RUSİYA

Moskvada yeniyetmələr üçün "Sputnik V"-nin klinik tədqiqatlarına başlanıldı

İmmunlaşdırma prosesi artıq 18 yaşdan yuxarı insanlarda tətbiq olunan "Sputnik-V" peyvəndi ilə aparılır, ancaq yeniyetmələrə daha az dozada vurulur. Bütün bu müddət ərzində yeniyetmələr daim həkim müşahidəsi altında olacaqlar.
Sputnik

BAKI, 6 iyul — Sputnik. Moskva Qamaleya adına Mərkəzlə birlikdə 12-17 yaşlı yeniyetmələr üçün "Sputnik V"-nin klinik tədqiqatlarına başlayıb. Bu barədə Moskva şəhər merinin sosial inkişaf məsələləri üzrə müavini Anastasiya Rakova məlumat verib.

Tədqiqatların birinci və ikinci fazası Morozovsk uşaq xəstəxanası və Z.A.Başlyayev adına uşaq xəstəxanası ilə birlikdə aparılır.

"Biz artıq bunun üçün tələb olunan sayda – 100 nəfər iştirakçı toplamışıq. Dünən ilk könüllülərin tibbi müayinəsinə başlanılıb. Onlar mütləq qaydada PZR testdən keçirilirlər", – deyə merin müavini bildirib.

İmmunlaşdırma prosesi artıq 18 yaşdan yuxarı insanlarda tətbiq olunan "Sputnik-V" peyvəndi ilə aparılır, ancaq yeniyetmələrə daha az dozada vurulur. Tədqiqat başladığı müddətdən etibarən 1 il davam edəcək. Bütün bu müddət ərzində yeniyetmələr daim həkim müşahidəsi altında olacaqlar.

"Birinci və ikinci komponentin vurulmasından sonra yeniyetmələr üç gün ərzində stasionarda, təcrid olunmuş mühitdə qalacaqlar. Orada onlar yenidən müayinə edilərək sağlamlıq vəziyyətlərinə nəzarət olunacaqlar. Bundan sonra uşaqlar analiz vermək üçün bir neçə dəfə də xəstəxanaya gəlməli olacaqlar", – deyə Rakova əlavə edib.

Uşaqlar mobil tətbiq vasitəsilə gündəlik özlərini necə hiss etdiklərini qeyd edəcək, tibb işçiləri isə onların sağlamlığına telefon vasitəsilə nəzarət edəcəklər.

Tədqiqata əvvəllər koronavirusa yoluxmamış, peyvənd preparatına qarşı əks-göstərişi və digər tibbi məhdudiyyətləri olmayan yeniyetmələr cəlb olunacaq. Əgər hər hansı bir şəxs peyvəndə iki həftə qalmış kəskin respirator virus xəstəliklərinə məruz qalıbsa və ya ən az 30 gün əvvəl başqa xəstəliklərə qarşı peyvənd olunubsa, həmin şəxs vaksinasiyaya cəlb olunmur.

Tədqiqatın üçüncü mərhələsi paytaxtın uşaq poliklinikalarında aparılacaq: bu prosesdə 250 nəfər iştirak edəcək, onların seçiminə bu ilin yay mövsümünün sonunda başlanılacaq. Tədqiqatın nəticəsinə əsasən, yeniyetmələrin COVID-19-a qarşı vaksinasiya proqramına cəlb olunmasına başlanılacaq.

Rusiya Səhiyyə Nazirliyi 2020-ci ilin avqust ayında koronavirus infeksiyasının profilaktikası məqsədilə Qamaleya Mərkəzində istehsal olunmuş dünyada ilk vaksin preparatını qeydiyyatdan keçirib.

"Sputnik-V" insan adenoviral vektorlarının sübut edilmiş və yaxşı öyrənilmiş platformasında yaradılıb. Vaksinasiyaya cəlb olunmuş 3,8 milyon Rusiya vətəndaşının analiz nəticələrinə görə, preparatın effektivliyi 97,6 fazidir. Qamaleya Mərkəzindən verilən məlumata görə, bu, "The Lancet" jurnalında dərc olunmuş nəticədən (91,6%) yüksəkdir.

Eləcə də oxuyun: