CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vəli Qasımov Emrelinin “Legiya”da debütü və gənc futbolçuların Avropada perspektivi haqda

Azərbaycan futbolunun veteranı, Avropa klublarında oynamış Vəli Qasımov azərbaycanlı futbolçuların xarici çempionatlarda perspektivlərindən danışıb.
Sputnik

Futbol veteranı Vəli Qasımov hesab edir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin Varşava “Legiya”sında uğurlu debütü digər azərbaycanlı futbolçuların Avropa klublarına yolunu aça bilər.

Mahir Emreli Varşava “Legiya”sına Azərbaycan Premyer Liqasının ötən mövsümü bitən kimi Ağdamın “Qarabağ” klubundan keçib. Tərəflər uzadılmaq imkanını nəzərdə tutan üç illik müqavilə imzalayıblar. Azərbaycanlı futbolçu Polşa çempionlarının heyətində uğurlu debüt edib. Avstriyadakı ilk yoxlama matçında het-trik edib, sonra isə Çempionlar Liqasının təsnifat mərhələsində komandasının Norveçin “Bude Qlimtom” klubu  üzərindəki qələbəsində həlledici rol oynayıb. Həmin oyunda Emreli komandasının son iki qolunu vurub.

Sputnik Azərbaycan-a müsahibəsində İspaniyanın “Real Betis”, “Albasete”, Portuqaliyanın “Vitoriya” və “İmortal” klublarında oynamış Vəli Qasımov Emrelinin Varşava “Legiya”sının ilk oyunlardakı performansından və azərbaycanlı futbolçuların Avropa klublarında perspektivlərindən danışıb.

- Emrelinin Varşava “Legiya”sında debütü haqda nə düşünürsüz?

- Mahir, doğrudan da, Poşa klubunda çıxışını əla başladı. Ümid edirəm ki, bundan sonra da beləcə davam edərək qollar vuracaq. Bu, Azırbaycan futbolu üçün, gerçəkdən, yaxşı göstəricidir və bir növ Avropa arenasında reklamdır. Həmişə demişəm ki, nə qədər çox futbolçumuz xaricdə oynayarsa, buradakı milli komandamız da bir elə yaxşı oynayacaq. Avropa futbolundakı təcrübə tam başqa səviyyəli futbolçu yetişdirməyə imkan verir.

Təəssüf ki, hazırda xarici çempionatlarda oynayan futbolçularımızın sayı azdır. Görünür ki, bizim uşaqların Avropa futbol təcrübəsi çatışmır. Bunun üzərində işləmək, potensialı olan futbolçulara Avropa klublarına keçməkdə kömək etmək lazımdır. Bu zaman mütləq deyil ki, bu məhz xarici çempionatın yüksək divizionu olsun, futbolun yaxşı inkişaf etdiyi ölkədə ikinci diviziondan imtina etmək yaramaz.

- Yadımdadır ki, əvvəllər bizim futbolçuları Azərbaycan klublarındakı yüksək maaş burada saxlayırdı. İndi, pandemiya dövründə çempionatda elə də yüksək maaş yoxdur. Bu amil, eləcə də Emrelinin Polşada uğurlu debütü digər perspektivli uşaqları eyni addım atmağa təhrik edə bilərmi?

- Mahir, həqiqətən, gənc azərbaycanlı futbolçular üçün yaxşı nümunə ola bilər. Avropaya gənc və perspektivli, yaxud da artıq formalaşmış, ancaq yüksək səviyyəli futbolçuları göndərmək olar. Bizdə, təəssüf ki, yüksək səviyyəli futbolçuların sayı çox deyil. Çempionatın ötən mövsümündə Namiq Ələsgərovla Mahir Emreli yaxşı idilər. Axırıncı artıq xaricdə oynayır.

Hesab edirəm ki, bizim futbolçular iqtisadiyyata baxmamalıdırlar. Əgər inkişaf etmək istəyirlərsə, ustalıqlarını artırmaq həvəsindədirlərsə, mütləq Avropaya can atmalıdırlar. Əgər özlərini göstərsələr, potensiallarını nümayiş etdirsələr, pul özü gələcək. Yenə də deyirəm, bu, Azərbaycan millisinin xeyrinə olacaq. Qonşu ölkələrə nəzər salın, onların milli komandalarında əsasən xaricdə oynayan futbolçular çıxış edirlər.

- Azrbaycan Premyer Liqasında oynayan, özünü Avropada göstərə biləcək gənc futbolçuların adını çəkə bilərsinizmi?

- Konkret olaraq kimisə seçmək istəməzdim, ancaq bizim “Legiya” kimi klublarda oynaya biləcək futbolçularımız var, sadəcə Avropada onlar barədə heç nə bilmirlər. “Legiya” kimi klublarda oynayaraq, Avrokuboklarda çıxış edərək, özlərini orada göstərərək bizim uşaqlar Avropa klublarının diqqətini Azərbaycan çempionatına cəlb edə bilərlər.

Qeyd edim ki, hər bir klubun öz oyun sistemi və taktikası var və futbolçuları da onlara uyğun seçirlər. Yaxşı səviyyəli futbolçi stilinə uyğun gəlməyən komandaya düşərsə, özünü göstərməkdə çətinlik çəkə bilər.

- O zaman deyə bilərikmi ki, “Legiya” Mahir Emreliyə uyğun gəldi?

- Bu gün “Qarabağ” Avropa səviyyəli futbol nümayiş etdirir. Son zamanlar “Neftçi” də bu cür futbol sərgiləməyə başladı. Bir sıra klublarda Avrokuboklarda oynamaq imkanı qazanan gənc futbolçular var, onalr bu səbəbdən ustalıqlarını artırırlar. Əsasən buna görə Emreliyə “Legiya”nın sərgilədiyi oyun sisteminə uyğunlaşmaq çətin olmadı.

- Legioner kimi Avropada uzun illər oynamısınız. Avropa klubuna keçən futbolçu hansı çətinliklərlə üzləşir?

- İlk növbədə, bu, dil baryeridir. Digər vacib amil kollektivə uyğunlaşmaq bacarığıdır. Yaxşı futbolçu ola bilərsən, amma komanda yoldaşlarınla ünsiyyət yarada bilməsən, səni komandada sevməsələr, belə şəraitdə uzun müddət davam gətirə bilməzsən.

Bundan başqa, bəziləri öz ölkələrinə çox bağlı olurlar, şəraiti dəyişə, başqa qidaya, mədəniyyətə  alışa bilmirlər. Ancaq əgər futbolçu böyümək, nəsə əldə etmək istəyirsə, hər şeyə göz yumaraq yeni şərtlərə alışmalıdır.

- Nəyəsə göz yummalı olmusunuz?

- Adaptasiya ilə bağlı çətinliklərim olmayıb. İlk növbədə dil öyrənməyə çalışırdım, bundan sonra yerli şəraitə uyğunlaşmaq asan olurdu. O vaxt bir fikrim vardı – aparıcı Avropa klublarından birinə düşmək. Uşaq vaxtımdan qarşıma məqsəd qoymuşdum: əvvəlcə Azərbaycanın ən yaxşı klubuna düşüm, sonra millidə oynayım, sonra isə Avropaya gedim. Təbii ki, hər şey birdən, sən istədiyin kimi alınmır. Futbolçu üçün ən dəhşətli olan zədələrdir, məni onlar əngəllədiyindən top klublara düşə bilmədim. Ancaq istənilən halda əldə etdiyim uğurlardan razıyam.

Eləcə də oxuyun: