BAKI, 6 avqust - Sputnik. "Bütün Azərbaycan xalqını təbrik edirəm. Mən bu gün yer tutmaya da bilərdim. Birinci və üçüncü də ola bilərdim. Amma evdən çıxanda buraya qızıl medal üçün gəlmişdim. Bəzi idmançılar kimi kimisə gözdən salmıram".
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Tokio-2020 Yay Olimpiya Oyunlarında gümüş medal qazanan karateçimiz Rafael Ağayev deyib.
75 kq çəki dərəcəsində çıxış edən idmançı bəzi idmançıların Olimpiadaya gəzmək üçün gəldiyini bildirib: "Buna baxmayaraq, mən qızıl medal üçün gəlmişdim. Təəssüf ki, gümüş medal qazandım".
Rafael finalda hakim haqsızlığı ilə üzləşdiyini qeyd edib: "Mən bəhanələri sevmirəm. Olan oldu. Bu günə də şükürlər olsun. Allahıma çox sağ ol deyirəm. Fürstədən istifadə edib, bütün xalqımı təbrik edirəm. Bu yolda mənəvi və fiziki cəhətdən kimlər mənim yanımda olubsa, onlara çox sağ ol deyirəm".
Dünya karatesinin "qara brilyantı" adlandırılan idmançımız müəllimlərinə təşəkkür etməyi də özünə borc bilib: "Ölkəmizin prezidentinə təşəkkür edirəm. Hər zaman idmançılara qayğı göstərib. Federasiyamızın prezidenti Yaşar Bəşirova təşəkkürümü bildirirəm. Şəxsi müəllimim Füzuli Musayevə, yığmanın baş məşqçisi Qurban Tağıyev və ilk müəllimim Rafael Məmmədova da minnətdaram. Heç nəyi unutmaq olmaz. Bütün müəllimlərimi bağrıma basıram. Bu, tək mənim yox, bütün Azərbaycanın və türk millətinin qələbəsidir. Ruhdan düşmək olmaz. Bu gün axşam məşq edib, növbəti yarışa hazırlaşacağam".
Xatırladaq ki, 75 kq çəki dərəcəsində yarışan Rafael Ağayevin finaldakı rəqibi italiyalı Luici Busa olub. İtalyan karateçi millimizin liderinə 1:0 hesabı ilə qalib gələrək Olimpiyanın qızılını götürüb. Rafael isə müvafiq olaraq gümüş medalın sahibi olub.
Eləcə də oxuyun:
İdmançımız Olimpiadada medal şansını itirdi
Azərbaycanlı Tokio Olimpiya oyunlarının vise-çempionu oldu
Tokioda medal uğrunda döyüş: Azərbaycanlı güləşçi ermənini belə məğlub etdi
İrina Zaretskanın Olimpiadada problemi – bilmir, yuxu ilə dalaşsın, yoxsa çarpayı ilə
Azərbaycan millisinin məşqçilər heyəti istefaya göndərildi