BAKI, 2 avqust — Sputnik. DİN-in Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yol hərəkəti qaydalarına riayət edilməsi ilə bağlı sürücülərə müraciət edib. Bu barədə Sputnik Azərbaycan-a BDYPİ-dən məlumat verilib.
Müşahidələrə bildirilir ki, bir çox hallarda sürücülər tərəfindən, xüsusən də respublika əhəmiyyətli avtomobil yollarında qarşıda hərəkətdə olan avtomobillə düzgün ara məsafəsi saxlanılmır və nəqliyyat vasitələrinin yolların hərəkət hissəsində yerləşdirilməsinə dair tələblərə riayət edilmir.
Qeyd olunur ki, "Yol hərəkəti haqqında" Azərbaycan Rеspublikası Qanununun tələblərinə əsasən, sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq ara məsafəsini elə seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun.
"Burada nəqliyyat vasitəsinin markası, modeli, digər texniki xüsusiyyətləri mühüm əhəmiyyət kəsb edir. Nəzərə alınmalıdır ki, köhnə avtomobillə müasir avtomobilin əyləc məsafəsi eyni deyil. Ona görə də avtomobilin texniki parametrlərinə, yol şəraitinə və əsasən də sürət rejiminə uyğun olaraq qabaqda gedən nəqliyyat vasitəsi ilə ara məsafəsi saxlanılmalıdır, yəni sürət həddi artdıqca ara məsafəsi çoxalmalıdır".
Müraciətdə o da qeyd olunur ki, yol şəraitinə uyğun müəyyən olunmuş sürət həddini heç bir halda aşmaq olmaz. Çünki sürət yüksək olduqda sürücü qarşısına çıxan maneəyə vaxtında reaksiya verə bilmir və qəza qaçılmaz olur.
"Bununla yanaşı, avtomobil yollarında sağ zolaq boş olduğu halda sol zolaqla hərəkət etmək qadağandır. Xüsusilə də texniki imkanları zəif olan, aşağı sürətlə hərəkət gedən nəqliyyat vasitələri çox zolaqlı yollarda sağ zolaqla idarə olunmalıdır.
Təsadüfi deyil ki, son vaxtlar nəqliyyat vasitələrinin arxadan vurulması halları çoxalıb və bu da ara məsafəsinin düzgün seçilməməsi ilə bağlıdır.
Burada həmçinin sürücü diqqətsizliyi vacib rol oynayır. İsti hava şəraitinin də sürücülərin əhvalına müəyyən təsirləri olduğunu nəzərə alaraq yuxulu, yorğun və əzgin halda sükan arxasına əyləşməməyi tövsiyə edirik", - müraciətdə vurğulanır.
Eləcə də oxuyun:
Gün başlanğıcında polisdən xəbərdarlıq