CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yerevanın qurama "kompozisiyası": KTMT baş katibini ona görə dəvət ediblər ki...

Deputat Arzu Nağıyevlə ekspert Rizvan Hüseynov Ermənistan müdafiə nazirinin sözlərini əsassız və onsuz da kövrək olan barışığa təhlükə hesab edirlər.
Sputnik
BAKI, 10  avqust – Sputnik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas avqustun 9-10-da Ermənistanda səfərdədir. Burada o, ölkənin hərbi-siyasi rəhbərliyi ilə bir sıra görüşlər keçirib. Ancaq Zasın Ermənistanın müdafiə naziri Arşak Karapetyanla danışıqları Azərbaycan tərəfinin xüsusi marağına səbəb oldu.
KTMT-nin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Karapetyanla görüşdə Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyasının hərbi tərkibin inkişafı çərçivəsində bir sıra sənədlərinin imzalanması planlarına toxunulub. Eləcə də erməni nazirlə baş katib KTMT-nin Kollektiv qüvvələrinin 2021-ci ilin oktyabr və noyabr aylarında Tacikistan və Rusiyada keçiriləcək təlimlərini müzakirə ediblər.
Ancaq Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat daha “maraqlı” oldu. Məlum oldu ki, Karapetyan Zasla görüşdə deyib ki, “Ermənistan var qüvvəsi ilə Azərbaycanla sərhəddəki vəziyyəti düzəltməyə çalışır, ancaq danışıqlar nəticə verməsə, güc tətbiq etmək hüququnu özündə saxlayır”.
Erməni nazir baş katibə onu da xatırladıb ki, onun gəlişini Ermənistanda hələ may ayında, sərhəddə vəziyyət gərginləşməyə başlayanda gözləyirmişlər. Amma gözləri yolda qalıb. Eyni zamanda Karapetyan KTMT-də “qərarların qəbul olunması və böhranlı vəziyyətlərə reaksiya mexanizminin operativ şəraitin inkişafının müasir tələblərinə cavab verməməsindən” də şikayətlənib.
Karapetyanın bəyanatları və Bakını təhdid etməsini Sputnik Azərbaycan üçün Milli Məclisin deputatı Arzu Nağıyev və Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov şərh ediblər.

Kövrək barışıq təhlükə altında

Nağıyev Karapetyanın KTMT haqda bəyanatlarını gözlənilən, təşkilatı qınamasını isə əsassız adlandırıb. Millət vəkilinin sözlərinə görə, Ermənistanın silahlı qüvvələri məhz mayda sərhəddə məqsədyönlü şəkildə təxribatlar törətməyə başladılar ki, bu prosesə KTMT-ni, eləcə də Rusiyanın Gümrü şəhərində yerləşən bazasındakı rusiyalı hərbçiləri cəlb etsinlər.
“Öz cəhdlərini onlar indi də davam etdirirlər. Erməni tərəfi 2020-ci ilin noyabrın 10-da əldə edilmiş Qarabağ üzrə üçtərəfli bəyanat çərçivəsində əldə edilmiş atəşkəsi pozmağa davam edir”, - o qeyd edib.
Sputnik Azərbaycan-ın həmsöhbəti deyir ki, maraqlıdır ki, Karapetyan sərhəddəki situasiyanın həlli üçün Ermənistanın əvvəlcə Azərbaycanın ərazi bütövlüyünü tanımalı olduğu, sonra isə sərhədin demarkasiyasına başlanılması haqda niyəsə susur.
Nağıyevin fikrincə, Karapetyan Zasla görüşündə bu bəyanatları havayıdan və ya təsadüfən verməyib. İş bundadır ki, sentyabrın 16-da KTMT-yə sədrlik Ermənistana keçir və erməni tərəfi çalışır ki, hər şeyi guya Azərbaycanın məqsədyönlü şəkildə KTMT üzvünün sərhədini pozması kimi qələmə versin və bununla bağlı nəsə bir əncam çəkilsin. O deyir ki, faktiki olaraq Karapetyan müharibəyə çağırır və KTMT üzvlərini də oraya cəlb etmək istəyir.
“Azərbaycan hər şeyə rəğmən öz ərazi bütövlüyünü və suverenliyini hər zaman qorumağa hazırdır. Ölkənin silahlı qüvvələri erməni tərəfinin istənilən təxribatına cavab verməyə qadirdir. Biz bunu Ermənistanın məğlub olduğu İkinci Qarabağ müharibəsində də sübut etdik”, - deputat vurğulayıb.
Ermənistanın özü müharibə nəticəsində küfayət qədər texnikadan məhrum olub, şəxsi heyətin yarısı isə ruhən “sınıb”. Buna görə də erməni tərəfinin “güc tətbiq etmək hüququnu özündə saxlaması”ndan danışması, prinsipcə, gərək deyil, parlament üzvü qeyd edir.
Karapetyan öz sözləri ilə sübut edir ki, məhz erməni tərəfi amanabənd, çox çətinliklə əldə olunmuş barışığı pozur və açıq-aşkar müharibəyə səsləyir, Nağıyev bildirib.

