BAKI, 19 iyul – Sputnik. Müğənni Emin rusiyalı teleaparıcı Kseniya Sobçakın “Ehtiyatlı olun: Sobçak” layihəsinin qonağı olub. Çəkilişlər Moskva və Bakıda aparılıb. Emin aparıcıya Bakının Nardaran qəsəbəsindəki evini göstərib, onunla nərd oynayıb və özü barədə bəzi məqamları açıqlayıb.
Eminin atası, Azərbaycan əsilli rusiyalı biznesmen, Crocus Group şirkətlər qrupunun sahibi Aras Ağalarov da layihənin qonağı olub.
Emin özünü kim hesab edir
- Özümü Rusiyada yaşayan və bu ölkəni sevən azərbaycanlı hesab edirəm. Mən sovetlər birliyində doğulduğumdan və vaxtilə bunlar bir ölkə olduğundan daxilimdə dəqiq sərhədlər hiss etmirəm. Daim Moskvadan-Bakıya və əksinə uçuram.
Miras
- Ailəmizdə əvvəldən belə olub ki, əgər pul lazımındırsa, gəlib onu istəməlisən. Həmişə məqsədim özümü, öz ailəmi təmin etmək olub, yəni öz pulumun olmasını istəmişəm. Atam heç vaxt məni nədənsə məhrum etməyib. Anlayırdım ki, əgər istəsəm, heç vaxt yox deməz.
Bakı sevgisi
- Əvvəla, bura doğulduğum şəhərdir. Uşaqlığımda olan bütün yaxşı şeylər Bakı ilə bağlıdır. Bizi hər yay Bakının Nardaran qəsəbəsinə göndərirdilər. Atam 1983-cü ildə orada bağ evi tikmişdi. Bütün qohumlarımız oraya gəlirdilər. Anamla nənəm hamı üçün yemək hazırlayırdılar. Uşaqlığım işıqlı, qayğısız, qaynar olub. Bütün emosional uşaq xatirələrim Bakı ilə bağlıdır. Şəhərdə nadir hallarda olurduq. Bakı – sevdiyim şəhərdir, ancaq daim şəhərətrafı ilə daha çox assosiasiya olur, nəinki mərkəzlə. Heç vaxt buraya gəlmək imkanını qaçırmıram.
“JARA MUSIC”in qiyməti
- Leyblı təxminən 15 milyon dollara satdım. Onun özünə isə 500 min dollar yatırmışdım. Onu partnyorum Bəxtiyarla yaratmışdım. Bu, onun ideyası idi. İndi o, qərb leyblıdır.
“Jara” festivalı
- Birinci “Jara”nı Sergey Kojevnikov və Qriqori Lepslə keçirdik, sonra isə mən payları aldım. Hazırda festivalın 100% sahibiyəm. Bu layihəyə qoyduğum investisiyamı hələ çıxarmamışam. Əgər gələn il hər şeyi reallaşdıra bilsəm, o zaman festival ilk dəfə hansısa gəlir gətirər. “Jara”ya 35 milyon dollar qoymuşam, bunların 20 milyonunu çıxara bilmişəm. Ola bilsin, gələcəkdə festivalı beş gün deyil, on gün, yaxud iki həftə keçirə bilərik. Onu beynəlxalq etmək niyyətimiz var. “Avroviziya” müsabiqəsinin ulduzlarını da əlavə etmək istəyirik. Bu il “Jara”nın gəliri sıfır, xərcləri isə fəlakət oldu.
Eminin qiymətləri
- Özəl tədbirdə 100 min avroya çıxış edə bilərəm, amma bu elə də tez-tez olmur. Yerevana heç bir pul müqabilində getmərənm. Korporativlərdə çıxışdan əlavə, hədiyyə də verirəm.
Leyla Əliyeva ilə nikahı
- Bizim boşanmağımız haqda hamı KİV-dən öyrəndi. Atama boşandığımızı deyəndə söylədi ki, axmağam. Leyla ilə münasibətlərimiz yaxşıdır. Biz bacı-qardaş kimi olmuşuq. Müntəzəm olaraq zəngləşirik, şəxsi və şəxsi olmayan mövzuları müzakirə edirik. İlk gündən münasibətlərimiz isti idi, bundan qazanan uşaqlar oldular.
Biz ortaq qərarla düzgün yol seçdik. Bu gün Leyla ilə olan münasibətlərimiz əvvəlkindən daha yaxşıdır. Hesab edirəm ki, bir dövr olub ki, o məndən inciyib.
O vaxt mənim Azərbaycanda heç bir biznesim yox idi. Həmişə prezident tərəfdən tam dəstək hiss etmişəm, indi də elədir. Hətta qürrələnə bilərəm - cənab prezident bir neçə il əvvəl mənə Azərbaycanın Xalq artisti adını verib. Həmin vaxt biz artıq Leyla ilə ayrılmışdıq. Bu, onun şəxsən imzaladığı yüksək mükafatdır və buna görə ona minnətdaram.
Alyona Qavrilova ilə nikah
- Problem daha çox məndə idi, həyat tərzimdə, dünyagörüşümdə. Kənardan elə görünür ki, mənimlə asandır, amma əslində belə deyil. Yəqin ki, istənilən qadına mənimlə çətin olar. Hər şey mən istədiyim kimi olmalıdır, başqa cür ola bilməz. Beynim hər şeyi anlayır, ancaq güzəştə gedən adam kostyumu geyinmək hələlik mənlik deyil. Bu istiqamətdə işləməyə başlamışam. Beynimi qurdalamağa başladım, psixoloqa getdim, o da mənə kömək etməyə çalışır.
Qarabağ
Ermənistan 30 il boyunca Azərbaycan ərazilərinin 20%-ni işğal altında saxladı. Ərazini tutanda insanlar, uşaqlar, qocalar həlak oldular – bunlar izsiz ötüşmür. Ailələr dağıldı. İndi də hər iki tərəfdən xeyli insan həlak oldu. Azərbaycan yenidən bütövlüyünə qovuşdu, ancaq aydındır ki, hər iki tərəfdə ağrı qalıb və bundan qaçmaq mümkün deyil.
Ola bilsin ki, neçə illər sonra barışıq olsun, hər iki ölkənin öz sərhədi olanda. Azərbaycan bütün xəritələrdə olan və BMT qətnamələrində təsdiqlənmiş konturları nəhayət cızdı. İndi biz 30 il əvvəl əldə etməli olduğumuza sahibik. Əgər Rusiya başqa cür hərəkət etsəydi, o zaman özünə qarşı ədalətsiz davranmış olardı. Münaqişənin yeganə doğru həlli var idi – Azərbaycan torpaqlarının azad edilməsi.
Mən qaçılmaz olduğu məqama qədər zorakılığa, müharibəyə qarşıyam, ancaq bu, artıq baş verdi. İndi hesab edirəm ki, biz sıfır nöqtəsindəyik. Normal münasibət qura bilərik. Mən erməni xalqına nifrət etmirəm.
Eləcə də oxuyun:
Azərbaycanlı müğənni "Slavyan bazarı" müsabiqəsində iştirak edəcək
Rusiya ulduzları "Jara" festivalının səhnəsində bərq vururlar
Emin Ağalarov yeni klipini izləyicilərinə təqdim edib