İDMAN

Bakıda "Formula 1" təsnifatı: çoxlu qəzalar və Ferrari-nin zəfəri

"Formula 1" Azərbaycan Qran-Prisində yarışların təsnifatı başa çatıb. Ən yaxşı vaxtı Ferrari-nin pilotu Şarl Lekler göstərib.
Sputnik

"Formula 1" Azərbaycan Qran-Prisinin ikinci günü dörd yarış keçirilib. Bu barədə Sputnik Azərbaycan xəbər verir.

Azərbaycan Qran-Prisinin ikinci günü Bakıda "Formula-2" sprinter yarışları ilə (11:25-12:15) başlayıb, "Formula-2"nin ikinci sprinter yarışı isə 17:40-dan 18:40-dək davam edib.

"Formula-1" çərçivəsində isə üçüncü sərbəst praktika (13:00-14:00), eləcə də əsas bazar yarışında startda bolidlərin düzülüşünü təyin edəcək kvalifikasiya (16:00-17:00) təşkil olunub.

Nəhayət, üçüncü gün, iyunun 6-da "Formula-2"nin əsas yarışı keçiriləcək, o isə 12:45-dən 13:50-dək davam edəcək.

Bazar günü 14:10-dan 14:50-dək "Formula-1" pilotlarının paradı olacaq, 15:44-dən 15:46-dək Azərbaycanın Dövlət himni səslənəcək, 16:00-dan 18:00-dək isə "Formula-1"in Azərbaycan Qran Prisinin əsas yarışı baş tutacaq.

Çoxlu qəzalar və Ferrari pilotunun təsnifatdakı poul-mövqeyi

"Formula 1" Azərbaycan Qran-Prisində təsnifat yarışları başa çatıb. Təsnifatın birinci yarısı qəzalarla bol olub. Nəticədə birinci sessiyadan sonra təsnifat Nikolas Lətifi (Williams), Nikita Mazepin və Mik Şumaxer (hər ikisi Haas Uralkali), Dens Stroll (McLaren) və Antonio Covinasi (Alfa Rpmeo) üçün başa çatdı. Birinci sessiyada ən yaxşı vaxtı isə Luis Həmilton göstərib.

Təsnifatın ikinci sessiyasında McLaren-dən Deniel Rikkardo öz bolidini vurub. Yekun sessiyada üçüncü döngədə təhlükəli epizod baş verib. Alpha Tauri-dən Yuki Sunoda təhlükəsizlik baryerinə dəyib. Bunu arxadan gələn Ferrari-nin pilotu Karlos Sayns görüb və dərhal əyləcə basıb, nəticədə maşın fırlanaraq maneəyə dəyib. Hər iki pilot yarışdan çıxıb.

Təsnifatın final sessiyasında ən yaxşı vaxtı Ferrari-nin digər pilotu Şarl Lekler göstərib - 1:41,218. Ona görə də o, bazar günü əsas yarışa poul-mövqedən başlayacaq. Təsnifatda ikinci yeri dünya çempionu Luis Həmilton tutub. O liderdən 0,232 saniya geri qalıb. Üçüncü yeri tutan Maks Ferstappen liderdən 0,345 saniyə geri olub.

"Formula 2"nin ikinci sprintinin qalibi

"Formula 1" Azərbaycan Qran-Prisi çərçivəsində "Formula 2" yarışları növündə ikinci sprinter yarışı olub.

İkinci sprintin qalibi Hitech Grand Prix komandasının pilotu Yuri Vips olub. İkinci və üçüncü yerləri Chrouz Racing-dən Devid Bekman və Carlin-dən Cehan Daruvala tutublar.

"Formula 1"in üçüncü məşqi

Bakıda Azərbaycan Qran-Prisi çərçivəsində "Formula 1" bolidlərinin üçüncü məşqi gözlənilməz nəticələrlə başa çatıb.

Belə ki, dünya çempionatında lider olan, birinci məşqdə qalib qəlmiş və ikincidə ikinci yeri tutmuş Maks Ferstappen təhlükəsizlik maneəsinə dəyərək yoldan çıxıb. Üçüncü məşqdə ən yaxşı vaxtı isə çoxları üçün gözlənilməz olaraq Alpha Taurinin pilotu fransız Pyer Qasli göstərib - 1:41,251.

İkinci nəticəni Red Bull komandasının ikinci pilotu Serxio Peres göstərib. O liderdən 0,344 saniyə geri qalıb. Üçüncü yeri tutmuş hazırkı dünya çempionu Luis Həmilton liderdən 0,446 saniyə zəif olub.

