SƏHİYYƏ

Azərbaycanda uşaqlar arasında ən çox rast gəlinən endokrinoloji xəstəliyin adı açıqlandı

Azərbaycan Tibb Universitetinin şöbəsinin müdiri tövsiyə edir ki, valideynlər bu xəstəliklərdən qorunmaq üçün uşaqların qidalanmasına ciddi fikir verməli və açıq havada gəzmələrinə şərait yaratmalıdırlar.
Sputnik

BAKI, 14 iyun — Sputnik. Son illər uşaqlar arasında endokrinoloji xəstəliklərdən əziyyət çəkənlərin sayı əvvəlki illərlə müqayisədə çoxalıb. Aparılan müşahidələr onu deməyə əsas verir ki, uşaqlarda ən çox şəkərli diabet xəstəliyi aşkar olunur, valideynlər uşaqlarında çəkinin artmasından və piylənmə prosesinin sürətlə getməsindən şikayətlənirlər.

Sputnik Azərbaycan xəbər verir ki, uşaqlarda həmin xəstəliklərin hansı səbəbdən yaranması və onları qorumağın yolları barədə Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının uşaq pulmonologiya, allerqologiya və endokrinologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent Gündüz Əhmədov öz tövsiyələrini verib.

Şöbə müdirinin sözlərinə görə, endokrinoloji xəstəlikərə təkcə böyüklərdə deyil, uşaqlarda da rast gəlinir. Təsnifatına görə, uşaqlar arasında ən çox rast gəlinən endokrinoloji xəstəlik şəkərli diabetdir. Endokrin sistemdə uşaqlar arasında belə xəstələrin sayının daha çox olduğunu qeyd edən G.Əhmədov onun yaranmasının səbəblərini də açıqlayıb:

"Şəkərli diabetin yaranmasının səbəblərindən biri irsi, genetik faktordur. Belə ki, kimin ailəsində şəkər xəstəsi varsa, artıq o, həmin xəstəliyin bir daşıyıcısıdır. Bu da nə vaxtsa nəsildə özünü büruzə verməlidir".

Diabet xəstəliyinə gənc və orta nəsil arasında daha çox təsadüf edildiyini deyən mütəxəssis onların hər il lazımi müayinələrdən keçmələrinin vacibliyini vurğulayıb, valideynlərə uşaqlarının artıq çəki yığmaması, piylənmə ilə üzləşməməsi üçün qida rejiminə fikir vermələrini məsləhət görüb: “Məlumdur ki, pandemiya uşaqlarda oturaq həyat tərzi yaradıb. Hərəkətlə bağlı məhdudiyyətlər onlarda piylənmə və artıq çəkinin yaranmasına səbəb olur”.

Şöbə müdiri Bakı şəhər 6 saylı uşaq xəstəxanasında qeydiyyatda olan şəkərli diabet xəstələrinin statistikası barədə də açıqlama verib. Onun sözlərinə görə, 1997-ci ildə aparılan araşdırma zamanı aşkar olunan diabetli xəstələrin sayı 15 olub. 2007-ci ildə bu rəqəm 74, ötən il isə 255-ə çatıb. Həkim say artımının başlıca səbəbi kimi uşaqlarda psixoloji gərginliyin olmasını qeyd edib.

Şöbə müdirinin sözlərinə görə, araşdırmalar zamanı bəlli olub ki, diabetli oğlan uşaqları qızlardan daha çoxdur. Həkim bunun səbəbini dünyaya gələn oğlanların sayının daha çox və onların genetikasının qızlardakından fərqli olması ilə izah edib. Bildirib ki, qızlar oğlanlarla müqayisədə özlərində topladıqları stressi daha asan ata bilirlər:

"Uşaqlar arasında ən çox rast gəldiyimiz problem artıq çəkinin olması və piylənmədir. Piylənmə təkcə diabet deyil, onkoloji xəstəliklər də yaradır. Qız uşaqlarında piylənmənin olması gələcəkdə süd vəzində onkoloji xəstəlik yarada, eləcə də ana olmaq qabiliyyətinə mənfi təsir göstərə bilər. Uşaqlar arasında bronxial xəstələrin sayının artması, oynaqlarında problemlərin, qaraciyərlərində piy hepatozunun yaranması da onlarda artıq çəkinin, piylənmənin müşahidə edilməsi ilə əlaqədardır".

G.Əhmədov 12 yaşadək uşaqlarda piylənmənin qarşısını almaq üçün hansısa dərman vasitələrinin olmadığını diqqətə çatdırıb. Bildirib ki, bu səbəbdən valideynlər uşaqların qidalanmasına ciddi fikir verməli və açıq havada gəzmələrinə şərait yaratmalıdırlar: “Çalışsınlar ki, meyvə-tərəvəzdən çox istifadə etsinlər və yeməklərin arasındakı vaxtlarda onlara şirniyyat və digər un məmulatları verməsinlər. Bu məsləhətlərə əməl olunarsa, uşaqları gələcəkdə üzləşə biləcəkləri ağır xəstəliklərdən qorumaq mümkündür”.

Həmçinin oxuyun:

* "Şirin-şəkər balalar" belə getsə, oxşatma yox, diaqnoz ola bilər

* Şəkər xəstələri üçün təhlükəli olan meyvələr məlum oldu

* Şəkər xəstələri vaksin olunmalıdır?

* Məktəbə gedən uşaqlar koronavirusa yoluxa bilərmi? Həkimlərdən qızıl kimi tövsiyələr