Azərbaycanda turistlərin sevimli məkanı uçmaq təhlükəsi ilə üzləşib - FOTO

Biganə münasibət ən möhtəşəm abidələrimizdən sayılan “Ulu Körpü”nün dağılmasına gətirib çıxara bilər. Sputnik Azərbaycan turistlərin sevimli məkanının dağılmaq təhlükəsindən yazır.
Sputnik

BAKI, 28 may — Sputnik, İbrahim Həşimov. Qax rayonu ərazisindəki orijinal xüsusiyyətlərə malik qədim tarixi-memarlıq abidələrindən biri də XVII-XVII əsrlərdə inşa edilmiş “Ulu Körpü”dür. İlisu kəndinin yaxınlığında yerləşən körpünün tikintisi üçün olduqca əlverişli bir yer seçilib.

Körpü çay yatağının daraldığı yerdə, sal qayalar üzərində çay daşı, əhəng məhlulu və bişmiş kərpicdən, bəzi mənbələrə görə isə hətta yumurta sarısından istifadə edilməklə inşa olunub. İstifadə olunan materiallar körpünü bu vaxta qədər dayanıqlı saxlayıb. Ancaq biganə münasibət ən möhtəşəm abidələrimizdən sayılan “Ulu Körpü”nün də dağılmasına gətirib çıxara bilər.

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, hazırda körpünün üzərindən nəqliyyat vasitələri işləməsə də, sel suları onun bəzi hissələrini dağıdıb. İlisu kənd sakinləri də turistlərin ən çox üz tutduğu memarlıq abidələrindən biri olan “Ulu Körpü”nün hazırki vəziyyətindən çox narahatdırlar. Kənd sakini Həmzə Həmzəyev Sputnik Azərbaycan-a bildirib ki, belə hal körpünün görünüşünə xələl gətirir. Əgər dağıntılar bu sürətlə davam edərsə, gələcəkdə körpüdə təhlükəli vəziyyət yarana bilər.

Azərbaycanda turistlərin sevimli məkanı uçmaq təhlükəsi ilə üzləşib - FOTO
“Körpü bu vaxta qədər Kürmük çayının gətirdiyi coşqun sel sularına sinə gərib. Sel suları bir çox hallarda körpünün divarlarını yuyub. “Ulu Körpü”nü görməyə hər il minlərlə turist gəlir. Körpüyə baxmağa gələn turistlər körpü üzərindən yalnız piyada hərəkət edə bilərlər. Ancaq bu da körpü üçün yaranmış təhlükənin qarşısını almır”.

Həmzə Həmzəyev deyib ki, “Ulu Körpü”nün təmirinə ehtiyac var.

“Bu körpü qədimi abidədir, İlisu kəndinin gözüdür. Gün ərzində 2- 3 min turist qəbul edir. Özüm şahid olmuşam ki, sel suları bu körpünün üstündən aşır, dağıdır. Yüngülvari təmir edirlər, amma ciddi bərpaya ehtiyacı var”, – deyə H. Həmzəyev qeyd edib.

Məsələ ilə bağlı İlisu Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Azər Qocayev Sputnik Azərbaycan-a bildirib ki, məsələdən xəbərdardırlar və tezliklə təmirə başlayacaqlar.

“Güclü leysan yağışlarından sonra əmələ gələn sel suları körpünün üstündən aşıb keçsə də, bu vaxta kimi ona ciddi ziyan dəyməyib. Yalnız sel sularının təsirindən eroziya və silkələnmələrin yaratdığı dağıntı əmələ gəlir. Yəni daşlar yerindən qopur. Biz də daxili imkanlar hesabına dağıntıları aradan qaldırırıq. Bu il aprel-may aylarında güclü yağışlar yağdı və sel sularından sonra körpüdə bir sıra dağıntılar əmələ gəldi. Sabahdan yan divarlarda təmir işlərinə başlanacaq. Dağıntıları aradan qaldıracağıq və qopub düşmüş daşları yerinə otuzduracağıq”, – deyə A. Qocayev vurğulayıb.

Eləcə də oxuyun:

  • XVII əsrdə inşa olunan və ot basan tarixi abidə təmizləndi

  •  Şuşa məscidi və Xudafərin körpüsü Goranboya "gətirildi"

  •  Ərdəbildə Səfəvilər sülaləsinin banisi - Şeyx Səfiəddinin türbəsi - Fotolent

  •  "İslam irsimizi tanıyaq": İmamzadə ziyarətgahı - VİDEO

  •  İlisudakı sirli yazı oxundu - VİDEO

  • Bomboş qalan cənnət məkan – Orada sükutdan qulaq tutulur