Maraqlıdır ki, Həmiltonun üçüncü nəticəsi də məşqin gözlənilməzliyi sayıla bilər. Ötən iki məşq sessiyasında Həmilton uğurusz çıxış edərək 7 və 11-ci yerləri tutmuşdu. İkinci gün də onun işləri yaxşı getmirdi və sonuncu dövrədən əvvəl o, 17-ci idi. Lakin, son dövrədə britaniyalı vəziyyəti düzəldə bildi.

Beləliklə, Bakı vaxtı ilə 16:00-da start götürəcək Azərbaycan Qran-Prisinin təsnifatı öncəsi yarışda gərginlik artıb. Artıq ilk gündə gözəl nəticələr göstərən Red Bull pilotları ilə Həmiltonun da mübarizə aparacağı aydın olur.

Dörd qəza

5 İyun şənbə günü planlaşdırılan iki “Formula 2” sprint yarışı başlayar-başlamaz dörd avtomobil qəzaya uğrayıb. Belə ki, əvvəlcə “Hitech Gran Prix” komandasının pilotu Liam Loyson, avtomobilini təhlükəsizlik səddinə çırpıb.

Yeri gəlmişkən, o, bir gün əvvəl “Formula 2”-nin seçmə yarışında ən yaxşı nəticə göstərmişdi. Ondan sonra daha üç pilot – Cek Aytken, Alesio Delede (hər ikisi də WHA komandasındandır), eləcə də “Prema” komandasından Oskar Piastrinin avtomobilləri qəzaya uğrayıb. Onların üçü də Bakı Şəhər Halqasının ikinci döngəsində idarəetməni itiriblər.

Sputnik Azərbaycan hər yarış günündən mətn formasında canlı yayım verir.

"Formula-1"in birinci günü nə ilə yadda qaldı

"Formula 1" üzrə Azərbaycan Qran Prisinə iyunun 4-də start verilib. Azərbaycan Qran Prisinin ilk günündə dörd yarış oldu. Bunlardan ikisi “Formula-1” sinfinin sərbəst yürüşləri idi. Burada Red Bull komandasının pilotları Maks Ferstappenlə Serxio Peres üstün oldular. Hazırkı dünya çempionu Lüis Hemilton üçün isə ilk yarış günü uğurlu sayılmaz - əvvəlcə o, yeddinci, sonra isə 11-ci oldu.

“Formula-2” sinfindən olan yarışlara gəlincə, pilotlar əvvəlcə sərbəst yürüş sessiyasını keçdilər, sonra isə təsnifat baş tutdu. Sonuncuda bazar günü keçiriləcək əsas “Formula-2” yarışının start sıralaması bəlli oldu.

"Formula 1"- 2021 Azərbaycan Qran Prisi

"Formula 1"- 2021 Azərbaycan Qran Prisi 4-6 iyun tarixlərində keçiriləcək. "Formula 1" yarışları 2016-cı ildən bəri Bakıda keçirilir. Bununla belə, "kral yarışları"nın ilk Bakı mərhələsi "Avropa Qran Prisi" adlanırdı və ikiqat dünya çempionu Fernando Alonso onun ulduz-səfiri idi. 2017-ci ildən isə Bakı yarışı Azərbaycan Qran Prisi adını alıb. Elə həmin il Bakıda keçirilən "Formula-1" mövsümün ən həyəcanlı yarışı kimi qəbul edilib.

Keçən il Azərbaycan Qran Prisinin təşkilatçıları, "Baku City Circuit" əməliyyat şirkəti koronavirus pandemiyası səbəbindən yarışı ləğv etmək məcburiyyətində qaldı. Bununla əlaqədar olaraq "kral yarışları"nın Bakıda keçirilməsi daha bir il, 2024-cü ilə qədər uzadıldı. Eyni səbəbdən bu il "Formula 1"-in Bakı mərhələsi tamaşaçısız baş tutacaq.

Eləcə də oxuyun:

  • "Formula 1" üzrə Azərbaycan Qran-prisinin cədvəli: onlayn necə baxmaq olar
  • DYP-dən "Formula 1"lə bağlı növbəti xəbərdarlıq
  • Günter Ştayner: Bakı yürüşlərin keçirilməsi üçün gözəl yerdir
  • Bu yollarda hərəkət məhdudlaşdırılır