İQTİSADİYYAT

Azərbaycanda virus müəmması: Rusiyadan gələn bildirişə görə xəbərdarlıq edildi

Azərbaycanda yetişdirilən tərəvəzlərdə virusun aşkarlanması hələ təsdiq olunmasa da AQTA, buna baxmayaraq, ciddi xəbərdarlıq edib, əlaqədar qurumlara müraciətlər ünvanlayıb.
Sputnik
BAKI, 3 avqust — Sputnik. Bitki virusunun iqtisadi zərərləri ortaya çıxdığına görə bir sıra ölkələr öz sərhədlərindən bu virusun daxil olmaması üçün profilaktik tədbir kimi məhdudiyyətlər tətbiq edir.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini Balarəhim Quliyev bildirib.
Onun sözlərinə görə, artıq Rusiya 2020-ci ildən etibarən Ermənistandan və qardaş Türkiyə Cümhuriyyətindən daxil olan pomidorda qonur qırışıqlıq virusunun aşkar olunması ilə əlaqədar müvafiq vilayətlərə məhdudiyyət tətbiq edib: "Bu ilin əvvəlindən isə Türkmənistan, Özbəkistan və Qazaxıstandan daxil olan pomidor bitkisində bipinomozaik virusunun aşkar olunması ilə əlaqədar həminm ölkələrin müvafiq vilayətlərinə qadağa tətbiq edib.
Azərbaycana da artıq bununla bağlı müəyyən siqnallar daxil olmaqdadır. İlk dəfə bu ilin aprelin 23-də Azərbaycanda fəaliyyət göstərən "Gözəl təbiət" MMC təsərrüfatına məxsus pomidor bitkisində Rusiyadan qonur qırışıqlıq virusunun aşkarlanması ilə bağlı bizə bildiriş daxil olub. Dərhal AQTA-nın mütəxəssisləri tərəfindən müəssisədə monitorinq keçirilib.
Məhsullardan götürülən nümunələr həm AQTA-nın laboratoriyasına, həm də Türkiyənin Kənd Təsərrüfatı Nazirliyinin araşdırmalar laboratoriyasına göndərilib. Lakin müayinələrin nəticələrinə əsasən, nümunələrdə virus aşkar olunmayıb. Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin nümayəndələri mayda Azərbaycanda səfərdə olan zaman həmin təsərrüfata baxış keçirib. Yenə də nümunələr götürülüb Rusiyaya göndərildi və nəticələrə görə virus aşkar olunmadı. Ona görə də həmin təsərrüfata tətbiq olunan məhdudiyyət aradan qaldırılıb".
Onun sözlərinə görə, sonrakı dövrdə isə Azərbaycanda fəaliyyət göstərən "Can aqro" və "Geotermal aqro" MMC-lərin məhsullarında epina mozaik, eyni zamanda "Lokal garden" MMC-nin yük partiyasında isə qonur qırışıqlıq viruslarının aşkar olunması ilə əlaqədar Azərbaycana bildirişlər daxil olub. Bununla əlaqədar, AQTA yenidən həmin müəssisələrdə monitorinqlər keçirib: "Ancaq bu bildirişlər gec daxil olduğuna və hazırda istilikxanalar öz məhsullarını istehsal edib bitirdiyinə görə monitorinq zamanı orada məhsula rast gəlmədik. Amma aldığımız məlumata uyğun olaraq həmin müəssisələrdə şitillər yığışdırılıb, xüsusi qaydada yandırılıb, basdırılıb və müəssisələr dezinfeksiya olunub. Yəni biz, profilaktik olaraq tədbirlər həyata keçirmişik".
B.Quliyev bildirib ki, virusun Azərbaycanda aşkarlanması hələ təsdiq olunmayıb: "AQTA buna baxmayaraq, ciddi xəbərdarlıq edir, əlaqədar qurumlara müraciətlər ünvanlanıb. Əlaqədar qurumların nümayəndələrindən ibarət işçi qrupların yaradılmasını təklif etmişik. Xəstəliyə qarşı hər hansı sağlamlaşdırma tədbirləri olmadığına görə, burada bizim ilkin işimiz ölkə sərhədlərini xəstəliyin keçməsindən qorumaqdır.
Xəstəliyin yayılmasına səbəb ölkəyə idxal olunan əkin-səpin üçün olan toxumlardır. AQTA ölkəyə rəsmi yollarla, gömrük nəzarətindən keçən toxumlara nəzarət edir, laborator müayinələr götürülür. Bundan sonra həmin həmin toxumların istifadəsinə icazə verir. Amma təəssüflə qeyd edim ki, ölkəyə qeyri-qanuni yollarla, əl yükləri ilə, müxtəlif poçt göndərişləri və yaxud avtomobillərin yük yerlərində dövlət nəzarətindən keçmədən əkin-səpin materialları daxil olur. İşin təhlükəliliyi bundadır ki, həmin məhsullar AQTA-nın nəzarətindən keçmir, ona görə də ölkəyə xəstəliyin daxil olmağına şərait yarana bilər. Ona görə də biz müvafiq qurumlara müraciətlərimizdə bildirmişik ki, təcili olaraq bu sahədə nəzarət gücləndirilməlidir".
AQTA-nın sədr müavini deyib ki, virus ölkəyə düşərsə, asanlıqla müxtəlif təsərrüfatlara yayıla bilər: "Virus müxtəlif alətlərlə, geyimlə, müxtəlif vasitələrlə digər təsərrüfatlara da yayıla bilər. Xəstə ştillər xüsusi qaydada yandırılıb, basdırılmasa, ətrafa atılsa, virusun ölkə ərazisində yayılmasına zəmin yarana bilər. Ona görə elə sistem qurulmalıdır ki, müxtəlif ölkəyə daxil olan əkin-biçin məhsullarına nəzarət olunsun".
Eləcə də oxuyun:
Elxan Mikayılov: “AQTA toxumların virusa görə müayinəsini həyata keçirir”
Azərbaycana idxal edilən pomidorda xəstəlik aşkarlanıb
Azərbaycanda yeni tərəvəz növləri yaradılıb
Rusiya azərbaycanlı pomidor və alma ixracatçılarına qapılarını açıb