BAKI, 6 iyun — Sputnik. Çin yeni növ koranavirus (COVID-19) əleyhinə "Sinovac Biotech" vaksininin 3-17 yaşlı uşaqlarda tətbiqini təsdiqləyib.
Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, bu barədə istehsalçı şirkətin direktoru Yin Veidonq bildirib. O bildirib ki, vaksinin tətbiqi ilə bağlı aparılan kliniki sınaqların ikinci mərhələsi tamamlanıb. Əldə edilən ilkin nəticələr uşaqlarda immun sisteminin cavab reaksiyasını hərəkətə keçirdiyi və əksər yan təsirlərin yüngül olduğunu ortaya qoyub.
Qeyd edək ki, 1 iyunda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çinin “Sinovac Biotech” şirkətinin COVID-19 virusu əleyhinə “CoronaVac” peyvəndini təcili istifadə üçün təsdiqləyib. Bu, ÜST-ün COVID-19 virusu əleyhinə təcili istifadə üçün təsdiqlədiyi 2-ci Çin peyvəndidir. Bundan əvvəl “Sinopharm” şirkətinin peyvəndi ilə bağlı eyni qərar verilmişdi. Bu qərar “CoronaVac” peyvəndinin COVAX təşəbbüsü çərçivəsində paylanmasına imkan yaradacaq.
“Sinovac” şirkətinin COVID-19 əleyhinə peyvəndi təsirsiz hala gətirilmiş (inaktivləşmiş) vaksindir. Bu peyvəndlərin hazırlanmasında orqanizmdə ciddi xəstəliyə və ya əks-təsirə səbəb olmadan bədənin immunitet sistemini virusa məruz qoymaq üçün öldürülmüş virus hissəciklərindən istifadə olunub.
“Sinovac” şirkətinin peyvəndi Çin ilə yanaşı, dünyanın bir çox ölkəsində COVID-19 virusu əleyhinə vaksinasiyada istifadə olunur. Şirkət indiyədək 260 milyon doza “CoronaVac” peyvəndi istehsal edərək, yerli və xarici sifarişçilərə çatdırıb. Şirkət peyvəndə artan tələbatı nəzərə alaraq illik istehsal gücünü 2 milyard dozaya çatdırmaq üçün 3-cü istehsal xəttini istifadəyə verib.
Xatırladaq ki, Azərbaycanda yanvarın 18-dən həyata keçirilən vaksinasiya prosesində Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronaVac” peyvəndindən də istifadə olunur.
Eləcə də oxuyun:
Bu şəxslərə peyvənd vurdurmaq olmaz
Hindistanda koronavirusun peyvənd olunanlar üçün təhlükəli ştammı tapıldı
COVID-19 pasportu olmayanlara işdə hansı qadağalar qoyula bilər?