Ağdamdakı bölmələrimiz atəşə tutulub, Azərbaycan Ordusunun hərbi qulluqçusu yaralanıb

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Azərbaycan Ordusunun Ağdam rayonunun Əliağalı kəndi istiqamətində yerləşən bölmələri atəşə tutulub.
Sputnik

BAKI, 6 iyul - Sputnik. İyulun 6-da saat 17:50 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Azərbaycan Ordusunun Ağdam rayonunun Əliağalı kəndi istiqamətində yerləşən bölmələri atəşə tutulub.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata istinadla xəbər verir ki, atəş nəticəsində yol təkmilləşdirmə işlərinə cəlb olunan hərbi qulluqçumuz baş gizir Dadaşov Sakit Əhliman oğlu yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, hərbi hospitala təxliyə olunub.

Baş vermiş insidentin araşdırılması üçün Rusiya sülhməramlı qüvvələrinin komandalığına və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə məlumat verilib.

Yerevanın iddiasına Müdafiə Nazirliyindən cavab

Azərbaycan Ordusunun bölmələri tərəfindən atəş açılmayıb. Şəxsi heyətimiz arasında heç bir yaralanan yoxdur. Bu barədə iyunun 6-da saat 15:00 radələrində Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilmişdi.

"Ermənistan tərəfinin dövlət sərhədində baş vermiş insidentlə bağlı yaydığı məlumata cavab olaraq Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən atəş açılmayıb. Şəxsi heyətimiz arasında heç bir yaralanan yoxdur.
Əgər Ermənistan silahlı qüvvələrində hər hansı bir itki və ya yaralı varsa, bu, yalnız öz aralarında baş verən insident nəticəsində ola bilər", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, daha əvvəl Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının mətbuat xidmətinin nümayəndəsi, polkovnik Samvel Asatryan bildirmişdi ki, Geğarkunikdə guya Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında atışma olub. Nəticədə Ermənistan tərəfindən bir əsgər, Azərbaycan tərəfindən isə iki əsgər yaralanıb.

24 iyun 2021-ci il

İyunun 24-də saat 14:30-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonunun Ayqedzor kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonu Muncuqlu kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.
Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Qeyd edək ki, ən son iyunun 11-də saat 13.45-dən başlayaraq Vardenis rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisindəki Ermənistan silahlı qüvvələri mövqelərindən Kəlbəcər rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan mütəmadi atəşə tutulmuşdu.

Sərhəddə gərginlik

Xatırladaq ki, müntəzəm olaraq iki ölkənin sərhədindən təlaşlı xəbərlər alırıq. Bu il mayın 12-də Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi tədbirlərini qarşı tərəf Zəngəzur ərazisinin, xüsusilə Qaragöl ətrafının qəsbi kimi qələmə verməyə çalışıb. Ermənistan KTMT-yə müraciət etsə də, təşkilatdan ona hərbi əməliyyatlara əl atmamaq tövsiyə edilib. Mayın 24-dən 26-dək Azərbaycan ordusunun mövqeləri üç istiqamətdən atəşə tutulub.

Bundan üç gün sonra Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qruplarının fəaliyyəti ilə bağlı daxil olan əməliyyat məlumatına əsasən diversiya qrupları saat 03:00 radələrində dövlət sərhədimizi keçib və ərazilərimizin daxilində minalama işlərini və digər təxribat əməllərini aparmağa cəhd göstərib.

İlkin məlumata görə, qarşı tərəfin iki kəşfiyyat-diversiya qrupu dövlət sərhədimizi iki istiqamətdə keçib. Qrupların biri 9, digəri isə 15 hərbi qulluqçudan ibarət olub. Kəşfiyyat-diversiya qruplarının hərəkəti nəzarətə götürülüb. Ərazimizdəki təminat və digər keçid yollarında minalama fəaliyyəti həyata keçirərkən Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin hər iki qrupuna qarşı dərhal əməliyyat tədbirləri görülüb.

Nəticədə düşmənin birinci kəşfiyyat-diversiya qrupundan 1-i zabit olmaqla 4, digərindən isə 2 hərbi qulluqçu, ümumilikdə 6 nəfər tərk-silah edilərək saxlanılıb. Digər erməni hərbi qulluqçuları ərazimizi dərhal tərk edərək geriyə çəkiliblər.

Mayın 27-dən 28-nə keçən gecə ərzində Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Aşağı Buzqov yaşayış məntəqəsi yaxınlığında yerləşən mövqelərimizin Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdə açdığı atəşə məruz qalması barədə məlumat yayıb. Məlumata görə, atəş nəticəsində hərbi qulluqçu əsgər Muradov Elxan İlham oğlu çiynindən yaralanıb. Yaralı əsgərimizə dərhal ilkin tibbi yardım göstərilərək hospitala təxliyə edilib. Əlahiddə Ümumqoşun Ordunun bölmələrinin cavab atəşi ilə qarşı tərəf susdurulub.

İyunun 4-də xidməti vəzifələrini yerinə yetirmək üçün işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş telekanal və informasiya agentlikləri əməkdaşlarını aparan "KamAZ" markalı sərnişin avtomobilinin Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşməsi nəticəsində üç nəfər – AzTV telekanalının operatoru Sirac Abışov, AZƏRTAC İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev şəhid olub, daha 4 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Həmçinin oxuyun:

* Müdafiə Nazirliyi sərhədlə bağlı Yerevanın iddiasına cavab verdi

Ermənistan Tovuz və Kəlbəcərdəki mövqelərimizi atəşə tutub

* Ermənistan silahlı qüvvələri bu gün ikinci dəfə Kəlbəcərdəki mövqelərimizi atəşə tutub

Kəlbəcərdəki bölmələrimiz Ermənistan tərəfindən atəşə tutulub