BAKI, 3 avqust — Sputnik. Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən narotiklərlə mübarizə aparmaq üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Sputnik Azərbaycan Daxili İşlər Nazirliyi və Baş Prokurorluğa istinadən gün ərzində qeydə alınan, aşkarlanan belə hallarla bağlı məlumatları təqdim edir.
Saatlıda polislər narkotikləri yandırdılar
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən "Xaş-xaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Dədə Qorqud kəndi ərazisində yabanı halda bitmiş çətənə kolları aşkar edilib. Ümumi çəkisi 107 kiloqram olan 64 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
İsmayıllıda meşədə narkotik becərənlər "iş başında" yaxalanıblar
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyasına qarşı əməliyyat tədbiri həyata keçirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Göytəpə kəndi ərazisindəki meşə massivində çətənə kollarının becərilməsi barədə polisə əməliyyat məlumatı daxil olub. Həyata keçirilən tədbirlər nəticəsində həmin yerdə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Namiz Mirzəliyev və Tərlan Mamedov elə "iş başında" yaxalanıblar. Əraziyə baxış zamanı oradan 41 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Araşdırma zamanı saxlanılan şəxslərin narkotik tərkibli bitkiləri həm şəxsi istifadələri, həm də satmaq məqsədilə becərdikləri məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb, Namiz Mirzəliyev və Tərlan Mamedov təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.
Siyəzən sakini təcridxanada ölüb
Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin birgə məlumatına görə, avqustun 2-də Siyəzən rayon Polis Şöbəsinin əməkdaşlarına daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin alqı-satqısında şübhəli bilinən rayon sakini, 1990-cı il təvəllüdlü bun evində keçirilmiş axtarış zamanı 8 ədəd bükülüdə psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.
Tural İsmayılov şübhəli şəxs qismində tutularaq saxlanılması üçün Siyəzən RPŞ-nin Müvəqqəti Saxlama Yerinə təhvil verilib. Həmin gün saat 22 radələrində onun səhhəti saxlanıldığı MSY-də qəfildən pisləşdiyindən polis əməkdaşları tərəfindən o, dərhal Siyəzən Regional Diaqnostika və Müalicə Mərkəzinə yerləşdirilib, lakin həkimlərin səyinə baxmayaraq Tural İsmayılov orada ölüb.
Hazırda faktla bağlı Siyəzən rayon prokurorluğunda araşdırma aparılır. Tural İsmayılovla eyni və qonşu kameralarda saxlanılan şəxslərin və növbədə olan polis əməkdaşlarının izahatları alınıb, məhkəmə-tibb ekspertizası təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər həyata keçirilib.
Ekspert tərəfindən keçirilmiş ilkin xarici müayinə zamanı meyit üzərində hər-hansı xəsarət aşkar edilməyib.
Araşdırmanın nəticəsindən asılı olaraq qanuni qərarın qəbul edilməsi təmin ediləcək.
Eləcə də oxuyun:
Bakıda qonşu kişinin evinə sığınan qadın əri tərəfindən öldürüldü
Şabranda narkotik və silahı bir arada daşıyan şəxs saxlanıldı
Azərbaycanda narkotiklərin tüğyanı davam edir: Polis ölkənin hər yerində əməliyyat keçirib