Yerevanın qurama “kompozisiyası”

Rizvan Hüseynov isə öz növbəsində qeyd edib ki, Ermənistan tərəfi hazırda situasiyanı elə təqdim edir ki, guya KTMT-nin baş katibini Yerevana ona görə çağırıblar ki, balaca uşaq kimi danlayıb, dərsini versinlər. Onun fikrincə, Yerevanın Rusiyadan və KTMT-dən incikliyini bu cür kompensasiya etmək cəhdləri əslində Ermənistanın maraqlarına zərbə vurur.
Maraqlıdır ki, Karapetyandan sitat gətirən erməni tərəfi Zasın nə dediyini açıqlamır, çünki bu, sözsüz ki, onların quraşdırdıqları “kompozisiya”nı məhv edər.
“Axı, ən azı, Ermənistanın XİN rəhbəri ilə görüşündə KTMT baş katibi öz mövqeyini dəqiq ortaya qoydu. O, sərhəddəki gərginliyə görə Azərbaycanı ittiham etmədi. Üstəlik, mənim fikrimcə, diplomatik səviyyədə həll oluna bilən bir məsələnin hərbi-siyasi yolla həll olunmasına cəhd etməyin düzgün olmadığını da vurğuladı”, - Sputnik Azərbaycan-ın həmsöhbəti deyib.
Hüseynov xatırladıb ki, Zas deyib: sərhəddə yaranan gərginlik həm Ermənistanın özündə, həm də KTMT-nin məsuliyyət zonasında təhlükəsizliyə mənfi təsir edir.
“Biz hərbi insidentlərin təkrarlanması və coğrafiyasının genişlənməsindən, insanların insident qurbanı olmasından ciddi narahatlıq keçiririk. Hesab edirik ki, Ermənistanla Azərbaycan arasında sərhədlə bağlı ziddiyyətlərin siyasi-diplomatik tədbirlərlə aradan qaldırılması imkanları hələ bitməyib”, - ekspert KTMT baş katibinin sözlərini iqtibas gətirib.
Erməni tərəfi gərək nə dediyinə diqqət eləsin, deyə Sputnik Azərbaycan-ın həmsöhbəti fikrini yekunlaşdırıb.
Eləcə də oxuyun:
Moskva: Rusiya öz hərbçilərini Azərbaycan-Ermənistan sərhədinə yerləşdirə bilməz
Makron Əliyevə zəng edib: Ermənistanla dövlət sərhədindəki vəziyyət müzakirə olundu
Rusiya XİN Azərbaycan-Ermənistan sərhədində baş verənlərə münasibət bildirib
Ermənistan sərhəddəki təxribatları niyə törədir? – politoloq səbəbləri açıqlayır