CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qarşıda bizi AVRO-2020 yarımfinalçılarının müəyyən olunacağı dörd həyəcanlı oyun gözləyir

Avropa çempionatının 1/4 finalının nəticələri barədə fikirləri ilə Sputnik Azərbaycan-ın köşə yazarı Fuad Məmmədov-Paşabəyli bölüşür.
Sputnik

 

Hörmətli futbol həvəskarları, əminəm ki, siz də mənim kimi on altıncı Avropa çempionatının 1/8 finalında baş verənləri böyük diqqət və maraqla izləmisiniz. Qitə birinciliyinin pley-off mərhələsinin ilk turunun oyunları bizim proqnozlarımızın doğruluğunu əyani surətdə nümayiş etdirdi. Lakin bəzi uyğunsuzluqlar da oldu, məsələn, mənim Fransa-İsveçrə oyununda hazırkı dünya çempionlarının sözsüz qələbəsi ilə bağlı ehtimallarım özünü doğrultmadı və bunun səbəbi, ilk növbədə isveçrəlilərin bu qarşılaşmada möcüzəli oyun göstərməsidir. İndi isə gəlin, dörddəbir final oyunları ərəfəsində, bu mərhələdə iştirak edən komandaların imkanlarını və qarşılaşmaların mümkün nəticələrini təhlil etməyə çalışaq…

İsveçrə - İspaniya

Qoy İspaniya millisinin azarkeşləri məndən inciməsinlər (onların sayı çoxdur), lakin mən İsveçrə komandasının tərəfindəyəm. Bunu səbəbi, ilk növbədə, "bankirlərin" dünya futbolunun qrandlarından biri olan Fransa komandasına qarşı necə həvəs və fədakarlıqla oynamalarıdır. İspanlar hazırkı birincilikdə qətiyyən pərəstişkarlarının onlardan gözlədikləri oyunu göstərmirlər. Halbuki, bunun ciddi səbəbləri var. Pireneylilərin baş məşqçisi Luis Enrikenin heyətində Xavi və İnyesta kimi dahiyanə oyunçular yoxdur və ona görə də ispanların meydanın mərkəzində ciddi çətinlikləri var. Bununla yanaşı, komandada liderin olmaması da hiss olunur. Görkəmli qapıçı, çətin anda oyunçuları həvəsini alovlandıra biləcək İker Kasilyas da karyerasını başa vurub. Bundan əlavə, ispanlar millidə böyük nüfuza sahib olan Serxio Ramosun xidmətlərindən imtina ediblər, lakin bəlkə də, Luis Enrikenin Ramosu yığmaya dəvət etməməsinin də səbəbi elə budur. Müəyyən mövqelərdə problemlər var, amma hücumda bu özünü daha çox büruzə verir. Torres heç də pis deyil, amma Morato oyundan-oyuna qol məqamlarını əldən buraxır. Həm də ispanlar kifayət qədər qol vururlar, amma kimə? Bunlar çempionatın aşkar autsayderləri olan slovaklar və beş il əvvəl Rusiyada olduqları kimi oynamayan xorvatlardır. Onu da nəzərə alaq ki, ispanlar qələbəni xorvatların əlindən balkanlılar tamamilə gücdən düşdükdən sonra aldılar.

İspanların rəqiblərdə bəxti çox gətirirdi. Onların qarşısına indiyə qədər hətta bu cür, parlaq olmayan ispan yığmasının da öhdəsindən gələ biləcəyi komandalar çıxırdı. Lakin indi onları qarşıda isveçrəlilər gözləyir. Onlar isə sözsüz ki, hazırkı dünya çempionları üzərində qələbədən sonra yüksəliş yaşayırlar. Lakin "bankirlərin" düşərgəsindəki bu müsbət əhval-ruhiyyəyə baxmayaraq, pireneylilərin komandasındakı bəzi problemləri mən qeyd etməliyəm: hətta bu cür vəziyyətdə olmasına baxmayaraq, ispan millisi isveçrəlilərdən səviyyəcə yüksəkdir. Sonuncular qalib olmaq üçün daha bir möcüzəli oyun oynamalıdırlar. Bəs onlar bunu edə biləcəklərmi? Əgər bacarsalar, o zaman uğur "bankirlərin" tərəfində olacaq. Əks halda, ispanların səviyyəsi öz sözünü deyəcək.

Belçika - İtaliya

Bilirsinizmi, heyfim gəlir: bu oyun finala layiq qarşılaşmadır, lakin nə etməli?! Mən istedadlı Belçika yığmasına müsbət yanaşıram, amma bu oyunda apenninlilərə azarkeşlik edəcəyəm. Bu komandanın 1970-ci ildən, Meksikada keçirilən dünya çempionatından bəri pərəstişkarı olmuşam. Müxtəlif nəsilləri təmsil edən italiyalı oyunçular dünya futbolunun ikişafı üçün müqayisəyə gəlməyəcək dərəcədə çox iş görüblər. Onlardan bəzilərinin oyununu xatırlayanda isə biz indi də həyəcanlanırıq. Son illər italyan futbolunda müəyyən böhran baş versə də onların pərəstişkarları sevimlilərinin bunun öhdəsindən gələcəyinə ümidli idilər. Və budur, bu, baş verib: Roberto Mançini əla balanslaşdırılmış və ən yüksək nəticələri qarşısına məqsəd qoymuş gözəl bir komanda hazırlayıb. Lakin avstriyalılarla oyunda onların çətinlikləri bir qədər təəccübləndirdi. Onu da qeyd edim ki, 1/8 finalda Avstriya yığması tarxində, bəlkə də ən yaxşı oyununu oynadı ki, bu da, zənnimcə, italyanlar üçün bir qədər gözlənilməz idi.

Lakin Belçika yığması Avstriya komandası deyil. Bu komanda FİFA-nın reytinqində birinci yerdədir və on altıncı Avropa çempionatının favoritlərindən biridir. İtalyanlar bu oyuna çox ciddi hazırlaşacaqlar və onların ustadı Mançini belçikalıların bütün mümkün zəif yerlərini nəzərə alacaq. Belçikalıların isə, heyətin ulduzlardan ibarət olmasına rəğmən, zəif yerləri var. Əvvəlki oyunlar göstərdi ki, parlaq oyun nümayiş etdirən Kevin de Brüyne zədədən hələ tam yaxa qurtara bilməyib, Eden Azar da ən yaxşı formada deyil. Bu iki futbolçu isə yığmanın həlledici oyunçularıdır. Meydanın mərkəzində savadlı oyun məhz onlardan asılıdır. Bu iki lider heyrətamiz dəqiqliklə ötürmələr etdikdə isə belçikalıların hücumçuları və ilk növbədə Lukaku istənilən yığma üçün dəhşətli təhlükəyə çevrilir. Əgər Azarların böyüyü və de Brüyne bu oyunda var gücü ilə oynaya bilsələr, italyanların işi çox çətin olacaq. Mən yenə də italyanların güclü olacağını düşünürəm, amma mənim "Skuadra Adzurra"ya rəğbətimin obyektivliyimə bir qədər təsir etdiyini də istisna etmirəm.

Çexiya – Danimarka

Hər iki komandada oynayanlar müasir yaş nəslinin nümayəndələridir və onlar öz sələfərinin uğurlarını təkrar etmək barədə xəyallar qururlar. Məlum olduğu kimi, Danimarka millisi 1992-ci ildə İsveçdə keçirilən Avropa çempionatında gözəl futbol nümayiş etdirərək, bütün nüfuzlu komandaları geridə qoyub və qitənin birincisi olub. Antonin Panenkonun rəhbərliyi altında Çexoslovakiya yığması isə 1976-cı ildə Avropa çempionu olub, bundan iyirmi il sonra isə dünya futbolunun superulduzu Pavel Nedvedin liderliyi altında İngiltərədə keçirilən qitə birinciliyinin fnalına qədər yüksəlib.

Beləliklə, bu millilər öz yığmalarının əvvəlki nəsillərinin uğurlarına tam uyğun olmaqda qətiyyətlidirlər. Lakin iyulun 3-də keçiriləcək əyani qarşılaşmadan sonra bu komandalardan biri çempionatı tərk etməli və kədərlə öz iddialarından əl çəkməli olacaqlar.

Kim uduzacaq? Danimarkalılar hazırda uğuru yaxalayıblar, həm də komandanın mənəvi vəziyyəti də əladır. Komandanın lideri Kristian Eriksenin xəstəliyi əvvəldə danimarkalıların səfərbərliyini bir qədər azaltdı ki, bu da onların finlərə məğlub olması ilə nəticələndi. Lakin bundan sonra onlar hər oyunu ilhamla oynadılar. Öz yoldaşları ilə telefonla əlaqə saxlayan Kristian onları müsbət əhvala kökləmək üçün hər şey edir. Həqiqətən də, danimarkalılar bütün növbəti oyunlarını uğurla keçiriblər.

Çexlər də Avropa birinciliyinin favoritlərindən biri olan Niderland yığması üzərində qələbədən sonra döyüşkən ruhdadırlar. "Narıncılarla" oyunda onlar rəqibə öz oyunlarını qəbul etdirməyi bacardıqlarını nümayiş etdiriblər. Əgər çexlərin məşqçi heyəti lazımi taktiki sxemi seçə və danimarkalıların sıralarını əhəmiyyətli dərəcədə poza bilsə, bu, sonuncuların uğur hissinin əldən getməsinə səbəb olacaq və çexlər qələbə qazanacaqlar. Yenə də, mən düşünürəm ki, çexlər danimarkalıları dayandıracaqlar.

Ukrayna – İngiltərə

Andrey Biba, Valeri Porkuyan, Yojef Sabo, Yevgeni Rudakov, Viktor Kolotov, Oleq Bloxin, İqor Belanov, Andrey Şevçenko – müxtəlif yaş nəsillərini təmsil edən bu görkəmli Ukrayna futbolçularının və əfsanəvi məşqçi Valeri Vasilyeviç Lobanovskinin adları, habelə onların yoldaşları ilə birlikdə bizə bəxş etdikləri həyəcanlı sevinc dəqiqələri birmənalı olaraq mənim Dnepr sahillərindən olan futbolçulara rəğbətimə dəlalət edir.

Bundan əlavə, mən artıq yazılarımda dəfələrlə bildirmişəm ki, Andrey Şevçenko Avropa çempionatına gözəl komanda hazırlamağa və oyunçulara öz gücünə inam hissini təlqin etməyə müvəffəq olub. Ukraynalılar öz məşqçilərinin təlimatlarını yerinə yetirərək İsveç yığması ilə oyunda skandinaviyalıları bütün mövcud üstünlüklərindən məhrum edə biliblər ki, bu da onların tamamilə narahat bir rəqib üzərində qələbə çalmasına şərait yaradıb.

Lakin bu dəfə onların qarşısında heyətində çox güclü oyunçular olan İngiltərə yığması dayanacaq. Bəli, ingilislər hazırkı çempionatda çox da yüksək keyfiyyətli futbol göstərmirlər, lakin bu onlara bütün rəqibləri geridə qoymağa və əzəli rəqibləri olan Almaniya millisini 1/8 finalda məğlub etməyə mane olmayıb.

Dəfələrlə dünya və Avropa çempionları üzərində qələbə - bu, artıq turnirdə qələbə üçün bir ciddi iddiadır. Lakin belə bir faktı da nəzərə almaq lazımdır ki, almanlar Rusiyada keçirilən dünya çempionatından sonra müəyyən böhran yaşayırlar. Yoahim Löv oyunçuları ilə birlikdə bu qitə birinciliyində də onun öhdəsindən gələ bilməyib. Məsələ heç ingilislərə məğlubiyyətdə də deyil, Almaniya millisinin oyununun keyfiyyətindədir. Odur ki, ingilislərin almanlar üzərində qələbəsindən sonra britaniyalıların imkanlarını həddən artıq yüksək qiymətləndirmək lazım deyil.

