CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paşazadə: “Bu il biz həm Qurban bayramını, həm də Qələbəmizi qeyd edirik”

Qurban bayramının ikinci günündə möminlər paytaxt Bakıdakı “Təzəpir” məscidində bayram namazı qılıblar.
Sputnik

BAKI, 21 iyul - Sputnik. “Bu il biz iki bayramı - həm Qurban bayramını, həm də Qələbəmizi qeyd edirik. Şükür olsun Tanrıya ki, bu günü bizə qismət etdi”.

APA-nın xəbərinə əsasən, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə “Təzəpir” məscidində bayram namazında çıxışı zamanı bildirib.

Paşazadə işğal edilmiş ərazilərin azad olunmasında göstərdiyi sərkərdəliyə görə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə təşəkkür edib.

“Şuşaya gedəndə yolda fikirləşirdim ki, biz nələri itirmişik. Bütün Ağdam torpağı yerlə-yeksan edilib. Məscidlərin, minarələrin içinə elə sözlər yazıblar ki... Biz bu gün o ərazilərə gedə bilirik. Bu gün bizim borcumuz ondan ibarətdir ki, Qarabağ şəhidlərinə Allahdan rəhmət diləyək. Qazilərimizə də şəfa diləyirik”, - QMİ sədri qeyd edib.

Bayram namazı

Bu gün Bakının “Təzəpir” məscidində Qurban bayramı münasibətilə bayram namazı qılınıb.

“Təzəpir” məscidində bayram namazını Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə qıldırıb.

Bayram namazında İranın Ali Rəhbərinin Azərbaycandakı nümayəndəsi höccətül-islam Ocaq Nejad ağa və İran səfiri Seyid Abbas Musəvi də iştirak ediblər.

Azərbaycanda Qurban bayramı

İyulun 20-si və 21-də Azərbaycanda Qurban bayramı qeyd olunur. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının tövsiyələrinə görə, qurban kəsimi 20 iyul tarixindən başlayaraq 3 gün davam edə bilər.

Qurbanlığa tələblər

Şəriət qaydalarına görə, qurban kəsilən heyvan sağlam və kəsimə yararlı olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa münasib sayılmır. Qurban qoyun, keçi, öküz, inək və dəvə ola bilər. Adətən müəyyən yaş həddinə çatmış heyvanlar kəsilir. Keçi və qoyunun yaşı bir ilə yaxın, öküz və inək bir və ya iki ildən artıq, dəvənin isə beş ili tamam olmalıdır.

Yarmarkalar

Bakı, Abşeron və Sumqayıt ərazisində Qurban bayramı ilə əlaqədar olaraq qurbanlıq qoyunların onlayn satış yarmarkası təşkil olunacaq. Yarmarka Nazirlər Kabineti yanında Operativ Qərargahın mövcud karantin rejimi ilə əlaqədar tətbiq etdiyi qaydalara uyğun şəkildə keçirilir. Qurbanlıqların onlayn şəkildə sifarişinin həyata keçirilməsi üçün www.qurbanliq.kendden.az satış portalı 16 iyul tarixindən etibarən vətəndaşların istifadəsinə verilib.

Eləcə də oxuyun: