Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 27 may — Sputnik. "Ermənistanın təxribat qrupunun Kəlbəcər istiqamətində Azərbaycan ərazilərinə daxil olmaq cəhdi Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatın pozulması deməkdir".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva öz "Twitter" səhifəsində yazıb.
"Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin Kəlbəcər istiqamətində sərhəd yaxınlığında təxribat törətməsi barədə məlumat yayıb. Bir qrup erməni təxribatçısı Azərbaycan ərazilərinə keçməyə cəhd göstərib. Bu, növbəti təxribat xarakterli hərəkət və Ermənistan tərəfindən üçtərəfli bəyanatın pozulmasıdır!", - deyə, Leyla Abdullayeva qeyd edib.
MoD of #Azerbaijan reports on provocation by the armed forces of #Armenia near the borderline in #Kalbajar direction. A group of Armenian saboteurs tried to enter the territories of #Azerbaijan.
— Leyla Abdullayeva (@LAbdullayevaMFA) May 27, 2021
It"s yet another provocative act & violation of trilateral statement by Armenia!
Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılıq əldə olunub.
Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.
Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.
Həmçinin oxuyun:
* Ermənistanın iki kəşfiyyat-diversiya qrupu dövlət sərhədimizi iki istiqamətdə keçib - MN
* Azərbaycan-Ermənistan sərhədində insidentin səbəbi Rusiya XİN-in gözü ilə
* Paşinyanın bu sözləri aləmi qatacaq: Azərbaycan-Rusiya sərhədində də...
* Zərif Ermənistan-Azərbaycan sərhədi haqda: Qısa zamanda sülh yolu ilə həll etmək lazımdır