Düşünürəm ki, ukraynalılar ingilis həddini keçə bilərlər. Lakin bəzi obyektiv səbəblər var ki, onlar ukraynalılara bunu etməkdə mane ola bilər. Əsas səbəb ehtiyat oyunçular "skamyasının balaca" olmasıdır. Andrey Şevçenkonun komandasında ingilislərə qarşı dura biləcək oyunçular kifayət qədər deyil. Lakin hər şey əhvaldan asılıdır: Artyom Dovbikin isveçlilərin qapısına vurduğu qolu yada salaq. Amma yenə də...

Ukrayna millisinin liderlərindən biri olan, "Mançester Siti" komandasının oyunçusu, komandasının 1/8 finalda qələbəsi üçün çox iş görmüş Aleksandr Zinçenkonu qeyd edək.

İngiltərənin digər komandasında – "Vest Hem"də oynayan Andrey Yarmolenko da ötən oyunlarda uğurlu çıxış edib, lakin isveçlilərlə oyunun sonunda həddən artıq yorulub. Düşünürəm ki, əgər o, gücünü bərpa edə bilsə, ingilislərə ciddi problemlər yarada bilər. Belçikanın "Gent" klubunun oyunçusu Roman Yaremçuk da yaxşıdır. Əgər İtaliyanın "Atalanta" klubunun oyunçusu Ruslan Malinovski də 1/4 finalda bütün bacarığını nümayiş etdirə bilsə, ukraynalıların qələbə şansları ikiqat artacaq.

Amma "balaca skamya" problemi və həm də ukraynalıların fiziki hazırlığının aşağı olması oyunun nəticəsinə ciddi təsir edə bilər. Çünki Andrey Şevçenkonun komandasının zəif cəhətlərini görən tək biz deyilik, ingilislərin baş məşqçisi Qaret Sautgeyt də onları görür. Bundan əlavə, "Tottenhem"in Manuel Noyerin qapısına vurduğu qoldan ilhama gəlmiş məşhur hücumçusu Harri Keyn də məhsuldarlıqla daim qol vuran Rahim Sterlinqə qoşula bilər.

Bununla yanaşı, oyunun Romada keçirilməsi ukraynalılar üçün əlverişlidir. Nə üçün? Çünki İtaliyada indiyə qədər də "Milan"da yaddaşlardan silinməyən mövsümlər keçirmiş və italyanların "Şevo" adlandırdıqları Andrey Şevçenkoya çox yaxşı münasibət var. Düşünürəm ki, Ukrayna və İngiltərə arasında qarşılaşmada italiyalı "tiffozi" əfsanəvi Şevonun tərəfində olacaq.

İngilislərin tərəfində isə onların sözsüz yüksək səviyyəsi, yaxşı fiziki hazırlıq, "skamyanın uzun olması" olacaq. Zənnimcə, bu oyun əsasən Şevçenko-Sautgeyt qarşıdurması olacaq. Onu da əlavə edim ki, düzgün oyun sxeminin seçilməsi hələ işin yarısıdır. Əsas odur ki, oyunçular məşqçinin təlimatlarını yerinə yetirə bilsinlər.

Hörmətli futbol həvəskarları, məni bağışlayın, amma icazə verin, burada komandaların imkanları barədə analitik fikirlərimin izharını bitirim və oyunun nəticəsi barədə birmənalı proqnoz verməyim. Çünki mən Ukrayna millisinə həddən artıq rəğbət bəsləyirəm və onlara qələbə arzulayıram.

Beləliklə, qarşıda bizi on altıncı Avropa çempionatı yarımfinalçılarının müəyyən olunacağı dörd həyəcanlı oyun gözləyir. Hörmətli futbol həvəskarları, xoş seyrlər!