İDMAN

Pedri Avropa çempionatının ən yaxşı gənc futbolçusu elan olunub

İspaniya millisinin 18 yaşlı hücumçusu komandasının Avropa çempionatındakı altı oyununun hamısında meydana çıxıb.
Sputnik

Futbol üzrə İspaniya millisinin oyunçusu Pedri AVRO-2020-nin ən yaxşı gənc oyunçusu elan olunub. Bu barədə UEFA-nın rəsmi saytında məlumat verilir.

18 yaşlı oyunçu AVRO-2020-də altı oyunda iştirak edib və demək olar ki, bütün oyunlarda sona qədər meydanda olub. "Barselona" komandasının şərəfini qoruyan hücumçu yalnız bir dəfə - İsveçrə millisinə qarşı 1/4 final oyununun 119-cu dəqiqəsində əvəz olunub (ispanların penalti seriyasında qələbəsi).

"O heyrətamiz, unikal futbolçudur. Bu turnirdə 18 yaşında Pedri kimi oyun oynayan olmayıb, heç Andres İnyesta da bu cür oynamayıb", - deyə İspaniya millisinin baş məşqçisi Luis Enrike bildirib.

İspaniya millisi AVRO-da yarımfinala qədər yüksəlib və finala vəsiqəni italyanlara, özü də oyundan sonrakı penaltilər seriyasında uduzub.

"Avropa çempionatının ən yaxşı gənc oyunçusu" mükafatı UEFA tərəfindən 2016-cı ildə təsis olunub. Mükafatın ilk sahibi portuqaliyalı yarımmüdafiəçi Renatu Sanşeş olub.