Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 21 fevral — Sputnik. "Avtoxuliqanlıq anlayışı dəqiqləşdirilir. Avtoxuliqanlığa görə sui-istifadələr baş verirdi və əsassız cərimələr, cəzalar təyin edilirdi. Artıq yeni dəyişikliyə əsasən, bu anlayış nisbətən konkretləşir". Bunu hüquqşünas Azər NağıyevSputnik Azərbaycan-a İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdən danışarkən deyib.
Hüquqşünas bildirib ki, avtoxuliqanlığa görə cəzalar isə əvvəlki kimi qalıb: "Avtoxuliqanlıq, mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərdir".
O qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinin 511-ci maddəsinə təklif edilən dəyişikliyə görə, sürücü aşağıdakı əməlləri törətdikdə avtoxuliqanlıq etmiş sayılacaq: "aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışı həyata keçirildikdə, mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edildikdə, mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səsləri çıxardıqda və ya yolun səthində çoxsaylı təkər izləri buraxdıqda".
Başqalarının 100 minlik maşınla etmədiyini "Zapı" ilə etdi>>
"Bu qərəzli hərəkətlərə görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 500 manatdan 750 manatadək cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, 15 gündən 1 ayadək inzibati həbs tətbiq olunur", - deyə o qeyd edib.
A.Nağıyev deyib: "Bu hərəkətlərin yolda müəyyən edilmiş hərəkət sürəti həddini 60 km/saatdan artıq aşmaqla törədilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 2000 manatdan 4000 manatadək cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 aydan 2 ayadək müddətə inzibati həbs tətbiq olunur".
"Bu hərəkətlərin inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla, 750 manatdan 1000 manatadək cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 aydan 2 ayadək müddətə inzibati həbs tətbiq olunur", - deyə hüquqşünas əlavə edib.
Qeyd edək ki, bu dəyişikliklər Milli Məclisin plenar iclasında ikinci oxunuşda qəbul edilib.