BAKI, 24 may - Sputnik. Azərbaycanı avrokuboklarda təmsil edəcək bütün futbol klublarının adına aydınlıq gəlib.
"Report"un məlumatına görə, son olaraq ölkə kubokunun finalında "Sumqayıt"a 2:1 hesabı ilə qalib gələn "Keşlə" Konfrans Liqasında iştirak hüququ qazanıb.
Premyer Liqanı 39 xalla 3-cü pillədə bitirən Sumqayıt təmsilçisi də 57 xalla ikinci olan "Qarabağ"la birlikdə həmin turnirə qatılacaq.
59 xalla çempion olan "Neftçi" Çempionlar Liqasında çıxış edəcək. Komandaların hamısı I təsnifat mərhələsində başlayacaq.
Qeyd edək ki, yarımçıq dayandırılmış ötən mövsüm də avrokuboklara eyni komandalar vəsiqə qazanmışdı. Fərq bunda idi ki, "Qarabağ" Çempionlar Liqasında, "Neftçi", "Keşlə" və "Sumqayıt" isə Avropa Liqasında iştirak hüququ əldə etmişdi.