BAKI, 30 iyun — Sputnik. "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" çərçivəsində 2021-ci ilin payız semestri üçün xaricdə doktorantura təhsilinə sənəd qəbuluna start verilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sənəd qəbulunda nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil almaq istəyən və ya təhsil alan Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilərlər. Proqram prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və hazırda müvafiq sahələr üzrə doktorantura səviyyəsində təhsil alan namizədlər üçün nəzərdə tutulub. Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən həyata keçirilir. Müraciət üçün son tarix 31 iyul 2021-ci il müəyyən edilib.
Xaricdə doktorantura təhsili
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2018-ci il tarixli 711 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" çərçivəsində 2021-ci ilin yaz semestri üçün xaricdə doktorantura təhsili həyata keçirilir. Məlumat üçün bildirək ki, Proqramın əsas hədəfi ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir. Ali təhsil müəssisələrinin inkişafına dəstək verilməsi məqsədilə beynəlxalq təcrübənin öyrənilərək tətbiq edilməsi vacib prioritetlərdəndir. ABŞ, Almaniya, Avstraliya, Böyük Britaniya, Fransa və Yaponiya kimi ölkələrdə, xüsusilə ötən əsrin sonlarından etibarən aktuallaşmış transmilli təhsil modelinin Azərbaycan Respublikasında tətbiqi uğurlu nəticənin əldə olunmasına şərait yaratmalıdır. Bu baxımdan beynəlxalq ikili diplom proqramlarının ölkəmizdə tətbiqinin təmin olunması xüsusi əhəmiyyət kəsb edir. Bununla əlaqədar, ölkənin inkişaf prioritetlərinə uyğun ixtisaslar üzrə ali məktəblərimizdə tədrisin dünyanın qabaqcıl ali təhsil müəssisələrinin tədris proqramlarına uyğun olaraq təşkili təmin edilməlidir.
Eləcə də oxuyun:
Nazir parlamentə getdi: "Ali təhsil haqqında" qanun layihəsinin müzakirəsinə qatılacaq
Azərbaycanda bəzi tələbələr dövlət imtahanından azad olunurlar - Nazirliyin şərhi
Təhsil haqları ilə bağlı müraciət müddəti uzadılıb
Xaricdə oxuyanların diplomları tanınmadı