BAKI, 6 iyul — Sputnik. Dünya şöhrətli azərbaycanlı alim, arxeoloq Rauf Munçayev vəfat edib.
Bu barədə Sputnik Azərbaycan-a AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutundan məlumat verilib.
Bildirilib ki, R.Munçayev Rusiyanın paytaxtı Moskvada 93 yaşında dünyasını dəyişib.
Alim 1928-ci il 23 sentyabr tarixində Zaqatala şəhərində anadan olub. 1953-1955-ci illərdə SSRİ EA-nın Dağıstan filialının Ədəbiyyat, Dil və Tarix İnstitutunda işləyib. 1960-1964-cü illərdə "Sovet Arxeologiyası" jurnalının məsul katibi olub.
1968-1991-ci illərdə SSRİ EA-nın Arxeologiya İnstitutunun əməkdaşı kimi kiçik elmi işçi, böyük elmi işçi və direktor müavini vəzifələrini icra edib. 1971-ci ildən tarix elmləri doktoru olub. 1985-1999-cu illərdə tarix elmləri üzrə AAK-ın ekspert şurasının üzvü olub. 1985-ci ildən Alman Arxeoloji İnstitutunun müxbir üzvüdür. 1986-cı ildə professor elmi adını alıb. 1987-1999-cu illərdə tarixə qədərki dövrün tarixçilərin beynəlxalq ittifaqının icraedici komitəsinin və daimi şurasının üzvü olub. 1990-ci ildən Afrika və Şərq İtalyan İnstitutunun müxbir üzvü olub. 1991-2003-cü illərdə Arxeologiya İnstitutunun direktoru vəzifəsini icra edib.
1995-2006-cı illərdə Rusiya EA-nın Tarix Elmləri (sonralar Tarix və Filologiya elmləri) Bölməsininin Büro üzvü olub. 2000-ci il 26 may tarixindən Rusiya Elmlər Akademiyasının Tarix üzrə (Ümumi Tarix) müxbir üzvü olub.
2003-cü ildən Rusiya EA-nın müşaviri olub. Rusiya EA-nın Arxeologiya İnstitutunun Dissertasiya Şurasının sədri işləyib.
2009-cu ildə Qafqaz Arxeologiyasının tədqiqi üzrə qrupun rəhbəri olub.
2009-cu ildən Dağıstan Dövlət Universitetinin fəxri professorudur.
"Arxeologiya SSSR" çoxcildliyi nəşrinin redaksiya şurasının sədri, baş redaktor müavinidir.
Müxtəlif vaxtlarda "Vorld Arxeoloci", "Sovetskaya Etnoqrafiya", "Rossiyskaya arxeologiya", "Vestnik drevney istoriyi", "Problemı İstoriyi, Filologiyi i kulturı" və "Obşestvennıe i qumanitarnıye nauki. Seriya. "İstoriya" jurnallarının redaktorlar kollegiyasının və şurasının tərkibinə daxil olub.
Rauf Munçayev Qafqazın neolit, eneolit və erkən tunc dövrlərinin, o cümlədən də dolmen mədəniyyətinin tədqiqatçısı, Əfqanıstanda, Bolqarıstanda, Stavropol diyarında və Yaxın Şərqdə kompleks arxeoloji tədqiqatların rəhbəri kimi tanınır.
2015-ci il oktyabr ayının 27-də Azərbaycan-Rusiya elmi əlaqələrinin inkişafındakı böyük xidmətlərinə görə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun fəxri doktoru adına layiq görülüb.
Eləcə də oxuyun:
ATƏT-in iclasında ermənilərin talan etdiyi mədəni abidələrlə bağlı məsələ müzakirə edilib
Tovuzda Orta əsrlər dövrünə aid mədəni təbəqə aşkar edilib
Şirvanşahların iqamətgahı dağılmaq təhlükəsi ilə üz-üzə qalıb