22:31 21 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0161
  • RUB0.0233
QARABAĞ
Qısa URL
3370

Bu fakt bir daha onu sübut edir ki, Ermənistan tərəfi seçki öncəsi qəsdən iki ölkənin dövlət sərhədi istiqamətində vəziyyəti gərginləşdirmək və hərbi təxribatlar törətmək siyasətini davam etdirir.

BAKI, 10 iyun - Sputnik. Ermənistan Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinə atəş açması barədə açıqlama yayıb. Ermənistan silahlı qüvvələri tərəfindən silahlı qüvvələrimizin mövqelərinə atəş açılması faktı öz təsdiqini tapıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir.

"Açılmış atəş nəticəsində Azərbaycan silahlı qüvvələrinin şəxsi heyəti sırasında həlak olan və ya yaralanan yoxdur. Bu fakt bir daha onu sübut edir ki, Ermənistan tərəfi seçki öncəsi qəsdən iki ölkənin dövlət sərhədi istiqamətində vəziyyəti gərginləşdirmək və hərbi təxribatlar törətmək siyasətini davam etdirir. Baş vermiş hadisəyə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür", - məlumatda vurğulanır.

Bu ilk deyil 

Xatırladaq ki, iyunun 1-i saat 20.00 radələrində Ermənistan silahlı qüvvələri təqribən 40 nəfərə yaxın şəxsi heyətlə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Armudlu kəndi istiqamətində 400 metr Azərbaycan ərazisinə daxil olub və 40 dərəcə 04 dəqiqə 30 saniyə şimal enliyi, 45 dərəcə 54 dəqiqə 42 saniyə şərq uzunluğu (N 40°04′30″; E 45°54′42″) coğrafi koordinatlarında mövqe tutmuşdular.

Azərbaycan Respublikasının silahlı qüvvələrinin dərhal həyata keçirdiyi tədbirlər nəticəsində Ermənistan silahlı qüvvələri ölkəmizin ərazisindən çıxarılıb.

Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinin birgə yaydığı məlumatda bildirilirdi ki, Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin ölkəmizin ərazisindən çıxarılması zamanı silahlı qüvvələrimiz tərəfindən silah tətbiq edilməyib.

"Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazisinə müdaxiləsi növbəti təxribatdır və bunun məsuliyyəti tam şəkildə Ermənistan tərəfinin üzərinə düşür. Baş verən hadisə bir daha onu göstərir ki, beynəlxalq ictimaiyyətin və Azərbaycan tərəfinin sərhəd məsələlərinin danışıqlar və dialoq yolu ilə həll edilməsi ilə bağlı çağırışlarına zidd olaraq Ermənistan iki ölkənin dövlət sərhədi boyunca vəziyyəti gərginləşdirmək məqsədini güdür", - məlumatda deyilirdi. 

O da bildirilirdi ki, Azərbaycan Respublikasının dövlət sərhədlərinin pozulması və ölkəmizin ərazisinə Ermənistan silahlı qüvvələrinin müdaxiləsi hallarının qarşısı bundan sonra da qəti tədbirlər vasitəsilə alınacaq. Ermənistan məsuliyyətli davranmalı, qonşu dövlətlərin sərhədlərinə və ərazi bütövlüyünə hörmət etməli və regionda vəziyyəti gərginləşdirə biləcək təxribatlardan çəkinməlidir.

Sərhəddə nə baş verir? Öncə Qaragöl

Ermənistan-Azərbaycan sərhədində vəziyyət mayın 12-də yenidən gərginləşib. Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi tədbirlərini qarşı tərəf Zəngəzur ərazisinin, xüsusilə Qaragöl ətrafının qəsbi kimi qələmə verməyə çalışıb. Ermənistan KTMT-yə müraciət etsə də, təşkilatdan ona hərbi əməliyyatlara əl atmamaq tövsiyə edilib.

