BAKI, 1 iyul — Sputnik. Konya şəhərində keçirilən “Anadolu Qartalı – 2021” beynəlxalq taktiki-uçuş təlimlərinin növbəti günündə Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi pilotları şərti düşmənin hava hücumundan müdafiə vasitələrindən yayınmaqla, onun yerüstü hədəflərinin məhv edilməsi üzrə tapşırıqları icra ediblər.
Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb.
Azərbaycanın hərbi pilotları peşəkarlıq nümayiş etdirərək, qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetiriblər.
"Anadolu Qartalı - 2021" təlimləri
Azərbaycan hərbi pilotlarının da iştirakı ilə Türkiyənin Konya şəhərində keçirilən “Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimi iyunun 22-də başlayıb.
Hərbi pilotlarımız qarşıya qoyulan tapşırıqları uğurla icra edirlər.
Bu gün, iyulun 1-də "Anadolu Qartalı - 2021" beynəlxalq taktiki-uçuş təlimi çərçivəsində keçirilən "Yüksək səviyyəli müşahidəçi günü"ndə Azərbaycan Hərbi Hava Qüvvələri komandanının müavini general-mayor Namiq İslamzadə də iştirak edib.
Qonaqlar Türkiyə Silahlı Qüvvələrinin məşhur "Mehtəran" birliyinin "Mehtər marşı"nı və Türkiyə Hərbi Hava Qüvvələrinin "Solo Türk" və "Türk Ulduzları" aviaqrupuna daxil olan F-5 və F-16 tipli təyyarələrinin nümunəvi uçuşlarını izləyiblər.
Sonda qonaqlar simulyasiya mərkəzi ilə də yaxından tanış olublar.
Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Hasan Küçükakyüz təlimlərdə iştirak edən pilotların hazırlığını yüksək qiymətləndirib və onlara fəaliyyətlərində uğurlar arzulayıb.
“Anadolu Qartalı – 2021” beynəlxalq taktiki-uçuş təlimləri iyulun 3-dək davam edəcək.
Eləcə də oxuyun:
Hərbçilərimiz şərti düşmənin canlı qüvvəsi və zirehli texnikasını məhv edib
"Mustafa Kamal Atatürk – 2021" təlimlərinin üçüncü günü
Azərbaycan HHQ-nin komandanının müavini Türkiyəyə niyə gedib
Azərbaycanın qırıcı təyyarələri şərti düşmənə zərbələr endirib