təəssüf ki, gələcəkdə də bunu görə bilərik", - ekspert qeyd edib.
Onun sözlərinə görə, bu, həm də neft qiymətləri ilə bağlıdır. Əgər neft qiymətlərində sabitləşmə müşahidə olunarsa, yəni "qara qızıl" 60 dollar civarında olarsa, ola bilər ki, yaxın zamanda benzinin qiyməti artmasın. Amma neftin qiyməti 70 dollardan yuxarı olarsa və neft məhsullarına tələbat artarsa, Azərbaycanda yenidən Aİ-98 və Aİ-95 markalı avtomobil benzinlərinin qiyməti arta bilər.
Xatırladaq ki, Aİ-92 markalı benzinin qiymətini isə Tarif Şurası müəyyən edir. Azərbaycanda yanacağın qiymətinə sonuncu dəfə bu ilin yanvarında dəyişiklik edilib. Yanvarın 4-də Tarif Şurasının iclasında Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib. Dizel yanacağından istifadənin ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə qiymət fərqi azaldılıb.
Tarif Şurası bu qərarı istehsal olunan neft məhsullarının keyfiyyətinin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması məqsədi ilə neft emalı sənayesində yenidənqurma və modernləşdirmə işlərinin davam etdirilməsi, tənzimlənən qiymətlərin sayının azaldılması və bazar münasibətlərinin formalaşdırılması istiqamətində dövlət siyasətini nəzərə alaraq verib.
Bundan öncə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib ki, Azərbaycan gələcəkdə öz imkanları ilə Aİ-95 markalı benzinin qiymətini müəyyən edə bilər. Gələcəkdə Aİ-95 markalı benzinin istehsalı Azərbacanda da mümkün olacaq. Hazırda Cənubi Qafqazın yeganə neft emalı müəssisəsi olan Heydər Əliyev adına Neft Emalı Zavodunda modernizasiya işləri davam edir. Modernizasiya layihəsi gələn il başa çatandan sonra bu zavodda həm də Aİ-95 markalı benzinin istehsalı mümkün olacaq. Beləliklə, biz artıq Aİ-95 markalı benzinin təchizatı baxımından idxaldan asılı olmayacağıq və belə hallarda Azərbaycan artıq öz imkanları ilə bu benzinin qiymətini müəyyən edə bilər.
O bildirib ki, "Premium" və "Super" markalı benzinlər Azərbaycanda istehsal olunmur, bu benzin növləri xaricdən idxal edilir. Bu benzinlər xaricdən idxal edildiyinə görə bu, onu istehsal edən zavod və şirkətlərin müəyyən etdiyi qiymətlərdən asılıdır. Keçmiş dövrdə dünya bazarlarında neftin qiyməti xeyli azalmışdı və pandemiya dövründə bu benzin növlərinin qiyməti Azərbaycanda aşağı düşmüşdü. Belə ki, məsələn, pandemiyadan əvvəl Aİ-95-in qiyməti 1 manat 50 qəpik idisə, pandemiya dövründə hətta 1 manat 10 qəpiyədək düşmüşdü. Bu da bir müddət neft və neft məhsullarının qiymətinin kəskin düşməsi ilə bağlı olub. Daha sonra isə bu benzin növlərinin qiyməti artıb və hazırda dünyada neft və neft məhsullarının qiyməti artmaqdadır. Neftin qiyməti artıq pandemiyadan əvvəlki səviyyəyə qayıdıb. Və buna görə də bu benzin növlərinin qiyməti digər ölkələrdə olduğu kimi, Azərbaycanda da yüksəlib.
"Gələcəkdə başqa ölkələrdə bunların qiyməti aşağı düşərsə, Azərbaycanda da aşağı düşə bilər. Artacaqsa, Azərbaycanda da arta bilər. Lakin bu benzin növləri Azərbaycanda o qədər də çox istehlak edilmir. Ölkə daxilində əsas istehlak olunan yanacaq növləri dizel və Aİ-92 markalı benzindir ki, bunlar ölkə daxilində istehsal olunur", - deyə SOCAR rəsmisi əlavə edib.
Eləcə də oxuyun:
Ekspert: “Benzinin bahalaşması hibrid avtomobillərə marağı artıracaq”
Azərbaycanda “Aİ-95” markalı benzin bahalaşdı - SƏBƏB
Sıxılmış təbii qazın pərakəndə satışı neçəyədir və sərfəlidirmi?