Azərbaycan əraqzisi üç istiqamətdəm atəşə tutuldu

Mayın 24-dən 26-dək Azərbaycan Ordusunun Kəlbəcər və Gədəbəy rayonlarında yerləşən mövqeləri Ermənistan Respublikasının Geqarkunik vilayəti ərazisindəki düşmən mövqelərindən fasilələrlə atıcı silahlardan atəşə tutulub. Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, eyni zamanda Ermənistan tərəfi təxribat məqsədilə Şuşa şəhəri ətrafında yerləşən postlarımız istiqamətində avtomat silahlardan havaya atəş açıb. Cavab atəşi açılmayıb. İtki yoxdur.

Kəlbəcər təxribatı

Mayın 25-də Ermənistan Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan dövlət sərhədində Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Ermənistanın Geqarkunik rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisindəki mövqelərinin guya Kəlbəcər rayonu ərazisindən atəşə tutulması barədə məlumat yayıb, bildirib ki, guya bir əsgər həlak olub.

Azərbaycan Müdafiə Nazirliyi bunu təkzib edərək mayın 25-də günorta saatlarında Ermənistan silahlı qüvvələrinin şəxsi heyətlə dolu yeddi yük maşını sərhədin qeyd olunan sahəsinə yaxınlaşmağa cəhd etdiyini, bölmələrimiz tərəfindən görülən xəbərdarlıq tədbirləri nəticəsində qarşı tərəfin hərəkətinin qarşısının alındığını bildirib. Erməni hərbi qulluqçusunun ölümü ilə bağlı insidentin isə bədbəxt hadisə nəticəsində baş verdiyini, bu hadisənin Azərbaycan tərəfi ilə hər hansı bir əlaqəsi olmadığını vurğulayıb.

Diversiya qrupu ələ keçdi

Mayın 27-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qruplarının fəaliyyəti ilə bağlı daxil olan əməliyyat məlumatına əsasən diversiya qrupları saat 03:00 radələrində dövlət sərhədimizi keçib və ərazilərimizin daxilində minalama işlərini və digər təxribat əməllərini aparmağa cəhd göstərib. Qarşı tərəfin iki kəşfiyyat-diversiya qrupu dövlət sərhədimizi iki istiqamətdə keçib. Qrupların biri 9, digəri isə 15 hərbi qulluqçudan ibarət olub. Onlara qarşı dərhal əməliyyat tədbirləri görülüb. Nəticədə düşmənin birinci kəşfiyyat-diversiya qrupundan 1-i zabit olmaqla 4, digərindən isə 2 hərbi qulluqçu, ümumilikdə 6 nəfər tərk-silah edilərək saxlanılıb. Digər erməni hərbi qulluqçuları ərazimizi dərhal tərk edərək geriyə çəkiliblər.

Naxçıvan atəş altında

Azərbaycan Müdafiə Nazirliyi mayın 27-dən 28-nə keçən gecə ərzində Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Aşağı Buzqov yaşayış məntəqəsi yaxınlığında yerləşən mövqelərimizin Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdə açdığı atəşə məruz qalması barədə məlumat yayıb. Məlumata görə, atəş nəticəsində hərbi qulluqçu əsgər Muradov Elxan İlham oğlu çiynindən yaralanıb. Yaralı əsgərimizə dərhal ilkin tibbi yardım göstərilərək hospitala təxliyə edilib. Hərbi qulluqçumuzun həyatı üçün heç bir təhlükə yoxdur.
Əlahiddə Ümumqoşun Ordunun bölmələrinin cavab atəşi ilə qarşı tərəf susdurulub. Əməliyyat şəraiti Azərbaycan Ordusunun tam nəzarəti altındadır.

Zəngilanda gərginlik

Mayın 30-da media səhifələrində Zəngilan rayonu ərazisində dövlət sərhədində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupunun Azərbaycan ərazisinə keçməyə cəhd göstərərkən zərərsizləşdirilməsi, qrupun 2 üzvünün saxlanılması barədə məlumatlar yayılıb. Bununla bağlı Dövlət Sərhəd Xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, bu məlumatlar həqiqəti əks etdirmir, Ermənistanla dövlət sərhədində vəziyyət stabildir və bölmələrimizin tam nəzarəti altındadır.

Teqlər:
Müdafiə Nazirliyi, atəş, Ermənistan, Azərbaycan, Qarabağ, Kəlbəcər

Əsas mövzular