CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Robert Sekuta: “Azərbaycan və Ermənistan arasında sülh yaranmasını istəyirik” - FOTO

“İstəyirəm ki, yenə buraya gələk və ABŞ olaraq hər iki xalq arasında sülh yaradaq. Biz bunu dünyanın başqa yerlərində də eləmişik. Düşünürük ki, burada oynadığımız rol çox vacib və yaxşı olacaq” - Robert Sekuta
Sputnik

BAKI, 22 may — Sputnik, Emin Əlisahib. Tərkibində ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta, Michaell Repass, Rocet Kangas və Uermey Cohen olan ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”nin nümayəndə heyətinin Ağdama səfəri başa çatıb. 

Sputnik Azərbaycan-ın məlumatına görə, qonaqlar Ağdam səfərinin yekununda Qarabağ xanı Pənahəli xan tərəfindən inşa etdirilmiş memarlıq abidəsində, Ağdamın Şahbulaq qalasında da olublar. Bildirilib ki,  erməni vandallığı nəticəsində qalanın əsas divarlarından əsər-əlamət qalmayıb. Ermənilər bu abidəyə də xələl yetirməklə tariximizi silməyə çalışıblar.

“Biz buraya gələrək, vəziyyəti öz gözlərimizlə görmək istədik. Amma Ağdamda gördüklərimiz bizi dəhşətə gətirdi. Burada gördüyümüz mənzərə ürəkağrıdıcıdır. Bu dağıntılar insanların həyatına qarşı təcavüzü göstərir. Bir məsələ yaxşıdır ki, artıq bu ərazilər işğaldan azad olunub. Azərbaycanın bu ərazilərdə suverenliyi bərpa edilib. Ağdamda yaşananlar çox üzücüdür”. 

Bu fikirləri ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta jurnalistlərə açıqlamasında bildirib. 

Robert Sekuta: “Azərbaycan və Ermənistan arasında sülh yaranmasını istəyirik” - FOTO

Robert Sekuta Ağdamda gördüklərindən sonra  azad olunmuş ərazilərin bərpasının xeyli zaman alacağı qənaətində olduğunu da bildirib: “Azərbaycanın öz ərazilərində suverenliyini bərpa etməsi yaxşı haldır. Lakin bu ərazilərin bərpası xeyli zaman alacaq. Biz Azərbaycan və Ermənistanın tezliklə mehriban qonşuluq, sülh şəraitində yaşamalarını arzulayırıq. Buraya gəlişimiz çox maraqlı oldu. Ağdamın yenidən tikilməsi, rekonstruksiyası və bütün proseslərin başa çatmasını böyük səbirsizliklə gözləyirəm”.

O bildirib ki, Ağdama gəlməzdən əvvəl ona dağıntıdan bəhs ediblər: “Lakin buraya gəldikdən sonra dağıntının miqyasının geniş olduğunu gördüm. Bu, adamı daha da heyrətləndirir, buna baxmayaraq, ümidlər var. Bir neçə gün əvvəl təsadüfən Nizami Gəncəvi Mərkəzində Prezident İlham Əliyevlə bir yerdə olduq və onunla danışığımda ABŞ-ın Azərbaycanla Ermənistan arasında necə sülh yarada biləcəyi və onu necə inkişaf etdirməsi haqqında bir neçə sual verdim. Bu, bir az vaxt alacaq. Bu iş səbr tələb edir, lakin istəyirik ki, Azərbaycan və Ermənistan xalqları arasında sülh yaransın və qalsın”.

Robert Sekuta: “Azərbaycan və Ermənistan arasında sülh yaranmasını istəyirik” - FOTO

Keçmiş səfir gələcəyə çox böyük ümidlərinin olduğunu da bildirib: “İstəyirəm ki, yenə buraya gələk və ABŞ olaraq hər iki xalq arasında sülh yaradaq. Biz bunu dünyanın başqa yerlərində də eləmişik. Düşünürük ki, burada oynadığımız rol çox vacib və yaxşı olacaq”.

Eləcə də oxuyun:

* ABŞ-ın Azərbaycandakı keçmiş səfiri: Ağdamda gördüklərimiz bizi dəhşətə gətirdi - FOTO

* Ağdamın daha bir azad olunmuş kəndinin görüntüləri yayıldı

* Putinlə Ərdoğan Ağdamdakı mərkəzi müzakirə etdilər